Firudin Cəlilov: “Türkiyəni çalxalamaq cəhdləri davam edəcək” - MÜSAHİBƏ

Teleqraf.com sabiq təhsil naziri, türkoloq, professor Firudin Cəlilovla müsahibəni təqdim edir. 

 

- Firudin müəllim, Türkiyədə baş verən son olayları, terror hadisələrini və Rusiya səfirinin öldürülməsini necə qiymətləndirirsiniz?
- Türkiyədə Rusiya səfirinə qəsd edilməsi dünya tarixi çapında çox böyük hadisədir. Çünki iki böyük dövlətin münasibətləri zaman-zaman yaxşı və ya gərgin olub. Səfirin öldürülməsi əslində gərginlik yaşanan dövrə təsadüfi edir. Buna qədər Rusiya qırıcısı Türkiyə hava məkanını pozduğu səbəbindən vurulmuşdu. Tərəflər yenicə bir-birinə yaxınlaşırdı və bu məqamda səfir Karlovu Ankarada öldürdülər. Bu hətta dünya savaşına yol açacaq hadisədir. Buna bir nəfərin öldürülməsi kimi yanaşmaq olmaz. Belə bir hadisə Rusiyanın başına Qribayedov İranda öldürülərkən gəlmişdi. Əlbəttə, bu erməni qüvvələrinin fitnəsi sayəsində baş tutmuşdu. Ancaq səfir Karlovun terrorla öldürülməsinin arxasında güclü qüvvələr dayanır. Rusiya ilə Türkiyə yaxınlaşmağa yenicə başlayırdı. Xüsusilə Suriya məsələsində. Səfirin öldürülməsindən bir gün sonra Moskvada Rusiya, Türkiyə və İran arasında danışıqlar raundu nəzərdə tutulurdu. Bu terroru həm də ona görə etdilər ki, Ankara, Moskva və Tehranın Suriya məsələsində ortaq məxrəcə gəlməsinin qarşısı alınsın.


- Bu hadisənin baş verməsi sizcə, daha çox kimə sərf edirdi?
- Təbii ki, Suriyada müharibəni başladanlara və indi də müharibənin davam etməsini istəyən qüvvələrə. Eləcə də İŞİD-i hazırlayıb ortaya çıxaran qüvvələrə. Bu hadisəni böyük qüvvələr hazırlayıb. Həm də bu hadisə Türkiyə dövlətinə arxadan vurulan zərbə kimi dəyərləndirilməlidir. Bu mənada Türkiyə son dönəmlərdə çətin mərhələdədir. Fətullahçıların çevriliş cəhdi, iki gündən bir böyük şəhərlərdə həyata keçirilən terror hadisələri, 3 milyona yaxın suriyalı qaçqınların Türkiyədə yerləşdirilməsi. Bütün bunlar böyük problemlərdir. Əslində heç bir dövlət buna dözə bilməzdi ki, Türkiyə dözür. Gündə nə qədər şəhid olur. Bu ağır dönəmdir. Mən inanıram ki, Türkiyə bu mərhələni şərəflə keçəcək. Çünki Türkiyənin keçmişi, Osmanlı dövlətinin tarixi var. 


- Bundan sonrakı mərhələdə nələr gözlənilir?
- Türkiyəni sıxışdırmaq, çalxalamaq, yanlış yollara sövq etmək cəhdləri davam edəcək. Odur ki, Türkiyə də həddən artıq soyuqqanlı olub bu hədələri dəf etmək zorundadır. Bunu da ağıllı etmək lazımdır, yeni düşmənlər deyil, dostlar qazanaraq bunu etməlidir. Türkiyə mediası həm də Avropaya başa salmalıdır ki, bu gün partlayış, sui-qəsd İstanbulda baş verirsə, sabah Parisdə, birisi gün Berlində olacaq. Və olur da. Terroristlər Türkiyəyə daha yaxın olduğu üçün iki gündən bir Türkiyədə terror hadisələri baş verir. Amma növbə sizə də gəlib çatacaq. Məncə, bu istiqamətdə iş aparılmalıdır. Terrorizmə qarşı ancaq bir dövlət mübarizə aparmamalıdır. Dünya dövlətlərinin anti-terror sənədi, yol xəritəsi olmalıdır. Əks halda heç bir dövlət terrordan sığortalanmayacaq. 


- Demək olarmı ki, bundan sonra Suriya məsələsində Ankara Moskva ilə birgə hərəkət edəcək, bu zaman Qərbin maraqları nəzərə alınmayacaq və nəticədə daha gərgin münasibət formalaşacaq?
- Türkiyənin Rusiya ilə yaxınlaşması hələ o demək deyil ki, Ankara ilə Moskvanın maraqları tam üst-üstə düşür. O maraqların içərisində həm də daban-dabana zidd maraqlar var. Məsələn, Rusiya PKK-nı dəstəkləyir, Rusiya Suriyada Türkiyə əleyhinə olan qüvvələri dəstəkləyir, Bəşər Əsədi dəstəkləyir. Bunların hamısı Türkiyənin çıxarlarının əksinə olan hallardır. Amma buna baxmayaraq, bir masa arxasında əyləşərək müəyyən razılığa gəlirlər. Bu mənada onlar maraqlar içərisində olan ziddiyyətlər üzərində razılığa gələ bilsələr, bu halda Rusiya-Türkiyə dostluğu daha səmimi və dərin olar.


- Sizcə, tərəflər ziddiyyət təşkil edən məsələlərdə razılığa gələ bilərmi?
- Elə məsələlər var ki, bunda Rusiyanın da, Türkiyənin də marağı var. Nəticədə Türkiyə Rusiyanın həmin marağı məsələsinə müsbət yanaşmır. Məsələn, Bəşər Əsədin hakimiyyətdə qalmasına. Tərəflər belə ziddiyyətli maraqlar üzərində razılaşma əldə etmək üçün bir qədər də kompromisə getməlidir. Tutaq ki, müvəqqəti dövr üçün razılıq əldə edilməlidir. 


İkincisi, Amerikanı bu prosesdən kənarda saxlamaq o deməkdir ki, razılaşmalar çətin reallaşa bilər. Mütləq ABŞ da bu masa arxasında oturmalıdır. Artıq Obama administrasiyasının indiyə qədər apardığı siyasət Suriya hadisələrinin indiki vəziyyətə gəlib çıxmasına xidmət edirdi. Amma yeni prezident Tramp məsələlərə bir qədər başqa prizmadan yanaşır. Məsələn, indiyə qədər Amerika deyirdi ki, yaxşı terrorçular və pis terrorçular var. Biz yaxşı terrorçuları dəstəkləyir və ona silah veririk. Necə ki, PKK-ya silah verir. Amma inanmıram ki, Tramp belə siyasəti davam etdirsin. Ən azından Tramp bəyanatlarında bu məqamlara ciddi olaraq toxunur. Əgər ABŞ-ın Orta Doğu siyasətində dəyişiklik edilsə, razılaşma masası arxasında onların da əyləşməsi mümkün olardı. Bu isə böyük güclərin Orta Doğu məsələsində bir araya gəlməsi, müzakirələr aparması və razılıq əldə etməsi üçün əsas olardı. Hesab edirəm ki, bu istiqamətdə iş aparmaq lazımdır.
 

Nemət

Tarix: 23 Dekabr - 18:12
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər