Xəbərlərimizin arxivi

İvanişvilinin məsləhətçisi “Gündəlik Teleqraf“a danışdı

Əli Babayev: “Bizə elə adamlar lazım deyil ki, dövlət idarəsində Facebooka girib vaxt keçirsinlər”

“Deputatlarımızın heç biri gürcü dilini bilmirdi”

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə əsas mübarizə Vahid Milli Hərəkat Partiyası ilə “Gürcü arzusu” koalisiyası arasında gedib. Seçkinin nəticələrinə görə, prezident Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası uduzub, müxalifətçi milyarder “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili isə qələbə çalaraq baş nazir olmaq imkanı əldə edib. İvanişvilinin baş nazir olacağı illərdə azərbaycanlıları nələrin gözlədiyi isə bizim üçün olduqca ciddi məsələdir. Bu yöndə suallara “Gürcü arzusu” blokunun azərbaycanlılar üzrə koordinatoru, Məsləhət Şurasının üzvü Əli Babayev suallara cavab verib. 

- Əli müəllim, Gürcüstanda parlament seçkiləri başa çatıb və sizin də üzv olduğunuz “Gürcü arzusu” bloku seçkini udub. Seçkiləri və vəziyyəti necə qiymətləndirirsiniz?

- Nəhayət, Gürcüstanda Saakaşvilinin yaratmaq istədiyi diktatura rejiminə son qoyuldu. Gürcüstanda parlament seçkilərində gürcü xalqı “Gürcü arzusu” blokunu dəstəklədi. Blokun parlamentdə 97 deputatı təmsil olunacaq. Artıq səslərin 97 faizi sayılıb. Biz hesab edirik ki, blokumuzun parlamentdə 100 deputatı olacaq. “Gürcü arzusu” blokunun seçkidə qalib gəlməsi həm də onu göstərir ki, xalq indiki hökumətdən narazıdır. 

- Azərbaycanlılar bu seçkidə kimə daha çox dəstək verib?

- Seçkilərin nəticəsinə görə, bizim blokdan iki azərbaycanlı deputat seçilib. Bunlar Əli Məmmədov və Mahir Dərzəliyevdir. Hakimiyyət partiyasından isə Azər Süleymanov deputat seçilib. Azər Süleymanov 8 il deputat, dörd il isə qubernatorun müavini vəzifəsində çalışıb. Əlbəttə, Marneuli rayonunda seçkilərdə saxtakarlıq edilib, karusel əməliyyatı həyata keçirilib. Azər Süleymanov da həmin dairədən deputat seçilib. Bəzən evlərə gedib deyirdilər ki, gedin seçkiyə, sıradakı beşinci şəxsə səs verin. Biz hesab edirik ki, bu yolverilməzdir. Təəssüflər olsun ki, Borçalıda belə hal baş verdi. İkincisi, bizim deputat korpusunda olan şəxslərə böyük ümidlərimiz var.

- Belə bəlli olur ki, parlamentdə borçalıları 3 azərbaycanlı deputat təmsil edəcək. Bəs bu günə qədər Gürcüstan parlamentində bu sayda azərbaycanlı deputat təmsil olunubmu?

- Təsəvvür edin ki, Şevardnadzenin zamanında Gürcüstan parlamentində 7 deputatımız var idi. Saakaşvilinin vaxtında 3 deputat oldu. Bu deputatların heç biri gürcü dilini bilmirdi. İndi də həmin vəziyyətdəyik və cəmi 3 deputatımız var.

- Yeni parlamentə neçə erməni deputat təmsil olunacaq?

- İş ondadır ki, 3 erməni deputatı da seçilib. Bir erməni majoritar, ikisi isə proporsional sistem üzrə mandat qazanıb. 

- Gürcüstanda azərbaycanlıların sayı ermənilərin sayından çoxdur. Bu halda necə ola bilər ki, hər iki tərəfdən cəmi 3 deputat seçilsin?

- Əlbəttə, azərbaycanlıların sayı çoxdur. Gərək ictimaiyyət aktiv olsun ki, biz irəli gedək, statusumuz olsun və s. Amma görürsən ki, Əli Babayev və Elbrus Məmmədovun yazdıqlarına hökumətin münasibəti bir yana, heç özümüzünkülər də ciddi reaksiya vermir. Ermənilər həmrəylik nümayiş etdirir və tələblərində sona qədər aktivlik göstərirlər. Ancaq biz tələb səsləndirən zaman yerdə qalanlarımız deyir ki, “əşi bu lazım deyil”. Gərək Gürcüstan parlamentində 15-17 azərbaycanlı deputat olsun. Azərbaycanlıların kompakt yaşadığı ərazilərdən azərbaycanlı deputat seçilməlidir. Saya baxanda azərbaycanlılar Gürcüstanda ikinci yerdədir. Bizdə də proseslər zəif gedir. Problem ondadır ki, biz gürcü dilini öyrənməmişik. Təsəvvür edin ki, Gürcüstanda yaşayan azərbaycanlıların 90 faizi gürcü dilini, qanunları bilmir. Biz özümüzdən razı millətik, amma siyasi proseslərdə daima geri çəkilirik, öndə getməklə aramız yoxdur. Bir də ən pisi odur ki, illərlə hakimiyyətdə olan insanlar demokratiya nədir bilmirlər. Elə milləti də qanunsuzluğa aparan bunlardır. Gürcüstanda yeni baş nazirin kabineti formalaşandan sonra bu adamların fəaliyyətinə son qoyulacaq. Regionlarda da, öz dilinə və mədəniyyətinə hörmət edən şəxslər vəzifəyə təyin olunacaq. Beləcə gələcəkdə azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasının əsası qoyulacaq. Biz bu günə qədər inteqrasiya prosesində irəli deyil, geriyə getmişik. 

- Əli müəllim, hazırda “Gürcü arzusu” bloku seçkini udub və çox güman ki, hökuməti də sizin blok formalaşdıracaq. Bəs sizin dövrünüzdə bu problemlər həll ediləcək, yoxsa əvvəlki iqtidarlar kimi verilən vədlərə əməl edilməyəcək?

-Yox! Mən İvanişvilinin Məsləhət Şurasının üzvüyəm. Mən bu şurada azərbaycanlıların problemlərini qaldırmışam. Ona görə də cənab İvanişvili məndən xahiş etdi ki, deputatlığa namizəd olmayım. Onun yanında olum və azərbaycanlıların problemlərinin həlli istiqamətində yardımçı olum. Mən həmişə demişəm ki, əgər mənim azərbaycanlılarımın problemi azalmaq əvəzinə çoxalsa, hər bir hakimiyyətə müxalifətdə olacağam. Eləcə də İvanişviliyə. Mən açıq deyirəm. Biz dəstək verdiyimiz adama ona görə səs veririk ki, ümidimiz var. Saakaşvili hakimiyyətə elə başladı ki, biz düşündük yaxın bir il müddətinə problemlərimiz həll olunacaq. Amma bir ildən sonra vəziyyət daha da pisləşdi. Nəticədə xalqımız çətin vəziyyətdə yaşamağa məcbur oldu. Bu da Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiyasına rəvac verdi. Bu gün Azərbaycan kəndlərinin 30 faizi boşdur. Hamısı Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya və Belarusa gediblər. Bu problemi aradan qaldırmaq üçün vacibdir ki, ciddi işlər görülsün. Yeri gəlmişkən, biz Gürcüstandakı azərbaycanlıların bütün problemlərini dərindən öyrənib sənəd hazırlamışıq. İvanişvili baş nazir postuna gəldikdən sonra bunu ona təqdim edəcəyik və problemlərin həllinə başlayacağıq. Təbii ki, gələcəkdə nə qədər imkan olsa, ondan yararlanacağıq. Biz çalışacağıq ki, xalqın sosial-iqtisadi vəziyyəti düzəlsin, inteqrasiya baş versin. Bilirsiniz, Saakaşvili hakimiyyəti dinimizi də ayırdı. Biz Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tərkibində idik. Amma Saakaşvili iqtidarı bunu bizə çox gördü. Elə içimizdə də ayrılıq var. Bəzən sünni-şiə məsələsi gedir və s. Eləcə də işsizlik var, torpaqlarımızı əlimizdən alırlar. Yuxarıdan nə deyilirsə, məhkəmələr də onu edir. Bütün bu problemlərdən çıxmaq üçün addımlar atmalıyıq. Biz hər yerdə məntəqə qurmuşuq. Hazırda Gürcüstan azərbaycanlılarının Məsləhət Şurasını yaradırıq. Hər bir kəndin problemini müzakirə edib hökumətə təqdim edəcəyik. Biz bu prosesdə aktivik və bir ildən sonra müəyyən nəticələr əldə edəcəyik. Yəni problemlər azalacaq. 

- Sizin blokunuz Borçalıdan neçə faiz səs alıb?

- Hələlik səslər tam sayılmayıb. Mən özüm kənd-kənd gəzib insanlarla söhbət etmişəm. Azərbaycanlıların kompakt yaşadığı ərazilərdən “Gürcü arzusu” bloku 50-60 faiz səs alıb. Bu ciddi hadisədir. Gürcü millətinin ümidi kimi, azərbaycanlıların da ümidi var ki, vəziyyət yaxşı olacaq. Biz ayrıca konsepsiya hazırlamışıq və bu sənəddə əsasən milli azlıqların hüquqları nəzərdə tutulub. Eyni zamanda kənd təsərrüfatı ilə bağlı dəyəri bir milyard olan proyekt var. Qazın, elektrik enerjisinin, səhiyyə xidmətinin qiymətləri aşağı salınacaq. Bu da insanlar üçün çox vacibdir. İki gün əvvəl mən xəstəxanaya gedib müəyyən analizlər verdim. Bunun üçün 200-300 lari pul xərclədim. Ancaq bizim konsepsiyamızda bunların hamısı pulsuz olacaq. 

- Kənd təsərrüfatı ilə bağlı bir milyardlıq proyekt kimindir və orada nə nəzərdə tutulur? 

- Söhbət Kənd Təsərrüfatı Fondundan gedir. Bu layihə İvanişvili tərəfindən hazırlanaraq illər əvvəl Saakaşviliyə təqdim olunub. Ancaq Saakaşvili hökuməti bu proyektdən imtina etdi. İndi bu proses aparılacaq. Yəni burada kənd təsərrüfatının inkişafı üçün 1 milyard dollarlıq fond yaradılacaq. Bu lazımlı və vacib məsələdir. Gürcüstan aqrar ölkədir. Ancaq təsəvvür edin ki, pomidor, xiyar və digər məhsullar Türkiyədən, İrandan gəlir. Bunun qarşısını almaq üçün yerli mal olmalıdır. Azərbaycanlılar da əsasən kəndlərdə və regionlarda yaşayır. Hesab edirəm ki, bu islahatın da azərbaycanlılara xeyiri olacaq. 

- İddialar var ki, müdafiə etdiyiniz İvanişvili Moskvanın adamıdır və onun iqtidara gəlməsi ilə Gürcüstanda Rusiyanın nüfuzu artacaq. Bu haqda deyilənlər nə dərəcədə doğrudur?

- Bu adam filan yerə bağlıdır kimi fikirlər qeyri-ciddidir. Digər tərəfdən, Saakaşvili kimin adamıdır? Gürcüstanda olan strateji obyektlər rusun əlindədir. İvanişvili Fransada yaşayıb. İndi bu o deməkdir ki, Fransanın adamıdır? Bu adam Gürcüstana gəlib. Onun heç bir ölkəyə marağı yoxdur. Həm də nəzərə alın ki, “Gürcü arzusu” blokunun qələbəsini ilk olaraq ABŞ-ın Gürcüstandakı səfiri, senatorlar, eləcə də Avropanın mötəbər beynəlxalq təşkilatları təbrik etdi. Ancaq şübhəsiz ki, Rusiya ilə də yaxşı münasibətlər qurmaq lazımdır. Çünki Rusiya Gürcüstan üçün birinci ən böyük bazardır. Gürcüstanın çaxırı, meyvəsi Rusiyada satılırdı. Ancaq bu gün həmin bazar bağlıdır. Bu bazarı yenidən açmaq üçün şübhəsiz ki, Rusiya ilə normal münasibətlər yaratmaq lazımdır. Bir sözlə, seçkidə qalib olan siyasi liderə Rusiyanın və ya Türkiyənin adamıdır demək doğru deyil. Demokratik hökumət ətrafında olan ölkələrlə gözəl münasibətlər yaratmağı bacarmalıdır. 

- İvanişvili hökumətinin Azərbaycanla münasibətində hansısa dəyişikliklər ola bilərmi?

- İvanişvili artıq ilkin açıqlama verərək Azərbaycanın Gürcüstan üçün dost və strateji ölkə olduğunu bəyan etdi. Bu bizim üçün vacibdir. Çünki Azərbaycan-Gürcüstan əlaqələri tarixi əlaqələrdir. Digər tərəfdən, Gürcüstana Azərbaycan böyük investisiya qoyub. Bu ölkələr bir-birinə vacib ölkələrdir. 

- İvanişvili hökumətində azərbaycanlı təmsil olunacaqmı?

- Gürcüstan parlamentində bu günə qədər 3 azərbaycanlı deputat var idi. Eləcə də prezidentin bir azərbaycanlı köməkçisi fəaliyyət göstərirdi. Ancaq bu adamlar indiyə qədər bir iş görməyiblər. Bizə belə insanlar lazım deyil. Bizə elə adamlar lazımdır ki, hökumət strukturlarında iştirak edib xalqın gürcü cəmiyyətinə inteqrasiya etməsi üçün iş aparsın. Bizə elə adamlar lazım deyil ki, dövlət idarəsində Facebooka girib vaxt keçirsinlər. Təbii ki, bizə lazım olan kadrlar tapmaq çətin olacaq. Çünki savadı olan insanlarımız Azərbaycana və kənara gediblər. Mən artıq xaricdə yaşayan savadlı borçalılara müraciət etdim ki, geri dönsünlər. Bizdə kadr var, amma onlar illər boyu işsiz qalıblar və formalarını itiriblər. İndi axtarsaq təxminən 150 nəfər ancaq tapılar. Ancaq biz belə insanları tapacağıq. Şəxsən mənə lazım deyil ki, gedib vəzifə alıb kabinetdə oturum, amma millətimin də problemləri durmadan artsın. Buna heç vaxt dözmərəm. 

Nemət Hüseynli
Tarix: 01.01.1970