Zərdüşt Əlizadə: “Onlar məqsədlərinə çata bilmədi” - MÜSAHİBƏ

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.


- Zərdüşt bəy, Rusiya-Türkiyə münasibətlərinin indiki həssas durumunu necə qiymətləndirirsiniz?
- Təyyarənin vurulmasından sonra münasibətlərin kəskin gərginləşməsi, bu gərginləşmənin hər iki dövlətə böyük ziyan gətirməsinin dərk edilməsi, Ərdoğanın üzrxahlığı və Rusiyanın bunu qəbul etməsi, bundan sonra sürətlə qarşılıqlı mənfəətə söykənən iqtisadi layihələrin davam etdirilməsi istiqamətində addımlar göstərir ki, Rusiya və Türkiyəni birləşdirən ümumi maraq daha güclüdür. Buna görə də bu yaxınlaşmanı istəməyən qüvvələr Ankarada rus səfirini qətlə yetirib. Buna cavab olaraq, Türkiyə ən yüksək səviyyədə Rusiya ilə həmrəylik nümayiş etdirdi, səfirin nəşi böyük hörmətlə yola salındı, xarici işlər naziri Mövlüd Çavuşoğlu səfirin cənazəsini Moskvada qarşıladı, təziyə mərasimində iştirak etdi. Bütün bunlar göstərir ki, həm türk, həm də rus hökuməti bu terror hadisənin iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərməməsində maraqlıdır və əllərindən gələni edirlər ki, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı davam etsin.


- Yəni səfir Karlovu qətlə yetirən qüvvələr əsas məqsədlərinə çata bilmədi? 
- Bəli. Onlar məqsədlərinə çata bilmədi. Fərz edin ki, biri gəlib dostuma deyir ki, Zərdüşt məzmunsuz adamdır. Mən də fikirləşirəm ki, həmin adama pisliyim dəyməyib, buna qədər məndən ancaq hörmət görüb. Və beləcə aranı vurmaq cəhdlərinə inanmırıq. Bu da olur ağıllı və sanballı mövqe. İndi də hansısa başdan xarab biri və ya hansısa qurum səfiri öldürüb. Amma bu, Rusiya-Türkiyənin fundamental, əsaslı və köklü maraqlarına ziyan gətirə bilməz. Ərdoğan və Putin praqmatik dövlət başçılarıdır. Bilirlər ki, nifaqa uymaq lazım deyil. Odur ki, əməkdaşlıq davam edir və hər bir tərəf bundan faydasını götürür. Hesab edirəm ki, Türkiyənin faydası daha böyük olacaq. Təkcə qaz deyil, Atom Elektrik Stansiyası, manevr imkanları əldə edəcək, birtərəfli asılılıqdan xilas olma. Rusiyaya da təcriddən çıxmaq lazımdır. Türkiyə yeganə NATO ölkəsidir ki, Rusiyaya qarşı sanksiya prosesində iştirak etmir.


- Sizcə, bu iki dövlətin arasını vurmaq üçün belə səpkili terror hadisələri davam edə bilərmi?
- Təbii ki, bu hadisəni törədən qurum, dövlət və ya şəxslər uzaqgörən siyasət yürüdürlər. Onlar hey çalışacaqlar ki, aranı vursunlar. Məncə, son hadisə göstərir ki, Rusiya və Türkiyə hakimiyyəti belə fitnələrə getməyəcək.


- Son hadisəni Türkiyə xarici siyasət xəttində ciddi vektor dəyişikliyi və buna görə cəzalandırılma kimi qiymətləndirmək mümkündür?
- Yox. Rusiya-Türkiyə yaxınlaşması 25 ildir davam edir. Sadəcə təyyarə hadisəsi hər iki tərəfin lüzumsuz radikalizmə uymasının təzahürü və bunun ikitərəfli münasibətlərə zərbə vurması kimi qəbul edilməlidir. Rusiya özünə həddən artıq güvənirdi və Suriyanın türkmənlər yaşadığı hissəni bombalayır, Türkiyə hava məkanını pozurdu. Türkiyə tərəfinin də xəbərdarlıqlarına məhəl qoymurdu. Türkiyə dəfələrlə Rusiyaya bildirirdi ki, sizin təyyarələriniz bizim hava məkanımızı pozur. İkincisi, Türkiyə deyirdi ki, Suriyada türkmənləri bombalama, onlar bizim adamdır. Amma Rusiya buna məhəl qoymadı. Bundan sonra baş nazir Davudoğlu dedi ki, özü göstəriş verib ki, təyyarəni vursunlar. Daha sonra Rusiya zilə qalxdı, baxmayaraq ki, buna görə böyük ziyanlar görürdü. Türkiyə də bir addım geri çəkilmədi, amma həm də hiss edirdi ki, vəziyyətin bu həddə gəlib çıxmasından siyasi-iqtisadi, mənəvi, hərbi, texnoloji ziyanını görür. Ziyanın ən yüksək həddinə çatanda tərəflər gördülər ki, bu mövqedən imtina etməyin vaxtıdır. Odur ki, məntiq, təmkin nümayiş etdirmək məqamı gəldi, Ərdoğan üzrxahlıq etdi, Rusiya bunu qəbul etdi. Beləcə, münasibətlər əvvəlki vektora qayıtdı. Bu göstərir ki, bundan sonra nəsə etmək istəsələr belə, Rusiya-Türkiyə yaxınlaşması strateji xətdir və tərəflər bundan geri çəkilməyəcək. 


- Rusiya-Türkiyə yaxınlaşmasının nəticəsi olaraq regionda stabillik yarana bilərmi?
- Stabillik iki dövlətdən deyil, çox dövlətdən asılıdır. Götürək Qarabağ münaqişəsini. Bu münaqişədə Rusiya sabitliyi pozan, dağıdıcı qüvvə kimi çıxış edir. Amma Ermənistanın fikrincə, Rusiya sabitliyin tərəfdarıdır. Başqa sözlə, Rusiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bu işğalı qorumasının qarantıdır. Azərbaycanın fikrincə, Türkiyə sabitləşdirici amildir, təcavüz qurbanı olan Azərbaycana dəstək verir. Yəni bu dövlətlərin Qarabağ münaqişəsinə dair mövqeyi fərqlidir. Amma erməni-Azərbaycan tərəfi də dövlətdirlər. Bunlar elə edə bilər ki, Rusiya və Türkiyə mövqelərini Qarabağ məsələsində yaxınlaşdırsın. Bu ondan asılı ola bilər ki, Azərbaycan və Ermənistan cəsarətlə qarşılıqlı razılaşmaya gedirlər. Razılaşma başlayanda Türkiyə deyir ki, artıq İrəvan xoş niyyətini bildirib, artıq mən Ermənistanı tanıyıram, sərhədləri açıram, iqtisadi əməkdaşlığa başlayıram. Bu imkan verir ki, Ermənistan anti-türk siyasətindən əl çəksin. Rusiyanın isə marağı odur ki, birqütblü balans pozulsun, Qafqazda Rusiya-Türkiyə münasibətləri uyğunlaşdırılsın. Belə olan halda bir tərəfin Ermənistanı, digər tərəfin Azərbaycanı dəstəkləməsi təcrübəsinə son qoyulur. Bu zaman Rusiya və Türkiyə birgə əməkdaşlığa başlayır ki, Qarabağ münaqişəsi öz həllini sürətlə tapsın. Bu bizdən də asılıdır. Biz təşəbbüslər göstərməli, maraqlı layihələr irəli sürməliyik. 


- İran prezidentinin Ermənistan səfəri başlayıb. Bu səfərə münasibət birmənalı deyil. Sizin yanaşmanız nədən ibarətdir?
- Mənə görə, normal səfərdir. İran öz qonşuları ilə xoş münasibət qurmağa çalışır. İran Azərbaycanla da, Ermənistanla da xoş münasibətlər qurub, hər iki tərəflə əməkdaşlıq edir. Bu, İran üçün müsbət hadisədir. 


Nemət
   
  

Tarix: 21 Dekabr - 15:21
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər