Danabaş kəndinin qadınları

Neçə vaxtdır dostlar, qohum-əqrəba irad tutur ki, neqativ şeylərdən yazırsan, özünü də pis eləyirsən, camaatı da. Deyirlər, boş ver...


Bəlkə də, düz deyirlər. Guya mən hansısa sosial-ictimai problemi özümə dərd eləyəndə, ondan  yazanda nə dəyişir? Uzaqbaşı deyirlər ki, sən xalxın qızlarını yoldan çıxarırsan, niyə qoymursan ər evində namus-izzətlə hər şeyə dözüb axırda da döyülüb-öldürülsünlər?


Məsələn, ər evində döyülən qızının ağzının qanı qurumamış geri qaytaran atadan nə yazasan? Gəlinini hər gün döyən qayınatadan nə qaralayasan? Oğlunun ailəsini dağıtmaq istəyən qayınanadan, qardaşının arvadına yağı kəsilən baldızdan nə söhbət açasan? 


Bilirəm, sinəsi dağlı atanın adını qatillərlə yanaşı çəkməklə tərəzinin gözünü bir az əydim, amma adamın ürəyi yanır, vallah. Hər dəfə günahsız yerə döyülüb-söyülən, ər təpiyinə dözməyib ölən zavallı qadınları görəndə boğuluram. Onları “ər evi, gor evi” fəlsəfəsiylə böyüdən valideynlərin yaxasından yapışmaq istəyir adam: Bəs deyilmi, ay ata, bəs deyilmi, ay ana?!


Özünüz bu yaşa kimi kölə olmusunuz, kölə kimi yaşamısınız, yetməzmi? Körpəlikdə xoxandan qorx, uşaqlıqda atadan qorx, yeniyetmə çağı müəllimdən qorx, tələbə olanda dekandan qorx, sonra müdirdən qorx, ailə qur, indi də ərindən qorx... Bəs insan kimi nəfəs almaq? İnsan kimi yaşamaq, insan kimi yemək-içmək, insan kimi sevişmək? Axı, ömür qaraciyər deyil ki, çıxdaş olanda evi-eşiyi satıb dəyişəsən. Həyat adama bir dəfə verilir!Amma yox... Kölə istəyir - hamı kölə olsun. 


İşdə müdirindən asılı kişi arvadını kölə görmək istəməzmi? İstəyər! Ömür boyu nökər kimi, qul kimi yaşayan ata qızını kölə görmək istəməzmi? İstəyər!


Bu gedişə “dayan” demək istəyən, “qadın azad olmalıdır”, “insan azad olmalıdır” hökmü verən insan bunların gözünün düşmənidir! “Ərimlə dolana bilmirəm” deyib hər şeyə tüpürən qadını zərərsizləşdirmək, tabe eləmək üçün bir yığın kölə səfərbər olurlar. Ər yalandan peşman olur, qayınana-baldız “biz istəmirik ailə dağılsın” deyir, qayınata yalandan bir siqaret yandırır, ata “ər evi, gor evi” deyir, ana ona züy tutur... 


Qadına qalan burnunun qanı olur. Hələ bir kənd icra nümayəndəsi də barışıqda iştirak eləyirsə, zəmanət verirsə, bəh, olur “Danabaş kəndinin əhvalatları”!

 

İnsanın ruhu, düşüncələri azad olmalıdır, bu, azadlığı əldə eləmək üçün insanlar Bastiliya qalasını yandırıb. İnsanlığı bu düşüncəyə gətirib çıxarmaq üçün dünyanın böyük yazıçıları, şairləri, alimləri filosofları qurban gediblər. 


İnsana fiziki işgəncə verməyin əxlaqsızlıq, mənəviyyatsızlıq, ədalətsizlikik, qaddərlıq, cəlladlıq olduğu barədə dünyada saysız-hesabsız hüquqi sənədlər, çıxışlar var. Amma bizim atalar, amma bizim kənd icra nümayəndələri deyirlər, Avropa qələt eləyir, bizim öz qayda-qanunlarımız var. O qanunlarla yaşayanda isə qadınlar savadısz, hüquqsuz,  nadan böyüyür. Savadsız, öz hüququnu bilməyən cahilin nəsibi isə bu dünyada ahu-zar olur. 


Ya ehtiyac, zülm, istibdad zəncirinə dözməyib intihar edir, ya da dayanmaq, dözmək istəyəndə onu döyüb öldürürlər.

 


Azərbaycan qadının qarşısında iki seçim var: Ya aydınların yazdığı, qoyduğu qaydaları seçəcək, ya da kənd icra nümayəndəsinin tövsiyəsi ilə burnunda qurumuş qan ləkəsi ilə qayıdacaq ər evinə – düz ölümün qucağına!


Seçim sənindir, Azərbaycan qadını!


Sevinc Fədai

 

Tarix: 08 Noyabr - 12:44 Sevinc Fədai
Yazar: Sevinc Fədai

Siçanlar elədi, siçanlar…

O Qağayı kimi uça bilməmək…

Danabaş kəndinin qadınları

Uçurumdan qoruyan qadın

“Ayna”dakı işıq – İbrahim Nəbioğlunun yubileyinə...

Müşfiq Dilbəri sevən kimi...

Suyumuzu bulandıran müəllimlər

YUĞ-un eşq yolu, iman yolu

Anam kimi...

Əxlaqsız kişinin amansız işgəncələri - "İçir, bizi qovub evə fahişə gətirir"

Xəbər lenti
Digər xəbərlər