“Bizdə hələ o ənənə yoxdur” – Nigar Arpadarai ilə MÜSAHİBƏ

“Dünya ulduzlarına verilən məbləği gizli saxlayırıq”

 


Teleqraf.com-un suallarını “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 üzrə Azərbaycan Qran-prisinin mətbuat katibi Nigar Arpadarai cavablandırıb:


- Bu il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışının Avropa Qran-prisi adlanması birmənalı qarşılanmamışdı. Qran-prinin hət dəfə yarışa ev sahibliyi edən ölkələrin adına müvafiq adlandırıldığı əsas gətirilərək ölkəmizdə baş tutan Formula 1-in də Azərbaycan Qran-prisi adı altında keçirilməsi təklif edilirdi. Ad seçimi necə aparıldı və gələn ilki Formula 1-in adı necədir? 
- Ad seçimi bizim strategiyamız idi və hər şey planlı surətdə getdi. Bakıda keçirdiyimiz ilk Formula 1 yarışının Avropa Qran-prisi adı altında keçirilməsi təklif olundu. Biz Avropa Qran-prisini keçirən ilk ölkə deyilik və bu təklifi qəbul etdik, çünki Avropadan olan fanatları cəlb etmək istəyirdik. Avropa Qran-pri adı onlara daha tanış idi. Həm də Bakıya gələn tamaşaçıya Azərbaycanın Avropanın bir parçası olduğunu göstərmək istəyirdik, belə də oldu. Ölkəmizə gələn çoxsaylı qonaqlardan ancaq təriflər eşidirdik. Hətta indi də Bakının nə qədər gözəl olduğuna dair təriflər davam edir. Növbəti illərdə Formula 1-i Azərbaycan Qran-pri adı altında keçirməyi planlaşdırmışıq. Bununla bağlı bu il Formula 1 rəhbərliyinə müraciət etdik. Ölkəmizdə keçirilən mötəbər tədbirlərdən sonra Azərbaycan artıq dünyada tanınır. Biz də istəyirik ki, artıq təbliğat ölkəmizin adına olsun. Avropalı tamaşaçı Bakının necə gözəl, stabil olduğunu, keçirdiyimiz yarışın səviyyəsini gördü. Həm də sevinirik ki, Formula 1 rəhbərliyi təklifimizə müsbət cavab verdi. Gələn ildən etibarən yarışı Azərbaycan Qran-pri adı ilə keçirəcəyik.

 
- Adla yanaşı tarix də dəyişdi, bəs tarixin dəyişməsinə zərurət necə yarandı?
- 2017-ci il Formula 1 dünya çempionatının təqviminə görə Bakının mərkəzi küçələrində baş tutacaq sayca ikinci yarış gələn il iyunun 23-24-25-də  keçiriləcək. Əvvəlcədən nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsinə səbəb  ötən Qran-prinin 24 saat davam edən “Le Man” yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.


- Bu illə müqayisədə bilet sayında fərq olacaqmı?
- Bilet və tribunaların sayında fərq olmayacaq. Yeganə fərq biletlərin kateqoriyaları ilə bağlı olacaq. Bakıda keçirilən ilk Qran-pri zamanı bir və üç günlük biletlər vardısa, indi artıq bir günlük biletlər hər günə aiddir. Məsələn builki bir günlük biletlə ancaq cümə günü keçirilən yarışa baxmaq olurdu, gələn il isə yarışı trekin çeşidli yerlərində, ayaqüstü zona və platformalarda izləmək istəyənlərə satılan bir günlük biletlər həftənin cümə, şənbə və bazar günləri üçün olacaq. Bu da insanlara daha çox seçim imkanı yaradır. Uşaqlar üçün ayrıca endirimli biletlər nəzərdə tutulub. Tribunalara olan biletlərin qiyməti kifayət qədər aşağı salınıb, həm də satış manatladır. İnanırıq ki, xalqımız bu yarışa daha çox maraq göstərəcək. 


- Manatın digər xarici valyutalara nisbətən məzənnəsinin dəyişməsi biletlərin qiymətinə təsir edə bilərmi? 
- Gələn il qiymətlər manatla olacaq, qiymətlərdə heç bir dəyişiklik gözlənilmir. Yarışın bütün günləri üçün endirimli biletlərin qiyməti 150-550 manat arasında dəyişir. Yarış üçün ayaqüstü biletlər də satılır. Ən ucuz qiymət 5-ci gün, ən bahalı qiymətlər isə bazar günü üçün olacaq. Bir günlük biletlərin qiyməti 60 manat, dördgünlük biletlərin qiyməti “Abşeron” tribunası üzrə 690 manat nəzərdə tutulub. Gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunub və azarkeşlər biletləri 30 faiz endirimlə əldə edə bilərlər. Endirim üçün təyin olunmuş müddət bitdikdən sonra hazırkı qədər böyük endirim olmayacaq. Devalvasiya olarsa belə, qiymətlər göstərildiyi kimi manatla olacaq. Dolların məzənnəsinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşları üçün qiymətlər dəyişməyəcək. Ancaq xarici ölkələrin vətəndaşları üçün dolların məzənnəsinə uyğun olaraq qiymət dəyişə bilər. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiymətləri həmin günün məzənnəsinə görə hesablanacaq. 


- Bakıda keçirilən ilk Formula 1 yarışının tamaşaçıları üçün xüsusi əyləncə proqramı nəzərdə tutulmuşdu. Bu dəfə də analoji tədbirlər həyata keçiriləcək? 
- Əlbəttə, bu dəfə də əyləncəmiz zəngin olacaq. Bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi dünyadakı ən böyük əyləncə mərkəzlərindən biridir. Əyləncə zonası 2 kilometrə çatırdı və 3 böyük səhnə vardı, burada həmçinin Azərbaycanın mədəniyyət mərkəzləri təqdim olunurdu. Bu il yarış günlərinin hamısında axşam saatlarında Bakıya dəvət olunan 3 dünya ulduzlarından birinin konserti keçirildi. Bu dəfə də eyni prinsipə sadiq qalacağıq. Dünya ulduzlarının konsertləri də gözlənilir. İndiki mərhələdə hansı məşhurların dəvət olunacağı sürpriz olaraq qalsın. 


- Dünya ulduzları ilə bağlanan müqavilə üçün ayrılan pullarla bağlı müxtəlif iddia və fikirlər səslənir. Bu il xərclənən və gələn il yləncə proqramı üçün nəzərdə tutulan məbləği açıqlaya bilərsinizmi? 
- Formula 1 yarışına dəvət üçün hər bir dünya ulduzu ilə bağlanan müqavilədə əks olunan qonararın  məbləği konfidensial olaraq qalmalıdır. Bütün maliyyə məsələləri ilə bağlı sualları Gənclər və İdman Nazirliyi cavablandırır. Dünya ulduzlarının konsertini keçirməkdə məqsədimiz daha çox insanı Bakıya cəlb etməkdir. Çünki Formula 1 fanatlarının sevdiyi məkanlar var. Avropalıların bir çoxu Belçika, Silverstoun, Meksikaya sırf əyləncə xatirinə yox, Formula 1 yarışını izləmək üçün gedir. Bizdə hələ o ənənə yoxdur. Bizim insanlar Formula 1 haqda hələ indi məlumatlı olmağa başlayıblar. Bu, uzunmüddətli prosesdir, illər keçəndən sonra bu idman növünə maraq yaranacaq. Həm azərbaycanlıların Formula1-ə marağının yaranması, həm də xaricdən qonaqları cəlb etmək üçün maraqlı və zəngin əyləncə proqramı həyata keçiririk. Bu konsepsiyanı yalnız biz yox, Sinqapur, Əbu-Dabi də eynilə edir. Bu yaxınlarda Əbu-Dabidə Qran-pri bitdi, Rihanna, “The Chemical Brothers” kimi dünya şöhrətli ulduzların konserti keçirildi. Dünya ulduzlarının konsertinin təşkili üçün xərclənən pullar hər bir müqaviləyə uyğun olaraq konfidensial qalır və konkret məbləği bölüşə bilmərik. 


- İnfrastruktur işləri üçün nə kimi tədbirlər görüləcək? 
- Gələn il infrastruktur işləri bu illə müqayisədə daha az olacaq. Çünki lazım olan bütün avadanlıqlar var. Həmin avadanlıqlar, tribunalar, baryerlər, təhlükəsizlik qurğuları yarışdan öncə gətirilib quraşdırılacaq. Formula 1 yarışının keçirilməsi üçün ilk il müəyyən tikinti işləri aparıldı, beton tribunalar, lövhələr quraşdırıldı, asfalt qatı yenidən salındı. Bu il həmin asfalt qatı salınmayacaq, yalnız Niyazi küçəsində qəmbər daşları ilə örtülən hissə asfalt qatla örtüləcək. 

 

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad 

Tarix: 06 Dekabr - 17:08
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər