“Mütəllibov səbatsız, qeyri-ardıcıl siyasətçi idi” - MÜSAHİBƏ

Teleqraf.com Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəni təqdim edir. 


- Əli müəllim, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib ki, Ermənistan-Rusiya birgə hərbi qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil. Bunu necə qiymətləndirmək olar?
- Açığı, mən onun bəyanatını mənfi qiymətləndirirəm. Mütəllibovun ümumiyyətlə belə məsələlərdə susması daha düzgün olardı. Çünki belə çıxır ki, bu fikirləri ilə Mütəllibov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını təklif edir. Bildiyiniz kimi, Ermənistan və Rusiya MDB çərçivəsində yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfləridir. Azərbaycanın da bu şuraya süründürülməsi bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun deyil.


- Əslində belə görüntü var ki, siz Mütəllibovla ziddiyyətlərə gedirsiniz, nifrət var. Bəs reallıqda bu necədir?
- Əslində bunu siz dediyiniz kimi təqdim etmək istəyən maraqlı qüvvələr var. Mən bunun siyasi pərdəarxasının nədən ibarət olduğunu bilirəm. Ancaq mənim Mütəllibova münasibətim aydındır. Mütəllibova bir Azərbaycan ixtiyarı kimi yanaşıram, ona qarşı şəxsi məsələlərdən qaynaqlanan neqativ münasibətim yoxdur. Ömrümdə Mütəllibovu cəmi bir dəfə, ailə üzvünün yasında görmüşəm. Mütəllibovu Azərbaycan dövlət müstəqilliyində rol oynayan şəxs kimi qiymətləndirmişdim. Ancaq onun bu ilin 8 dekabrda müsahibəsi oldu. Həmin müsahibə 1991-ci ilin 8 dekabr tarixində SSRİ-nin dağılmasıın 25 illiyinə həsr edilmişdi. Mən həmin müsahibədə səsləndirilən fikirlərə etiraz etmişəm. Bu müsahibəyə qədər mən Mütəllibovla heç bir problem yaşamamışam və yaşamaq niyyətim də olmayıb. Mütəllibov Azərbaycan siyasətinin dünənidir, o artıq təqaüd dövrünü yaşayır, yaşı 80-ə yaxınlaşır. Mənim ona Azərbaycanın keçmiş rəhbəri və Azərbaycanın dövlət müstəqilliyinə imza atan şəxs kimi hörmətim var. Ancaq təkcə Mütəllibov deyil, ondan başqa kimsə Azərbaycanın dövlət müstəqilliyini hədəf alacaqsa, mənim Mütəllibova olan münasibətim həmin şəxsə qarşı da olacaq. Münasibətim bu qədər bəsit və aydındır. Mövqeyim dövlət və milli maraqlarımızla bağlı olan mövqedir.


- Demək istəyirsiniz ki, şəxsi müstəvidə problem yoxdur, qarşıdurma daha çox ideoloji mövqelərlə bağlıdır?
- Bəli, söhbət ideoloji yanaşmalardan gedir. Bizim dövlətimizin adı Azərbaycan Respublikasıdır. Həmin respublikanı 1991-ci ildə parlamentdə dövlət müstəqilliyi aktının qəbulu ilə bərpa etməyə müyəssər olduq. Dünyada yaşayan 50 milyonluq Azərbaycanlıların bir siyasi coğrafiyası var. Bu da Azərbaycan Respublikadır. Bu respublikaya sayğı göstərmək, onun maraqlarını qorumaq bütün azərbaycanlıların konstitusiya borcudur. Əlahiddə olaraq da, bu dövlətə rəhbərlik edən şəxslərin vəzifələridir. Bu baxımdan Mütəllibovun 8 dekabr müsahibəsini ona yaraşdırmamışam. Çünki Mütəllibovun imzası müstəqillik aktında olmaqla bərabər 1918-1920-ci illərdə Rəsulzadə cümhuriyyəti ilə bağlı onun fəaliyyəti, ölkəyə rəhbərlik etdiyi dövrdə Vəzirovdan fərqli olaraq ermənilərə qarşı tutduğu prinsipial mövqe, onların Dağlıq Qarabağdan təmizlənməsi üçün addımları, müstəqillik aktından sonra Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində göstərdiyi xidmətləri var. 18 oktyabr bir mərhələ idi, bundan sonra Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanınmalı idi. Bu tanınma istiqamətində Mütəllibovun qərarı ilə formalaşan parlament nümayəndə heyətinin Türkiyəyə səfəri və SSRİ mövcud olduğu halda  Türkiyənin Azərbaycanın müstəqilliyini tanınması istiqamətində göstərdiyi təşəbbüsü yüksək qiymətləndirirəm. Və 8 dekabr 2016-cı ildə verdiyi bəyanatı da Azərbaycan qarşısında göstərdiyi bu xidmətlərin ziddi hesab edirəm. 


- Mütəllibov haqqında yüksək fikirlər söylədiniz. Ancaq siz həm də onu təsadüfi siyasətçi hesab etdiyinizi açıqlamısınız...
- Mütəllibov həqiqətən də siyasi baxımdan peşəkar deyil. Bunu təkcə mən demirəm. Mütəllibovu birmənalı siyasətçi kimi qiymətləndirmək doğru deyil. O, iqtisadiyyatı yaxşı bilsə də, siyasi proseslərdə qeyri-ardıcıllıq nümayiş etdirir. Məsələn, 1991-ci ilin 18 oktyabra qədər olan mərhələdə, həmin ilin avqustunda Moskvada baş verənlər və Mütəllibovun buna reaksiyalarını qeyd edə bilərəm. Avqustda QKÇP adlı qurum Qorbaçovu devirmək cəhdində bulundu, Qorbaçov mühasirəyə alınmışdı. Bu hadisələr zamanı Mütəllibov qeyri-peşəkar siyasətçi olduğunu ortaya qoydu. Təsəvvür edin ki, qısa müddətdə bir-birinə zidd olan iki bəyanatın müəllifi oldu. Əvvəl QKÇP-ni dəstəklədi, sonra bu qurum uğursuzluğa düçar oldu. Bundan sonra Mütəllibov Yelsinin bayrağı altında mövqeyini ifadə etdi. Eləcə də 1991-ci ili martında SSRİ-nin saxlanılması məqsədilə ölkəmizdə referendum keçirilməsi iradəsi Mütəllibov tərəfindən nümayiş etdirildi. Və referendumda yüksək səs faizi ilə xalqımızın guya imperiyanın tərkibində yaşamaq istəyi ifadə edilib. Mən inanmıram ki, bu xalqımızın mövqeyi idi. Sadəcə, Mütəllibov bir siyasətçi olaraq SSRİ-nin dağılması tendensiyasını duymamışdı və belə mövqe nümayiş etdirmişdi. Başqa sözlə, 1991-ci ilin martında SSRİ-nin saxlanılması üçün referendum keçirən Mütəllibovla 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqillik aktına imza atan Mütəllibov ziddiyyətli və bir-birindən diametral fərqi olan mövqedə idi. Üstəlik müstəqilliyi 25 ildir əldə etməyimizə baxmayaraq, bu şəxs SSRİ-nin dağılmasını faciə kimi qiymətləndirir. Bu onun siyasi baxımdan səbatsız və qeyri-ardıcıl olduğunun göstəricisidir.


NEMƏT

Tarix: 15 Dekabr - 18:25
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər