O Qağayı kimi uça bilməmək…

Xeyli vaxtdır balaca qara balığın hekayəsi düşündürür məni. Eyni məişət rutinləri və qayğıları ilə bitən günün sonunda Səməd Behrənginin səsini eşidirəm, onun “Balaca qara balığ”ını vərəqləyirəm: “Ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Balıqların çoxu həyatını boşu-boşuna keçirməkdən gileylənir. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?..”

 

Başqa dünya axtarışına çıxan balaca qara balığı Balıqudan udur və nağılda deyildiyi kimi, indiyə qədər də ondan bir səs-soraq yoxdu. Mənsə hər yerdə onu axtarırdım, bəlkə sağdır deyə.

 

Belə bir vaxtda dadıma “Conatan Livinqston adlı qağayı” yetişdi. Onu amerikalı yazıçı Riçard Bax yazıb, qəhrəmanına da oğlunun adını verib. Qağayılar məni həmişə cəlb eləyib, amma bu kitabı oxumaq istəyim məhz onun annotasiyası ilə tanış olanda yarandı: “Bu, bir qağayının mübarizə hekayəsidir, məhdudiyyətlərlə, “olmaz”larla barışmayan, yalnız yemək üçün uçmaq istəməyən, daim yüksəklərə can atan və nəhayət, buna nail olan bir Qağayının, həm də hər birimizin içində yaşayan gerçək bir Qağayının”.

 

Bu gənc Qağayı min illik ətalətlə, qaydalarla barışa bilmir. Qanadların qarın doyurmaq üçün deyil, uçmaq üçün olduğunu başa düşür. Elə bu qanadlarla da daha uca məqsədlərə, nirvanaya can atır. Düzdür, o bu uçuş üçün ağır sınaqlardan keçməli olur, Balaca qara balıq kimi ona da birinci öz anası qarşı çıxır. Qağayı üsyankarlığına görə dəstədən qovulur. Onun daha ucalara, daha sürətlə uçuş arzusunu başa düşmürlər, soruşurdular, niyə, Con, axı niyə? Dəstədəki başqa quşlar kimi olmaq bu qədərmi çətindir?

 

Çətiniydi. Amma bu çətinlik Qağayının əzmini qıra bilmir. Düzdür, o bir ara taleyin hökmünə baş əymək istəyir, bu, hamının ürəyincə olacaqdı. Yəni adi bir qağayı olmaq… Yox, o, adi qağayı ola bilmir, gözlərini qıyır və küləyi yarıb keçir. 

 

Onun qovulduğu sürü isə anlamırdı ki, min illərdir balıq başı tapmaq üçün vurnuxurlar, amma indi yaşamaq, kəşf etmək, azad olmaq vaxtıdır. Onlar Qağayı kimi uça bilməyin onlara necə şərəf və sevinc gətirəcəyinə inanmaq istəmirdilər, bu da başqa dünyanı görməkdən imtina ettmək idi. 

 

Qağayı isə Göy üzünə ucaldıqca Yer kürəsindəki həyatı ilə bağlı xatirələri azalırdı. Artıq yem uğrunda vurnuxmağı, dəstədən qovulmağı, sadəcə, dumanlı şəkildə yada sala bilirdi. O, ancaq bir şeyi bilirdi: Göy üzündə onu qəbul edirdilər və bura onun üçün Vətən idi. Və Günəşin nə vaxt doğduğunu xatırlamayacaq qədər uzun günlər başlayırdı.

 

O, bu uçuş sayəsində yeməkdən, savaşdan, dəstədəki hakimiyyətdən daha ümdə həqiqətləri dərk etmək üçün lazım olan min ömrü keçir. Öyrənir ki, ərş məkan və zaman deyil, kamillikdir. Eyni vaxtda hər yanda yaşamaq olur, lap istəsən cənnəti də görə bilərsən. Ən çətin və ən gözəl olanı məhəbbətin və xeyirxahlığın mənasını anlayır. Yer üzünə qayıdıb həqiqətini onu axtaran başqa qağayılarla, ondan min mil uzaqda olanlarla da bölüşmək istəyir, bu, onun üçün məhəbbətini ifadə etməyin bir üsulu idi. Və o artıq sümük və lələk yığını deyildi, heç bir həddə sığmayan azadlığın özü idi.

 

Beləcə, geriyə qayıdıb bu azadlığı axtaran digər qağayılara da özü kimi uçmağı öyrədir. Qanun bu quşlara deyirdi ki, olduğun yerdə qal, Conatan isə deyirdi get. Deyirdi düşüncənizi buxovlayan zəncirləri qırsanız, bədəninizdəki zəncirlərdən də qurtulacaqsınız. Əsl qanun odur ki, azadlığa aparır. Başqası yoxdur. 

 

Dəstəsi Conatanı “İblis” adlandırır. Onlar başa düşə bilmir ki, onu öldürmək istəyən bir yığın quşa necə məhəbbət bəsləyə, uçmağı öyrədə bilər? Conatana görə isə sevgi, başqalarında yaxşı cəhətləri görmək və özlərinin də bunu görməsi üçün onlara kömək etmək idi. 

 

…O, artıq olduğu yeri tərk edə bilərdi. Artıq Conatanın arxasınca minlərlə qağayı uçurdu. İşığa doğru yol almaq üçün göylərə ucalan minlərlə qağayı…

 

Bütün bunlar kitabın üç fəslində baş verir. Amma yazıçı əsəri çap etdirəndən 50 il sonra kitaba dördüncü fəsli də əlavə edir. Bu fəsildə Conatan haqqında ayinlər uydurulur, əfsanələr qoşulur. Bu ayinlərə uyan qağayılar onun kimi uçmağı öyrənmirlər, öyrənmək istəmirlər. Həmin ayinlər öz arzusuna uyğun yaşamaq istəyən qağayıların da azadlığını məhv edir. Yarım əsr keçir, Conatanın uçuşu unudulur.

 

Yazıçı dördüncü fəsli ona görə yazır ki, onun dünyasının azad olması üçün yox, salamat olması üçün planlar qurulur. Riçard Bax fikirləşir ki, bəlkə, azadlığı sonuncu dadan elə onlardır? Amma yox, bu fəslin sonunda uça bilməyən qağayı həyatın mənasını anlamadan yaşamaqdansa, həyatdan köçməyi seçir. Elə bu zaman Ölüm İlgəyi – Conatanın sürətli uçuş fəndini yerinə yetirən bir qağayı onun qanadına toxunur və… Bəlkə də, bu, Conatanın özüydü. Axı onun dünyasında zaman və məkan anlayışı yox idi.

 

***

 

Qəribədir, belə əsərləri adətən adamlar həyatlarının dönüş nöqtəsində oxuyurlar. Əsər özü də avtobioqrafikdir. Onu alanda satıcı dedi, maraqlıdır ki, bu kitab bütün ölkələrdə məhz belə düm ağ kağızla çap edilib. Bəlkə, bu ağappaq kağızlar da oxucunu o işıqlı yola – Ərşə çəkmək üçündür.

 

Əsər haqqında rəyləri oxuyarkən türkiyəli qardaşlarımızın fikirləri də gözümə sataşdı. Biri yazırdı, yaşamaq üçün çox səbəb var. Balıqçı gəmilərinin ətrafında o rutin, o darıxdırıcı gəzintilərdən başqa səbəblər də var. Cəhaləti qıra, özümüzü tapa, özümüz ola bilərik. Ən əsası, azad ola bilərik, uça bilərik.

 

Digəri isə yazırdı ki, əslində, hamımız Conatan sayaq məcbur olduğumuz kimi deyil, istədiyimiz kimi yaşamaq istəyirik. Amma çoxumuz cəmiyyət, basqılar, dolanışıq dərdi və həyatın həmişəki axışı ucbatından istədiklərimizi edə bilmirik, eləcə yaşayıb gedirik. Eynilə sürüdən ayrılmaqdan çəkinən qağayılar kimi…

 

Hə, bura hələ Vətən deyil, burda Günəşin nə vaxt çıxdığını unudacaq qədər uzun günlər başlamayıb. Bizim hələ ki, qanadımız yoxdur. Qanadsız olmaq isə çox çətindir, arkadaş...

 

Tarix: 14 Noyabr - 14:25 Sevinc Fədai
Yazar: Sevinc Fədai

Siçanlar elədi, siçanlar…

O Qağayı kimi uça bilməmək…

Danabaş kəndinin qadınları

Uçurumdan qoruyan qadın

“Ayna”dakı işıq – İbrahim Nəbioğlunun yubileyinə...

Müşfiq Dilbəri sevən kimi...

Suyumuzu bulandıran müəllimlər

YUĞ-un eşq yolu, iman yolu

Anam kimi...

Əxlaqsız kişinin amansız işgəncələri - "İçir, bizi qovub evə fahişə gətirir"

Xəbər lenti
Digər xəbərlər