Rasim Musabəyov: “Gərginliyin artması yaxşı heç nə vəd etmir”- MÜSAHİBƏ

"Münaqişənin həlli üçün Rusiya ilə razılaşma əldə etməliyik"

 

Teleqraf.com millət vəkili, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir. 

 

- Rasim müəllim, Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfərini necə dəyərləndirirsiz? Bu səfər Bakıya nə verəcək?
- Bu səfəri çox müsbət qiymətləndirirəm. Bizimlə Belarusun toqquşan hər hansı bir marağı yoxdur. Əksinə, bir çox sahələrdə maraqlarımız üst-üstə düşür. SSRİ dağıldıqdan sonra bizlər bir-birimizdən bir qədər uzaq düşmüşük. Ancaq əlaqələr mövcuddur və bu, ikitərəfli faydalı münasibətlərdir. Burada təkcə siyasi dəstəkdən söhbət getmir. Belarus daim prinsipial mövqedən çıxış edir. Üstəlik bizim Belarusla ticarət dövriyyəmiz artır. Bu dövriyyə təkcə xammalın alıb-satılmasından ibarət deyil. Eyni zamanda sənayeni də bura əlavə etmək olar.


- Azərbaycanın Avrasiya İttifaqına daxil olması və buradan hansısa dividentlər götürmə ehtimalları nə qədərdir?
- Düşünürəm ki, hələlik bu məsələ gündəlikdə yoxdur. Təbii ki, bizim torpaqlarımızı işğal edən dövlətlə ittifaqa girmək ağlasığan məsələ deyil. Ona görə də, belə bir məsələ gündəlikdə durmur. 


İkincisi, hər bir qərarın zərurəti olmalıdır. Söhbət siyasi və iqtisadi zərurətdən gedir. Hələlik siyasi zərurət yoxdur. Çünki torpaqlarımızı işğal edən Ermənistan bu qurumda təmsil olunur. Həm də iqtisadi baxımdan zərurəti yoxdur. Azərbaycanın Avrasiya İttifaqına daxil olan ölkələrlə Ermənistanı çıxmaq şərti ilə mehriban və yüksək münasibətləri var. Bu münasibətlər inkişaf edir və bundan sonra da edəcək. Sadəcə olaraq, biz bu münasibətləri ikitərəfli qaydada tənzimləyirik. MDB çərçivəsində qəbul edilən qərarlar isə imkan verir ki, bu münasibətləri qarşılıqlı güzəşt əsasında quraq.


- Azərbaycanın Avrasiya İttifaqında təmsil edilməsini arzulayan ölkələrin sayı çoxdurmu?
- Kim arzulayır, özü bilər. Bizim üçün kimin belə arzularda olub-olmamasının xüsusi bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu ittifaqda təmsil olunmaq Azərbaycana nəsə verir və ya vermir. Əgər vermirsə, bu ayrı məsələ. Cənab prezident, ondan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov da qeyd edib ki, bizim Avrasiya İttifaqına allergiyamız yoxdur. Sadəcə olaraq bu quruma daxil olmaq üçün iqtisadi və siyasi zərurət olmalıdır. Bu zərurət olmadığı halda biz bunu aktual formada müzakirə aparmağa lüzum görmürük. İndi kim bunu istəyəcək, kim istəməyəcək, bu, artıq ikinci dərəcəli məsələdir. Həm də vacib məsələ ondan ibarətdir ki, Avrasiya İttifaqının daxilində kifayət qədər ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər aradan qaldırılacaq, bu ittifaq inkişaf edəcək və ya etməyəcək kimi məqamlar açıqdır. Odur ki, Azərbaycanı tələsik hansısa ittifaqa daxil olmağa heç nə sövq etmir. 


- Milli Məclisin iclasında Qarabağ münaqişəsi haqda çıxış etdiniz, Sarksiyanı tənqd etməklə bərabər hesab etdiniz ki, Rusiya ilə əməkdaşlığı davam etdirmək lazımdır. Bu fikirlərinizi bir qədər də inkişaf etdirə bilərsinizmi?
- Əslində mən bu fikirlərimi əvvəllər də demişəm. Yəni burada yeni bir məsələ yoxdur.


- Ermənistan-Azərbaycan, Azərbaycan-Rusiya və Ermənistan-Rusiya arasındakı son proseslər barədə nə düşünürsüz?
- Rusiya aprel döyüşlərində təşəbbüslə çıxış etdi və müharibə dayandırıldı. Rusiya qərargah rəislərini Moskvaya dəvət etdi və sonra cəbhədə aktiv olan döyüşlər dayandı. Rusiya bunu edəndə cəbhədə şübhəsiz ki, Azərbaycanın üstünlüyü var idi. Biz irəliyə də gedə bilərdik və münaqişə genişlənə bilərdi. Təbii ki, cəbhədə aktiv fəaliyyətin dayandırılması müqabilində danışıqlar prosesində fəallığın artırılacağı, Rusiyanın erməniləri ağıllandırmaq üçün səylər göstərəcəyi gözlənilirdi. Əslində biz bu səyləri müşahidə etdik. Amma sonda heç bir nəticə olmadı.

 
- Sizcə, niyə?
- İndi bəhanə edirlər ki, ermənilər işğal edilən ərazilərdən geri çəkilməkdən boyun qaçırırlar. Ona görə ki, belə olacağı halda özlərini təhlükəsiz hiss etməyəcəklər və orada qurduqları müdafiə sistemi dağılacaq, bu zaman Azərbaycan qarşısında aciz qalacaqlar. Bunu bəhanə edərək, Rusiya ermənilərə əlavə təminatlar verir. O cümlədən də silahlar. Yəni qorxmayın, bu ərazilərdən çıxsanız, təhlükəsizliyiniz təmin ediləcək. Amma biz görürük ki, Ermənistan bunun müqabilində nəinki ağıla gəlir, əksinə, qudurur, loğva-loğva hədələrlə çıxış edir. Bütün bunların məsuliyyəti olmalıdır. Əlbəttə, Rusiya ilə ultimatum dilində danışmaq gülünc olardı. Ancaq danışığı kifayət qədər konkret formada qurmaq olar. Nəzərə alın ki, Rusiyanın da Azərbaycandan müəyyən istəkləri var, Azərbaycanın dəstəyinə ehtiyacı var. Yəni təkcə birtərəfli olaraq bizim onların dəstəyinə ehtiyacımız yoxdur. Təbii ki, münasibətlərin hansı şəkildə qurulmasından, o cümlədən Azərbaycanın Rusiya ilə münasibətlərdə perspektivləri ortaya çıxır. İndi Rusiya ilə Ermənistan birgə ordu birliyi yaradırlar. Hər halda bunları müzakirə etməyə ehtiyac var. O mənada kı sən gedib Ermənistanda belə şeylər edirsən, raketlər verirsən. Sabah mən ondan da uzaq məsafələrə gedə bilən raketləri Pakıstanda və ya Belarusdan gətirib quraşdırsam, xoşunuza gələcəkmi? Axı bu raketlər ancaq Ermənistana çatmayacaq, bütün dairəni nişana almaq iqtidarında olacaq. Yox, əgər sən bunu istəmirsənsə, onda o silahları niyə gətirib Ermənistanda yerləşdirirsən? Bu sualları verib onlara cavablar istəmək lazımdır. 


İkincisi, əgər sən orada birgə hərbi birləşmə yaradırsan, bəs onda bizim də Naxçıvanda Türkiyə ilə birgə belə bir ordu birliyi yaratmağımız xoşuna gələrmi? Bu halda sənin bizim bu addımımıza qarşı çıxmağa haqqın çatmayacaq. Yəni hər şey qarşılıqlıdır. Hesab edirəm ki, bu müstəvidə Rusiya ilə danışıqlar aparmaq vacibdir. Söhbət ondan getmir ki, Rusiya ilə ultimatum tonunda danışmaq, hansısa tələblər qoymaq lazımdır. Sadəcə olaraq qarşı tərəfə anlatmaq lazımdır ki, siyasət birtərəfli olmur. Hər bir addım onun əksini tələb edir. Belə olan halda da bir-birimizdən küsməyə dəyməz.


- Həmkarınız Qüdrət Həsənquliyev və bəzi digər deputatlar təklif edir ki, Qarabağ danışıqları Ermənistanla deyil, Rusiya ilə aparılsın... 
- Rusiya ilə danışmalıyıq. Əslində mən də bunu demişəm. Heç kimə sirr deyil ki, Rusiya vasitəçi libasında çıxış edir, ancaq aydındır ki, Rusiya həm də bu konfliktin iştirakçısıdır. Məsələn, Gürcüstanla bağlı münaqişədə Rusiya açıq iştirakçıdır. Eləcə də Moldova və Ukraynada. Onlar neyləyirlər? Məcbur olub gedib Rusiya ilə danışıqlar aparırlar. Biz də məcburuq Rusiya ilə danışıqlara gedək. Əgər bu konfliktin həlli yollarını axtarırıqsa təbii ki, Rusiya ilə bu məsələdə razılaşma əldə etməliyik. Sonra isə erməniləri ağıla gətirmək Rusiyanın işidir.


- Əslində bəzən görüntü yaranır ki, sanki Rusiyada ermənipərəst və Azərbaycana yaxın qüvvələr mövcuddur...
- Xeyr. Mən orada azərbaycanpərəst qüvvələr görmürəm. Əlbəttə, mümkündür ki, hansısa şəxslər Azərbaycana daha yaxındır. Ancaq Rusiyada elələri var ki, məsələlərə erməni gözü ilə baxır, elələri də var ki, məsələyə Rusiyanın böyük dövlət prizması iddiasından baxırlar. Yəni sonuncular ermənipərəst deyillər, amma hesab edirlər ki, erməniləri burada alət kimi istifadə etmək, ayağının altında saxlamaq lazımdır. Ancaq Azərbaycanpərəst qüvvələrin olduğuna inanıb özümüzü aldatmayaq. Təbii ki, elə məsələlər var ki, Azərbaycanla müəyyən razılaşma tələb edir. Məsələn, "Qazprom" şirkəti, Rusiya Energetika Nazirliyi. Onlar üçün Azərbaycanla müəyyən bir razılaşmalar əldə etmək vacibdir. O cümlədən Sərhəd Qoşunları, Kəşfiyyat İdarəsi. Hazırda onların başı Şimali Qafqazda ağrıyır. Əlbəttə, bu məsələlərdə Ermənistanla əməkdaşlığın heç bir xeyri yoxdur, amma Azərbaycanla əməkdaşlıq nəsə verir. Həmçinin Xəzər məsələsinin həllində Azərbaycanın dəstəyinə ehtiyac var. Hərbi sənaye kompleksini götürək. Azərbaycan çox sərfəli alıcıdır. Ermənilər silahları müftə istəyirlər, biz isə nağdı pul ödəyib silah alırıq. Elə məsələlər var ki, biz qarşılıqlı maraq əsasında müəyyən dəstək əldə etmək iqtidarındayıq. Ancaq nəzərə almaq lazımdır ki, ermənilər orda çoxdur, hətta Rusiya elitasının içərisindədir. Onların da təsirləri kifayət qədər güclüdür. Hələlik onların bu təsirlərini tam neytrallaşdırmaq imkanında deyilik, ancaq Rusiyanın bir çox dövlət maraqları tələb edir ki, Azərbaycanla yaxşı münasibətlər saxlansın və qorunsun. Əslində yaxşı münasibətlər artıq qurulub, sadəcə olaraq indi bunu irəli aparmaq lazımdır. 


Gərginliyin artması və münaqişənin alovlanması yaxşı heç nə vəd etmir. Ancaq kimsə düşünürsə ki, Azərbaycanı həm Rusiyanın istəklərini, həm də ermənilərin iddialarını təmin etməyə razı salacaqlar, bunu heç vaxt görməyəcəklər.


- İndi erməni tərəfinin açıq hərbi ritorikaya keçdiyi açıq görünür. Sarksiyanın son açıqlamaları buna bir misaldır. Siz regionda döyüşlərin olma ehtimalı haqda nə düşünürsünüz?
- Danışıqlar bərpa olunmasa, bu danışqılarda müsbət perspektivlər olmasa, hərbi gərginlik arta bilər və bu aprel hadisələrindən də şiddətli ola bilər.


NEMƏT

Tarix: 01 Dekabr - 12:45
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər