Ölmək istəməyən çiçəyin nağılı

…Hamı soruşurdu ki, onu niyə atmıram?

 

…Üç-dörd ay əvvəl yarpaqları saralmağa başlamışdı, sonra töküldülər. Get-gedə budaqların ucu qurumağa, sərtləşməyə doğru getdi. Dibini yumşaltdım, dərman alıb üstünə püskürtdüm, xeyri olmadı. Bəlkə soyuqdur?  Daha isti yerə, mətbəxə keçirdim. Pəncərənin içinə yerləşdirdim.

 

Pəncərənin qarşısında kiçik masa qoyulmuşdu, mən demək olar həmişə burada nəsə edirdim, gah yemək hazırlayır, gah çay içir, gah da kağız-kuğuzlarla əlləşirdim.  Bura birbaşa gün işığı düşmürdü, amma  qaranlıq da deyildi...

 

Havalar daha da soyuyub qış düşəndə  anladım ki, çiçəyim həqiqətən quruyur. Heç bir kıpırtı, tərpəniş, cücərti yoxdu. Tökülmüş yarpaqlarının yerinə yeniləri gəlmirdi. Eşitmişdim  ki, belə olanda bitkiləri budamaq lazımdır. Etdim, faydasızdı. Daha da pis oldu, kiçik budaqlarından məhrum olan çiçək əlil arabasına sıxışdırılmış əlsiz-ayaqsız, çarəsiz adama oxşayırdı…

 

…“Qızım inistutdan çıxmalı oldu”- tanış qadın kədərlə pıçıldadı. Bir yas məclisində, yenicə dəfn edilməyə aparılmış mərhumun otağında yerdə, xalçanın üstündə necə qatlayıb  yerləşdirəcəyimizi bilmədiyimiz ayaqlarımızın dərdini çəkə-çəkə oturub bir-birimizə söykənmişdik. O, məni, mən onu yıxılmaqdan qoruyurduq. “İş yeri necə oldu?”- məsələnin niyə belə olduğu aydınıydı, “götürmədilər, deyir olanları çıxarırıq”… Ah çəkdi, barmaqlarına dolayıb didişdirdiyi yaylığının ucunu gözünə sıxdı, burada hamı ağlayırdı, “o cür çalışqan qız”…  “Nə edim, kimin üstünə gedim, çatdıra bilmirəm”…

 

“Söz ver!”-israrla təkrar edirdi…  “Haqqın yoxdur, söz verəcəksən!”…  Günəş üfüqdən yüksəlirdi, şüaları  təpələrin arasıyla qıvrılıb gedən asfalt yola dəyib qayıdırdı …  Gözümüzə düşən şəfəqlər bəzən yolu görməyimizi  çətinləşdirirdi…   Artıq əmindim, bilirdim ki, hər şey bitib. Amma  heç nədən qorxmurdum, huzurluydum, rahatdım.

 

“Söz ver!”-səs israrla təkrarlayıb dururdu…

 

…“Muradı gördüm - qızım dərsdən gəlib bir ayağı dəhlizdə, bir ayağı mətbəxdə səsləndi - yolun qırağında moyka var ha, ordaydı, işləyir deyəsən”…   Alsu ilk dəfə deyil ki, belə xəbərlə gəlir, bu qədim əyalət şəhərində həyatın qara üzüylə tanışlıq məktəb  yoldaşlarının bir-bir məktəbdən çıxıb hardasa işləməyə başlamasıyla  başlayıb…  “Məni gördü, utandı, üzünü çevirdi”…  O həmişə belə şeylərin dərdini çəkir, deyəsən heç nə edə bilməməyinə nifrət edir…  “Bir də görəndə səslə onu, nəsə de, bilsin ki, yeri görünür”…  “Yaxşı…”

 

…“Qabı yaxşıdır, təzədir”- qonağımla  mətbəxdə oturub  ordan-burdan nəsə danışırıq, dibçəyə  işarə edir - başqa çiçək əkmək olar, mən sənə təzə nəsə gətirərəm”.  Ürəyim sıxılır, “yox, o hələ sağdır, göyərəcək”…   “Allah eşqinə, mən nə zamandır bu dibçəyi bu halda görürəm, qup-qurudur, canlanacaq halı yoxdur, təzə qələm salmağın da yaxşı vaxtıdır”…  Pəncərədən çölə boylanıram, həyətdən mart günəşinin isidib əritdiyi, yuxarıdan tökülən  qar sularının  şıqqıltısı gəlir...

 

…“Belə ümidsiz olma, son yarpaq haqqında hekayəni oxudunmu?”…  “Oxudum, amma  mənim son yarpağın rəsmini  çəkəcək adamım yoxdur”…

 

…Barmaqlarımı kəsilib qısalmış, qup-quru iki budaqda  gəzdirirəm… Budana-budana ancaq bunlar qalıb.  Mənim quru çiçəyim heç nə demir…  İnadla susur…  Gözümün qabağında ölmüş anasının əlini buraxmaq istəməyən körpə canlanır…

 

Möcüzələr olmur…

 

Dodaqlarımı  budağa toxundururam, “mən  bilirəm, sən hələ sağsan”…

 

“Muradı gördüm-qızım gödəkçəsini çıxara-çıxara ardımca otağa gəlir-çağırdım, gəlməli oldu. Arıqlayıb, gözləri çuxura düşüb,amma  çox sevindi,  dərslərdən danışdıq,   ona testlər filan aparacam”…

 

Amma…-qızımın gözü yol çəkir-“əlində siqareti vardı, mən çağıranda kənara atdı…  Pis adamlara qoşulmaz, hə, səncə eləməz elə şey? Çox yaxşı oxuyurdu”…

 

…Pis insanlar yoxdur. Hər kəsin qəlbinin dərinliyində bir damcı da olsa işıq var. Amma  biriləri o işıqdan xəbərsiz gəlib gedir…  Hardasa bir düyün nöqtəsi var, mütləq var…  İşığın yolunu  açan və  qapayan  nöqtə… Nağıllardakı üç yol…  Gedib gələnlər var, amma  onlar çəkdikləri əzabı zəncirvari ötürməyə hazırdırlar…  Öz əzablarının əvəzini  ödədirlər…  Görəsən niyə?...

 

…“Mən bilirəm, sən diriləcəksən,  ən yaşıl yarpaqlarını göyərdəcəksən, ən gözəl çiçəklərini açacaqsan”- əlimdəki  meyvəni doğraya-doğraya çiçəyi  dilə tuturam-“düzdür qolunu-budağını kəsib atmışıq, amma  sən onları yenidən yarada bilərsən”…  Bu artıq asılılıqdır…  Daha öz dediyimə özüm də inanmıram,  amma nəğməmi oxumaqda davam edirəm…

 

…Bir dəfə bir evə getmişdik.  Yaydı, havalar  çox istiydi, yerdən göydən od qaynayırdı. Meşələrdə, dağlarda ağaclar susuzluqdan əziyyət çəkir,  yol kənarlarında vaxtsız xəzəllər  oynayırdı…  Nə  zamandı yağış yağmamışdı, arxlarda, bulaqlarda sular azalmışdı, fasiləylə verilirdi,  hamı əziyyət çəkirdi.  Qapıdan içəri keçdik, həyətin bir tərəfində, divarın dibində  sırayla beş-altı ağac boy vermişdi. Həyətin yaşıllığı qalmamışdı, ağaclar  susuzluqdan qurumaq üzrəydi.  Evin qabağına yaxınlaşanda  böyük bir hovuz diqqətimi çəkdi, içi suyla doluydu. Üstünün açıqlığından, üzündə yığılan zir-zibildən bəlliydi ki, yeməyə-içməyə, təmizliyə yarayan su deyil… Dönüb divarın dibindəki qurumaqda olan ağaclara baxdım…

 

İnsan amansızlığı təkcə əlinə balta alıb baş kəsməklə üzə vurmur…

 

İnsan amansızlığı bir də  o hovuzdan bir vedrə su götürüb ağacların dibinə tökməyi ağlına gətirməyən  düşüncənin  içində gizlidir…

 

O evin insanı haçansa çəkdiyi əzabın qəzəbini  bu  yolla  çıxarır içindən…

 

Ona haçansa suyu göstəriblər, amma  imkan verməyiblər içsin…

 

O divarın dibində quruyub ölməkdə olan ağaclar dağlarda, meşələrdə, yol kənarlarında  yanan ağaclardan bədbəxtdi…

 

Ölüm həmişə eyni şey deyil…

 

***

 

…Əvvəl  ən  dibdən kiçik bir tumurcuq puçurladı, sonra ikincisi, sonra üçüncüsü.  Pəncərənin o üzündəki albalı ağacının çiçəkli budaqları arıların  gəlişinə  hazırlaşırdı…

                                                   
     
     
    
     

Tarix: 08 Noyabr - 17:29 Hədiyyə Şəfaqət
Yazar: Hədiyyə Şəfaqət

Ölmək istəməyən çiçəyin nağılı

Xəbər lenti
Digər xəbərlər