İtmiş yazıçının sorağında

Bir hərəkatçı dostum demişdi: “Onun bir vaxtlar necə nüfuz yiyəsi olduğunu təsəvvürünə gətirə bilməzsən. İnan ki, istəsəydi, ən yüksək postu tuta bilərdi...”

 

Düzü, inanmamışdım, amma dostumun sözünü də çevirməmişdim. Demişdim yəqin öz gənclik sevgisini indiki gənclərin ayağına vermək istəmir.

 

Ona münasibətim üç mərhələdən ibarət olub:

 

İlk dəfə oxuyanda çox bənzərsiz, maraqlı təsir bağışlayıb. Dünyanın ən böyük, ən cəsarətli yazıçısı bilmişəm, demişəm, yəqin bizim Mirzə Cəlildən bu yana belə yazıçımız olmayıb.

 

14-15 yaşlı bir yeniyetmənin belə düşünməsində qəribə nə var ki?

 

Başqa yazıçıları oxuduqca, başqa adamlarla tanış olduqca, satirik yazıları gözümdən düşüb, primitiv təsir bağışlayıb, daha çox insan tənhalığı, çıxılmazlığı, keçmişin həqiqətiylə bağlı sarsıntılardan yazdığı povestlərini, hekayələrini bəyənmişəm.

 

Tutduğu posta həddən artıq “sədaqətli” olması, alternativ söz eşitmək istəməməsi məndə qıcıq oyadıb, bu fikirlərin yiyəsi necə yazıçı ola bilər deyə düşünmüşəm. Əsl ədəbiyyat təəssübkeşlərini, elə onun öz əsərlərini duyan, sevən, oxuyan adamları yox, yanındakı dələduz yaltaqları seçməsi məndə qıcıq yaradıb. Bütün yazdıqlarının üstündən qalın, qara bir xətt çəkmişəm. Onunla bir təşkilatda təmsil olunmaq istəməmişəm. (İndi də bu qərarımın lazımlı, vacib bir jest olduğunu düşünürəm).

 

İndi üçüncü mərhələdəyəm və arxayınam: elə yaşdayam ki, ədəbiyyatla, həyatla bağlı gəldiyim qənaətlər, yəqin, ömrümün sonuna kimi dəyişməz qalar, xırda-xuruş əlavələr, ədviyyatvari qatqılar heç nəyi kökündən silkələməz.

 

...Onun və nəsildaşlarının ədəbiyyata gəldiyi dövr elə bir vaxta təsadüf edirdi ki, Azərbaycan dilində yazılan romanların əsas qayəsi, məramı milli satqınlıqdan ibarət idi.

 

Özü də bunu yazan adamlar elə-belə, küçədən keçən avaralar deyildi, döşü orden-medallı, insafla desək, yetərincə istedadı olan yazıçılar idi. O yazıçıların ədəbi nüfuzuna qarşı çıxmaq üçün doğrudan da, qurd ürəyi yemək lazım idi. Onda Yazıçılar Birliyindən istefa verib, Yazıçılar Birliyindən az fərqlənən yerlərdə baş girləmək olmurdu.

 

O və nəsildaşları iki böyük Azərbaycan yazıçısının – İsa Hüseynov və Sabir Əhmədlinin başladığı yeni dalğanı ədəbiyyatda tendensiyaya çevirə bildilər. Bu işə tək istedadın gücü çatmazdı. Gərək nüfuzlu şairin, bir qələm adamının tuta biləcəyi bütün vəzifələri tutan kişinin oğlu ədəbi generalitetin yox, yenilikçilərin tərəfində dayanaydı. Dayandı da!

 

Bu mövqe Azərbaycan ədəbi düşüncəsinə, ictimai fikir tarixinə bizə hələ yüz illər lazım olacaq dəyərli əsərlər, publisistik yazılar, filmlər, ədəbi dərgilər qazandırdı.

 

Bəli, onun təkcə öz yazdığı əsərlərdə payı yoxdur, onunla bir dövrdə yazıb-yaradanlar, indi hərəsi bir dərədə olsa da, biri etiraf edib, biri etməsə də, məhz onun liderlik etdiyi, hər zəhmətinə qatlaşdığı ədəbi hərəkatdan çıxıblar.

 

Bu gün o adam yoxdur, itib.

 

Yəqin kiməsə qəribə gələcək: nüfuz dairəsində qəzetlər, jurnallar olan, istədiyi vaxt televiziyada çıxış eləyən, filmləri, tamaşaları mütəmadi göstərilən, ən əsası da böyük bir ədəbiyyat təşkilatına 30 ildir rəhbərlik edən adama neçə itmiş demək olar?

 

O itibsə, bəs haqqı yeyilən, qəzet-sayt köşklərində, dəftərxana künclərində gizlənən, bir tikə çörəkpulu qovğası verən yazıçıları hara yazaq?

 

Ancaq yox, məncə, hər şey onun itməyindən başlayıb, o, itməsəydi, o, mənəvi müvazinətini qorusaydı, bu gün məsuliyyətlə deyirəm, tək Azərbaycan ədəbiyyatında yox, bütövlükdə ictimai-siyasi həyatımızda çox daşlar yerinə oturardı, çox adamlar ona baxıb düzülərdi, çox adamlar onun məşəlindən od götürərdilər. Necə ki vaxtilə götürüblər.

 

Amma bu gün nəinki ciddi ədəbiyyat adamları, hətta iki cümləni dalbadal düzə bilməyən ağzıqatıqlı gədə də onu asanlıqla tənqid edir, edə bilir. İstedadlı, ədəbiyyata yeni hava gətirmək istəyən gəncləri, yaltaqlıqdan boyun qaçıran yazı-pozu adamlarını özündən, yazıçıların ocağından perik salmağın bədəlidir bu!

 

Niyə belə elədi, axı, bu başıdaşlı millət ha deyəndə onun miqyasında yazıçı, onun kimi ziyalı yetişdirə bilməyəcək.

 

Uzun illərdir ədəbiyyatımız vaxtilə mövcud olmuş, mütərəqqi düşüncəli, milli fikri formalaşdıran yazıçısını, ziyalısını axtarır, amma o, yoxdur, keçmişdə qalıb. Keçmişdə yazılan dəyərli əsərlərinin qəhrəmanları kimi xatirələrin, yaddaşın ağrısı, sızısı ilə yaşayır. Dostlarından danışanda kövrəlir, gənclik illərini ən şirin nəğmə kimi yada salır...

 

Bəlkə, özü də illərin o tayında qalmış yazıçını, stilyaqa oğlanı, avanqard düşüncəli redaktoru axtarır?

 

Hanı, hara gedib, harda itib?

 

Yanında bu suallara verməyə adam qalıbmı? İnanmıram. Kabab iyinə gələnlər bilsəydi ki, bu dünyada beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki?..

 

 

 

Tarix: 11 Noyabr - 15:38 Mövlud Mövlud
Yazar: Mövlud Mövlud

Töhmət

Vaqif Bayatlıyla “Monolit”də görüş

İtmiş yazıçının sorağında

Murad niyə yazmaq istəmir?

Əli bəy, Mirzə Cəlil, qusarlı Sərdar

Sovet Azərbaycanı qəzetlərini vərəqlərkən. 18-24 sentyabr - Məmməd Süleymanov

Mandelanın azanı

Vaqif İbrahimoğlu və Georgi Hacı

Dayısı şəhid olan qıza namaz öyrətmək

Prezident ailəsinin yeni şəkilləri yayıldı

Xəbər lenti
Digər xəbərlər