İki itki

Sarsılmışam...


Bir gündə iki əziz adamın ölüm xəbərini almaq olar?!


Şair Fikrət Sadıq və Bakı Atatürk Liseyinin müdiri Ali Devrim bu gün əbədiyyətə qovuşdu!


Fikrət Sadıq geniş qəlbli insan olmaqla yanaşı çox istedadlı şair idi. Çoxları bəlkə də onu yaxşı tanımır. F.Sadıq Azərbaycan dilini incəliklərinə qədər bilən bir insan idi. Çox güclü inversiya qabiliyyəti vardı. Sözlərin sırasını dəyişməklə ikiliklərdə, yaxud dördlüklərdə elə mətləblər ifadə edirdi ki, bəzi şairlər bunu bütöv bir poemada ifadə edə bilmir. Məsələn,


Əvvəl Ələt var idi, gedib-gələ bilirdik,
İndi Elit var, gedib gələ bilmirik.

Yaxud,

Bu key o keyə deyir: - "okey",
O key bu keyə deyir - "okey".

Və ya

“Dedilər ki, bütləri qırın!


Demədilər ki, “lüt”ləri qırın!” kimi ikiliklərdə sadə dillə böyük problemlərə diqqət yönəldilir.


Düz 14 il bundan əvvəl, 2002-ci ilin noyabrında Rusiyada yaşayan cavan oğlunu itirmişdi... Cümə axşamlarının birində iştirak etmək imkanım olmuşdu. Bu ağrını ölənədək içində yaşatdı Fikrət Sadıq. Yazdığı şeirlərdə bu acını görmək mümkün idi.


Ondan mənə çoxlu avtoqraflı kitablar xatirə qaldı…


Əli Devrim isə... Əli bəyi 2013-cü ilin yayından tanıyırdım. Onun haqqında nə demək olar?! O bir Azərbaycan sevdalısı idi. Mədəni, mehriban, heç kimi üzməyəcək bir insan idi…


Onun ölüm xəbərini eşidəndən bəri içimdə böyük bir peşmanlıq duyğusu yaşanır. Özümü heç cür bağışlaya bilmirəm. Məsələ ondadır ki, biz Əli bəylə neçə vaxt idi ki, müsahibə planlaşdırmışdıq. Sonuncu dəfə bu ilin aprelin 19-da görüşmüşdük. Dedim, “Əli bəy, Sizdən müsahibə götürmək fikrim qüvvədə qalır ha, münasib zamanda fotoqrafımızla birgə gələcəm, gözəl bir söhbət edərik”. O da gülərək “Sən bunu daha nə zamandan bəri söz vermişdin, istərsən bir ay sonra gəl, sınavlar bitsin, sonuclarla ilgili söhbət edək” dedi. Mən dedim “o zaman iki müsahibə edərik, biri qəbul imtahanlarının nəticələri, biri də ümumi məsələlər barədə”. “Tamam, olur, nə zaman istərsən gəl” demişdi. O gün oldu bu gün… Mən Əli bəyə borclu qaldım…


Söhbətimiz zamanı yorulduğunu bildirdi Əli bəy. Dedi ki, İzmirə qayıtmaq istəyir. Bir də “Bakının havası da çox ağır” dedi.


İçimdə hər zaman bir arxayınlıq duyğusu olub. O duyğu məni görməyi planlaşdırdığım işləri ləngitməyimə səbəb olur. Nə etsəm də o duyğuya qalib gələ bilmirəm. Amma, bu itki bir daha sübut etdi ki, hər şey bizim iradəmizdən asılı deyil. Bu ölüm mənə “Görməyi düşündüyün işi vaxtında gör, ideyalarını vaxtında həyata keçir, qısamüddətli planlar qur, mən amansızlıqda sərhəd tanımıram, heç vaxt, heç kimi, heç nəyi gözləmirəm, qəfil gələrəm, qəfil gedərəm, göz açmağa belə macal vermərəm” gerçəyini bir daha öyrətdi. Kaş ki, vaxtında ondan müsahibə götürsəydim… İndi içim bu dərəcədə sızlamazdı…


Bu qədər ünsiyyətdə olduq, bir xatirə fotosu da çəkdirmədik… Bu məsələdə də içimdəki həmin o arxayınlıq duyğusu öz sözünü dedi. Bu düşüncədə idim ki, hələ çox görüşəcək, çox söhbətlər edəcək, şəkillər də çəkdirəcəyik… Amma sən saydığını say, gör fələk nə sayır…


Daha söz açılıb, bunu da deməliyəm. Bax, elə bu sətirləri dalbadal iki acı xəbəri səhər aldığım ilk dəqiqələrdən etibarən yazmağa başlamışdım. Sonra yenə o arxayınlıq duyğusu “bir azdan yazarsan” dedi. O “bir azdan” oldu bu “bir azdan”. Artıq saat 20-ni keçib.

 

Nə isə… Bu da bir gərdişdi. Həm Fikrət Sadıqla, həm də Əli Devrimlə bağlı çox gözəl xatirələrim vardı, hər ikisi çox dəyərli aydın idi. Çox böyük təəssüf içindəyəm...


Bu iki şəxsiyyəti yaxından tanıdığım, nə vaxtsa onlarla ünsiyyətdə olduğum üçün həm də nə xoş mənə…

Tarix: 16 Noyabr - 21:06 Səxavət HƏMİD
Yazar: Səxavət HƏMİD

İki itki

Xəbər lenti
Digər xəbərlər