Sülhəddin Əkbər: “Ekspertlər bildirirdi ki, “Tu-154”lər bir-bir yerə düşəcək” - MÜSAHİBƏ

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərlə müsahibəni təqdim edir. 


- Sülhəddin bəy, Rusiyaya məxsus “Tu-154” təyyarəsinin Suriyaya gedərkən Qara dəniz səmasında qəzaya uğramasını, 92 hərbçinin ölümünü necə qiymətləndirirsiniz: bu qəzadır, yoxsa terror aktı?
- Hələ 1980-cı illərində bütün ekspertlər deyirdi ki, SSRİ-nin aviasiya parkı köhnəlib. Bu həm də Rusiyanın hərbi təyyarələrinə aid edilirdi və bildirilirdi ki, bu təyyarələr bir-bir düşəcək. Zənnimcə, bu faktoru mütləq nəzərə almaq vacibdir.

 
İkincisi, mənim bu hadisəyə konkret münasibətim var. Əgər mütəxəssis bu hadisə ilə bağlı araşdırmalarda iştirak etmirsə, istintaq materialları ilə tanış deyilsə və ya məhkəmədə sübut hesab ediləcək dəlillər, faktlar toplamayıbsa, bu məsələyə dair fikir söyləmək qeyri-ciddiliyin göstəricisidir. 


- Ancaq fərziyyə və ya versiyalar irəli sürmək mümkündür...
- Təbii ki, müxtəlif versiyalar söyləmək olar. İstintaq da hər zaman təxribat versiyasını araşdırır. Çox güman ki, Rusiyanın xüsusi xidmət orqanları və rəsmi istintaqla məşğul olan orqanları təxribat versiyasını da araşdıra bilər. Şübhəsiz ki, təxribatlar törədilərkən vacib deyil ki, mütləq təyyarəyə partlayıcı maddə qoyulsun və təyyarə partladılsın. Texnogen qəzalar törətmək olur ki, araşdırma nəticəsində şübhə yaranmasın. İndi ağıl-zəka, texnoloji səviyyə o qədər yüksəlib ki, bunu çox zaman ayırd etmək çətin olur. Üstəlik təyyarə tapılmalı, quruya çıxarılmalı, hərtərəfli araşdırılmalı, müxtəlif sübutlar toplanılmalıdır. Əks təqdirdə dəqiq fikir söyləmək çətin olardı.


- Suriya prosesi çoxlu canlar alır, söhbət ancaq ərəblərdən getmir. Suriyada iştirakı olan dövlətlərin əsgərləri, hərbi texnikası, bəzən mülkü insanları da ölür. Sizcə bu proses davamlı olacaq?
-  Suriya müharibəsi vətəndaş müharibəsi kimi başladı, indi artıq geosiyasi xarakter alaraq strateji müharibəyə çevrilib. Geopolitik o mənada deyirəm ki, artıq Suriya müharibəsi və onun ətrafında baş verənləri qiymətləndirəndə görünür ki, burada çox tərəflər var. Həm regional oyunçular var, həm də qlobal mərkəzlər. Bunların hər birinin Suriya müharibəsində öz marağı var. Strateji müharibə olmasını göstərən fakt odur ki, burada ancaq hərbi gücdən istifadə edilmir. Hərbi güclə paralel olaraq siyasi amildən tutmuş iqtisadi amilə qədər hər şey var. Dövlət və dövlət olmayan quruluşların əlində nə qədər imkan və resurs varsa, istifadə edilir. Odur ki, biz geopolitik və həm də strateji müharibədən danışa bilərik. Üstəlik Suriya müharibəsinin həlli perspektivi də hələlik görünmür. Ola bilsin ki, bu konflikt getdikcə mürəkkəbləşəcək, qızışacaq və gərginləşəcək. Amerikada yeni administrasiya işə başlayandan və Suriya siyasəti bəlli olandan sonra daha dəqiq fikir demək olar. Ancaq hələlik Rusiya, İran və Bəşər Əsəd rejiminin bu konflikti öz gücünə həll etmək imkanları yoxdur. Yəni, ancaq geopolitik marağı olan qlobal güclərin razılığı olacağı təqdirdə bu savaşın sonu görünə bilər. Və ya tərəflərdən biri hərb meydanında digərinin üzərində qələbə çalacağı təqdirdə. Bu da çox çətin məsələdir. Odur ki, Amerikada Donald Tramp administrasiyasının işə başlamasını, onun Suriya siyasətinin konturlarının necə olacağını gözləmək lazımdır. Yəni Amerika Rusiya ilə anlaşma əldə edirsə, yalnız bu halda Suriya düyününün çözümü görünər. Ancaq İraq təcrübəsini nəzərə alanda bəlli olur ki, Suriyada təhlükəsizliyin, sabitliyin və sülhün bərpa olunması uzanacaq.


- Rusiya-Türkiyə yaxınlaşması sona qədər davamlı olacaqmı?
- Xeyr. Mən buna strateji bir yaxınlaşma olduğunu düşünmürdüm və bu gün də düşünmürəm. Hesab edirəm ki, bu daha çox operativ-taktiki bir yaxınlaşmadır. Bu yaxınlaşmanın da konkret səbəbi var.


- Səbəb nədir?
- ABŞ və Avropa Birliyinin Türkiyəyə olan münasibətidir. Daha doğrusunu desək, ABŞ və Avropa Birliyinin Türkiyənin indiki hakimiyyəti və onun apardığı siyasətə reaksiyasıdır. Amerika Suriya siyasətinə yenidən baxarsa və orada kürdlər, PYD, YPQ və PKK ilə deyil, Türkiyə ilə əməkdaşlıq edərsə, bu zaman Türkiyə-Amerika, Türkiyə-Avropa Birliyi və Türkiyə-NATO münasibətlərində normallaşma müşahidə ediləcək. Bir daha qeyd edim ki, burada başlıca səbəb ABŞ və Qərbin Türkiyəyə olan qeyri səmimi münasibətidir. Şəxsən mən ABŞ və Avropanın Türkiyə siyasətinin yanlış olduğunu düşünürəm. Və hesab edirəm ki, bu mərkəzlər Türkiyə siyasətlərinin yanlış olduğunu gec də olsa, anlayacaqlar.


- Yəni yanlış siyasəti düzəldəcəklər?

- Mənə elə gəlir ki, düzəldəcəklər. Mənim anladığım odur ki, artıq həmin dairələr Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasından narahat olmağa başlayıblar. Narahatçılığın aradan qaldırılması üçün də onlar öz siyasətlərinə yenidən baxmalı olacaqlar. Görünən odur ki, onlar siyasətlərinə müəyyən korrektə edəcək. ABŞ və Avropanın Türkiyə ilə iqtisadi, siyasi və hərbi münasibətləri o qədər dərinləşib ki, indi bu bağları kəsmək hər iki tərəfə böyük ziyan verə bilər. Buna görə də Türkiyənin özü də maraqlıdır ki, Avropa Birliyi və Amerika ilə münasibətlər normallaşsın. Ancaq indi münasibətlərin bu həddə gəlib çatmasının səbəbkarı Qərbin yürütdüyü siyasət, tutduğu mövqedir.


- Türkiyə-Rusiya yaxınlaşması və bu prosesə İranında qoşulması Yaxın Şərqdə stabilliyin yaranması üçün əsas qarant ola bilərmi?
- Xeyr. Mən bunu düşünmürəm. Əvvəla, Yaxın Şərqdə görünən perspektivdə sabitliyin və sülhün bərqərar edilməsi çox çətindir. Mən hər zaman deyirdim ki, II Dünya Müharibəsindən sonra yaradılan dünya düzəni dağıdılıb, yeni dünya düzəni qurulur. Bu düzənin qurulmasına faktiki olaraq Rusiyanın yaratdığı və bəzi ölkələrin də daxil olduğu koalisiya müqavimət göstərir. Burada əsas ön planda Rusiya, İran və Çin görünür. Ya tərəflərdən biri  ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasına tabe olmalıdır, mən Rusiyanı nəzərdə tuturam. Bu halda konflikt sabitləşə bilər. Və ya Amerika və Qərb Rusiyanın ambisiyası, SSRİ kimi qlobal oyunçu olması faktı ilə barışmalıdır. Söhbət ancaq hərbi gücdən getmir. Bunun üçün elmi, texniki, iqtisadi, mədəni gücün olması da mühümdür. Bu sadalanan güclərdən heç biri Rusiyada yoxdur. Moskva daha çox hərbi gücünə arxayın olur. Amma bu da Amerikanın hərbi gücü ilə müqayisə edilməzdir. Məsələn, Amerikanın müdafiə nazirliyinin büdcəsi ilə Rusiyanın dövlət büdcəsini müqayisə edəndə bəlli olur ki, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən üç dəfə çoxdur. Məsələn, Pentaqonun büdcəsi 611 milyard dollardır, Rusiyanın dövlət büdcəsi isə 190 milyard dollardan bir qədər azdır. Nəticəni özünüz çıxarın.


- Prezident Putin son mətbuat konfransında bəyan etdi ki, ABŞ-ın indiki hökuməti dünyaya sübut etmək istəyir ki, ən güclü ordu onlara məxsusdur, ancaq buna heç kim şübhə etmir...
- Sizə deyim ki, Putinin bu istiqamətdə açıqlaması birinci dəfə deyil. Hesab edirəm ki, əslində bu Putinin Amerikanın qlobal liderliyini qəbul etməsi deməkdir. Yəni Amerikaya danışıqlara hazır olduğu mesajını verir. Başqa sözlə, əgər Amerika Rusiyanın müəyyən tələblərini qəbul edərsə, Rusiya onun qlobal güc olduğuna şübhə etməz. Bu sanki oyundur. Məlum olduğu kimi, dünyada ən güclülərin belə sırası var. Rusiyanın böyük güc olduğunu, regional maraqlarını Vaşinqton qəbul etsin, Moskvada Amerikanın ən böyük güc olduğunu qəbul etsin. Hesab edirəm ki, Putinin son mesajı bu anlamı verir. 


- Sizcə, indi dünyada bir super qlobal güc var, yoxsa SSRİ dönəmində olduğu kimi iki qütblü dünya mövcuddur?
- Bu baxımdan mən əksər ekspertlərin dediklərinin tam əksini düşünürəm. Amerika yeganə qlobal gücdür və gələcəkdə də yeganə güc olaraq qalacaq. Burada söhbət ABŞ-ın qlobal güc olaraq üzərinə düşən vəzifə və məsuliyyəti nə dərəcədə yerinə yetib-yetirməməsindən gedir. Bəli, prezident Obamanın ikinci müddəti dönəmində Amerika bu funksiyanı layiqincə yerinə yetirmədi. İndi müzakirə mövzusu da əslində budur. Donald Trampın seçki öncəsi əsas şüarı nədən ibarət idi? Deyirdi ki, mənim əsas məqsədim Amerikanı yenidən böyük güc etməkdir. Deməli, yeni ABŞ administrasiyasının əsas hədəflərindən biri də bu olacaq. Məsələn, bu gün çoxları düşünür ki, Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan sonra ABŞ-Rusiya münasibətlərində normallaşma mərhələsi başlayacaq. Mən bunun əksini düşünürəm. Ortada obyektiv çatışma, maraqların toqquşması vəziyyəti mövcuddur. Münasibətlər yalnız o halda sabitləşə bilər ki, Rusiya Amerikanın qlobal güc olduğu ilə hesablaşsın və yeni dünya düzəni ilə razılaşsın. Əgər danışıqlar baş tutarsa, bu, ancaq ABŞ-ın şərtləri ilə mümkün ola bilər. Əks halda, gərginləşmə davam edəcək. 


NEMƏT

Tarix: 26 Dekabr - 17:35
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər