O, altıncı mərtəbədədir...

(Mövlud Mövluda)

 

Hamımız bir damın altındayıq. Amma bədbəxtçilik ondadır ki, bir damın altında yaşadığın adamı görməyəsən, onu itmiş sayasan. Kərbəlayi İsmayılın sözü olmasın, o təpiklər sənə dəysəydi, sən nəinki ədəbiyyatda, heç onun həndəvərində də olmazdın.

 

Sən dediyin adam, dostum, nəinki nəsildaşlarına, həm də özündən sonra gələnlərə yaxşılıq edib. Onun yanında istedadlı adama həmişə yer var. Ola bilsin kimsə ondan daha nələrisə umur, amma onun gücü çatmır. İnsan Tanrı deyil axı. Heç Tanrının özü də hamının işinə yaraya bilmir.

 

Bilirsən, dostum, bir rus qadını onu axtarırdı. Soruşduq ki, neynirsən? Dedi ki, pul qabımı itirmişəm, istəyirəm polisə tapşırsın, onu mənə qaytarsınlar. Həmin qadının pulunu o öz cibindən də verə bilərdi, amma burda yox idi. 

 

Həyatda elə şeylər var ki, onu qazanmaq çətin, amma itirmək daha asandır. Bu adam nə atasına güvənib, nə də anasına. O başqa məsələ ki, ata-anasına görə ona hörmət ediblər. Amma o qədər məşhur, vəzifəli adamların övladları olub, indi də var ki, içi çürük qoz kimidirlər. Hər kəs nüfuzunu özünə görə qazanır.

 

O, yeganə adamdır ki, əlində bu qədər səlahiyyəti, ölkədə o qədər nüfuzu ola-ola heç nəyin yiyəsi deyil: nə obyektləri var, nə villaları. O, gözü və könlü tox adamdır. Üstünə diləyə getsən, imtina eləməz. Əgər varıysa səninlə bölüşər, yoxuysa, düzünü deyər. Bu cür adamları, dostum gündüz çıraqla axtararlar. Amma neyləsin ki, indi zəmanə dəyişib, yazıçının o nüfuzu yoxdur artıq. Hər şeyi açıq demək olmur, dostum. Dil insana ona görə lazımdır ki, fikirlərini gizlədə bilsin. Amma o, həmişə düzünü deməyə çalışıb. Bəzən isə yalan danışmamaq üçün susub.

 

Heç nə itirilməyib. İtən indiki nəslidir, çünki dəyərlərini qoruya bilmir, dəyər yaradan adamlara isə daim daş atır.
Bir dəfə ona dedim: bu yazıları oxumayın. O da cavab verdi: Necə oxumayım, oxumasam da, gəlib mənə deyirlər. Bədxahlar həmişə adama pis xəbəri çatdırar, xoş niyyətlilər yaxşı xəbəri.

 

Bir səhər yanına getdim:

 

- Qanınız qaradır, - dedim:

 

O bir qəzeti qabağıma qoydu. Həmin qəzetdə onu yersiz və nadancasına təhqir etmişdilər.

 

-Hər səhər adama bir qaşıq zəhər içirtsələr, halı necə olar?

 

Mən cavab vermədim. Çünki cavabım yox idi. Amma onun haqqında yazdım. Yazdım ki, bir zaman gələcək, hamı o böyüklükdə insana çamur atmağın bədəlini ödəyəcək. Deyirsiniz yel qayadan nə aparar? Aparar: üzünü oya-oya aparar. Böhtan, acı sözlərlə adamın əsəbini də, sağlamlığına da almaq olar. Pis adamlar bu dünyadan gedəndə dünya işıqlanır, yaxşılar gedəndə qaranlıqlaşır. Onda bayaq dediyim çıraq da kara gəlmir.

 

İndi də yazırsan ki, hardadır o? Yoxdur! Var əzizim, sadəcə onu görmək lazımdır.

 

Yuxarıdan aşağıya düş və başını yavaş-yavaş qaldırıb altıncı mərtəbəyə bax. Bax onda həmin əzəmətli adamı görəcəksən.

 

Düşün göylərdən, dostlar. Öncə yeriməyi öyrənin, uçmağı məşq eləməyə hələ çox var...

 

Bir də beş mərtəbəli evin altıncı mərtəbəsi olduğuna inanın. O, həmin mərtəbədədir...Yeddinciyə də çatacaq...

 

12.11.2016

 
Tarix: 12 Noyabr - 08:27 Elçin Hüseynbəyli
Yazar: Elçin Hüseynbəyli

O, altıncı mərtəbədədir...

Xəbər lenti
Digər xəbərlər