Ərdoğanı yaxşı gördüm

Dilqəm ƏHMƏD


I Yazı


Bəri başdan yazım ki, aşağıdakı fikirlərim İstanbuldakı üç aylıq müşahidələrimin nəticəsidir və heç bir akademik araşdırmaya söykənmir. 


Onu da bəri başdan yazım ki, bu üç aylıq müşahidə ərzində Türk milləti və onun idarəçiləri haqqındakı əvvəlki təsəvvürlərim köklü dərəcədə dəyişilib və yazacaqlarım buradakı şərtlərdən doğan tərif yazısı deyildir. Yəni təhsil aldığım bir ölkəni tərifləmək kimi bir məcburiyyətin olduğu qənaətinə varılmasın. 

 

***


Türkiyəyə gələndə “15 Temmuz” hadisəsindən iki ay ötmüşdü və qardaş ölkə çevrilişə cəhdin gətirdiyi problemləri qismən üzərindən atmışdı. Artıq prezident Ərdoğan da FETÖ əleyhinə çıxışlarını azaltmış, ölkə əvvəlki həyatının axarına qayıtmışdı. Fətullah Gülən və qruplaşması qəzetlərin də manşetindən yavaş-yavaş iç səhifələrə doğru “irəliləmişdi”. 


Bunun əsas səbəbi artıq məhkəmələrin çevrilişçiləri mühakimə edib həbsə göndərməsi, FETÖ-nün ölkə içində bütün dayaqlarının məhv edilməsi, xaricdəki rıçaqlarına da müdaxilə edilməsi idi. Digər səbəb isə Türkiyənin gündəminin tez-tez dəyişilməsi məsələsi idi. Artıq Türkiyənin əsas gündəmi Avropa İttifaqı ilə olan münasibətlər və türk lirəsinin dollar qarşısında dəyər itirməsidir. 


Türkiyəyə gələnə qədər əvvəllər mən də hesab edirdim ki, AKP-nin və prezident Ərdoğanın tərəfdarları daha çox oxuyub-yazmağı bilməyən, başı səcdədən qalxmayan, Osmanlı xəyalı ilə yaşayan islamçı bir kəsimdir. 

 

İndi isə görürəm ki, əksinə, Ərdoğanı dəstəkləyənlər koalisiya hökumətlərinin yaratdığı problemlərdən cana doyan, ölkədə yüksələn sosial-iqtisadi rifahı, sabitliyi qorumaq, Türkiyənin bölgədə güc sahibi olmasını, terror hadisələrinin azalmasını istəyən bir kəsimdir. 


Əvvəllər hesab edirdim ki, AKP-yə səs verənlər Ərdoğanı hava limanında qarşılamağa gələn kəfən geyinən cidahçılardan ibarətdir, amma indi görürəm ki, dəstəkçilər içərisində qalstuk taxıb, kostyum geyinən, çağdaş düşünən insanlar daha çoxdur. 


Əvvəllər düşünürdüm ki, Türkiyədə Atatürk dəyərləri yox olmaq üzrədir, CHP-nin nüfuzunu itirməsi Atatürkü daha da unutduracaq, amma indi başa düşürəm ki, Türk milləti Atatürkü deyil, CHP-ni dışlayıb ki, buna da min dənə haqlı səbəbləri var. 


Əvvəllər düşünürdüm ki, Qərb dünyagörüşünü mənimsəmiş, laikçiliyi, demokratiyanı dəstəkləyənlər ancaq CHP-də təmsil olunurlar, indi isə görürəm ki, bu dəyərləri mənimsəyən və amma heç bir partiyaya isti münasibət sərgiləməyən kəsim daha çoxdur və onlar müqayisədə hələ ki AKP-yə səs verirlər. 


Əvvəllər düşünürdüm ki, MHP daha çox ideoloji partiyadır, toplumun millətçi kəsimini təmsil edir, indi isə görürəm ki, MHP daha çox islamçı kəsimə xitab edir və ölkədə siyasətin axarına yön verən partiyalardan biridir. Yəni ideoloji yox, realist yanaşma daha çox üstünlük təşkil edir. Misal üzərindən söyləsək, Türkiyədə hazırda referenduma çıxarılması gözlənilən Konstitusiya və idarəçilik dəyişiklikləri ilə bağlı müzakirələrdə ən aktiv rolu müxalifətdən MHP oynayır. İlk baxışdan kənardan görünə bilər ki, MHP hökumətə “satılıb” və yekunda nələrsə qoparacaq. 


Əlbəttə, yekunda Dövlət Baxçalı nələrsə qazanacaq. Amma məsələ odur ki, Kamal Kılıçdaroğlundan fərqli olaraq, Baxçalı başa düşür ki, onsuz da Türkiyə yeni bir dönəmə gedir, seyrçi qalmaqdansa, prosesin içində olub, səmti müəyyən qədər özündən yana çevirmək daha yaxşıdır. Bu anlamda Baxçalı daha çox realist və uzaqgörəndir. 


Əvvəllər qəzetlərə inanıb onu da düşünürdüm ki, Türkiyədə ciddi şəkildə türk-kürd, ələvi-sünni bölünməsi var. Amma indi görürəm ki, bunların hamısı Türkiyəni bu cür bölünmüş görmək istəyənlərin sadəcə olaraq arzularıdır. Üç ay ərzində cəmiyyət içində, küçədə əsla bir kürd probleminin olduğuna rastlaşmamışam.

 

Əksinə kürd gənclər dəniz sahilində kürdcə türkülər oxuyur, türk, kürd -  hər kəs bərabər şəkildə dinləyir. Eləcə də, universitetlərdə, iş yerlərində də hər hansı bir ayrımçılıq yoxdur. Xalq bir bütün halındadır, “15 Temmuz” hadisəsi isə bu bütünlüyü daha da möhkəmləndirib. Hətta hazırda türk lirəsinin dollar qarşısında dəyər itirməsinin qarşısını almaq üçün kiçik ticarətlə məşğul olanlar kampaniyaya başlayıblar, 200 dollarını türk lirəsinə çevirən vətəndaşa müxtəlif pulsuz xidmətlər təklif edirlər. Məsələn, 5 kilo mandarin, pulsuz saç kəsimi və s. Bu kampaniyalar yumor doğursa da, sadə vətəndaşın dövlətə və hökumətə olan inancı və dəstəyi ilə bağlıdır.

 

Binali Yıldırım baş nazir olanda, əksəriyyət kimi mən də Ərdoğanın düymə ilə çalışdırdığı bir siyasətçi olacağını düşünürdüm, amma indi görürəm ki, B.Yıldırım daha çox sərbəst qərar verməkdən və problemləri həll etməkdən yana bir mövqeyə sahibdir. Elə bu mövqeyinə görə onu sevməyənlər və tezliklə ondan qurtulmaq istəyənlər vardır. 


Ərdoğana gəldikdə isə daşıdığı mövqeyə görə əvvəlki kimi aktiv siyasətdə ola bilməsə də, eyni enerji, eyni leksiokonla Avropa İttifaqına, hələ də kimliyini açıqlamadığı xarici qüvvələrə qarşı əzmlə mübarizəsini aparır, yenidən siyasətdə əsas fiqur olması üçün başqanlıq sisteminin gətirilməsi üçün hər cür addımı atır. 


Bəs, Türk milləti bu sistemi dəstəkləyəcəkmi?


Bu barədə ikinci yazıda. 

 

Tarix: 07 Dekabr - 21:05 Dilqəm Əhməd
Yazar: Dilqəm Əhməd

Azərbaycan türkləri

Ərdoğanı yaxşı gördüm

Atatürkdən Ərdoğana 93 il

Nadir Şahın mirası dağılır!

Tarık Akan

15 iyuldan sonra Türkiyə

“Casus”un sökülən evi

Bu üç gündə...

Rathayzerin yalanı

Kəmalüddövlə tvitləri

Xəbər lenti
Digər xəbərlər