Atatürkə sevgi - Rotary Klubunda bir gün

Ötən həftənin ikinci günü Silence İstanbul Hotel-də Ataşehir Rotary Klubunun toplantısında iştirak etdim. Birinci dəfə ötən ilin oktyabrında iştirak etdiyim toplantıda noyabr ayında şagirdlərin iştirakı ilə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət planı vardı. 

 

Noyabrın 3-də 33 avtobus 1400 şagirdin iştirakı ilə “Atamıza gedirik” adlı layihə çərçivəsində Mustafa Kamalın məzarı ziyarət olundu. Ziyarətdən sonra şagirdlər xatirələrini yazacaq, klub üzvləri tərəfindən dəyərləndirilərək ən yaxşıları mükafatlandırılacaqdı. 


Budəfəki toplantıda həftəlik məsələlərlə yanaşı şagirdlərin yazdığı ən yaxşı inşalar oxunuldu və qaliblər seçildi. Qarşıdakı günlərdə mükafatlandırma mərasimi keçiriləcək.


Qeyd edək ki, dünya səviyyəsində təşkilatlanmış Rotary Klubları yer üzündə barışın, olması, bütün məsləklərdə yüksək əxlaq standartlarını təşviq etmək üçün çalışır.


“Özündən öncə xidmət” prinsipinə əsaslanan Rotary dörd təməl qaydaya söykənir:


-    Üzvlər arasında dostluğu inkişaf etdirmək
-    Xidmət etmək fürsətlərini yaxından təqib etmək
-    Xidmət ideyasını şəxsi həyata daxil etmək
-    Qarşılıqlı anlayışı və beynəlxalq əlaqələri inkişaf etdirmək


ROTARY ilk dəfə 1905-ci ildə vəkil Paul Harris və üç dostu – kömür ticarətçisi Silvester Schiller, mədən mühəndisi Gustavus Loehr və tacir Hiram Shoryenin fikirləri əsasında yaradılıb. İngilis, alman, isveç və irland əsilli olan bu şəxslər müxtəlif dini görüşlərə (protestant, katolik və musəvi) malik olublar. Məhz elə buna görə sonralar Rotary-nin dəyərlərində milli, dini, irqi, cinsi fərqlərin önəm daşımadığı qeyd olunub. Bu 4 nəfərə mətbəəçi Harry Rugglesin və əmlakçı Will Jensonun da qatılması ilə 23 Fevral 1905 tarixində Çikaqo Rotary Klubu qurulur. 


Klubun ilk başqanı Schiller seçilir. Klub fikrini ilk dəfə ortaya atan Paul Harris iki il sonra başqan olur. Yığıncaqlar sıra ilə hər üzvün bürosunda edildiyi üçün üzvlər tərəfindən təklif edilən və “bir ana ox ətrafında dolanma” mənasını verən ROTARY sözü klub adı olaraq qəbul edilir. 


San-Fransiskoda ikinci Rotary Klubu 1908 tarixində vəkil Henry Wood tərəfindən qurulur.Üçüncü Rotary Klubu 1909 tarixində qurulan Oakland Rotary Klubudur.


Eyni il dördüncü Rotary Klubu Vaşinqtonda, beşinci Rotary Klubu Los Ancelesdə, altıncısı Bostonda qurulur. 1910-cu ildə ABŞ-da klub sayı 16-ya və Rotaryen sayı 1500-ə çatır.


Rotary-nin ilk konqresi 1910-cu ilin avqustunda Chesley R. Perrynin başqanlığında Çikaqoda baş tutur. Bu konqresdə mövcud 16 Klubdan 14-nün və 1500 Rotaryenin iştirakı ilə Beynəlxalq ROTARY Klublar Birliyi qurulur. 1910-ci ilin sonlarında Kanada Winnipeg Klubu və yeni səkkiz Klubun qurulması ilə Rotary tək bir təşkilat altında birləşir və beynəlxalq əlaqələrin əsası qoyulur. 1911-ci ildə İrlandiyada Dublin və Belfastdan iki yeni klubun qurulması ilə Rotary hərəkatı Avropada da yayılmağa başlayır və eyni ilin sonunda ROTARY klublarının sayı 28-ə və üzv sayı da 2500-ə çatır. 1912-ci ildə Şotlandiyada Edinburg və Glaskow klublarının qurulması ilə Rotary-nin ölkələrarası yayılması sürətlənir və 1912-ci ildə Minesotada toplanan III. İllik Konqresdə Milli Rotary Klubları Birliyinin adı Beynəlxalq Rotary Klublar Birliyinə çevrilir və birliyin sədri Paul Harris seçilir. Bu konqres də 41 Klub 548 üzv ilə təmsil olunur. 


Türkiyədə ilk Rotary Klubu 1954-ci ildə Ankarada qurulur. 1950-1952 illərdə jurnalist Falih Rıfkı Atay, jurnalist Əhməd Emin Yalman, Prof. Şükrü Esmer tərəfindən cəhdlər göstərilir, lakin uğurlu olmur.  


1952-ci ilin Oğuzhan Koraltan tərəfindən başladılan ikinci cəhddə Nail Avunduk və Dos. Dr. Mukbil Özyörükün qurucu üzv olduğu Ankara Rotary Klubu 24 mart 1954-də yaradılır. Klubun ilk başqanı Şahap Birgi seçilir.


Daha sonra İzmirdə, İstanbulda, Bursada klublar qurulur. 


Türkiyədə ilk Rotary Klubunun qurulduğu 1954-ci ildən 1964-ci ilə qədər keçən ilk on il içində Klub sayı dördü keçmir. 1965-ci ildə Çankaya və 1966-ci ildə Samsun Rotary Klubu yaradılır. Bu gün Türkiyədə 230-dan çox Rotary Klubu və 7500-dən çox Rotaryen var. Dünya miqyasında klub sayı 30 mindən çoxdur. 


İştirak etdiyim İstanbuldakı Ataşehir Rotary Klubu isə 23 fevral 1999-cu ildə qurulub. Hazırki başqan Serkan Bakılıdır.

 

Qeyd edək ki, Rotary hərəkatına qoşulan şəxslər Rotaryen adlanır və onlardan ölkələrinə və inanclarına sadiq olmaq istənilir. Bir Rotaryenin yaşamındakı əsas qayə məsləyinin təkcə özünə deyil, həm də digər insanlara xidmət olduğunu qəbul etməsidir.

Elə buna görədir ki, Ataşehir Rotary Klubunun üzvləri çağdaş, dünyəvi dəyərləri təbliğ etməklə yanaşı, tələbələrin yaxşı təhsil alıb peşəkar mütəxəssislərə çevrilmələri üçün təqaüd proqramları ilə yanaşı müxtəlif dəstəklər verir, ətraf mühitlə, xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı dəstək kampaniyaları keçirir. 


Hazırda İstanbulda Ataşehir Rotary Klubu ən aktiv fəaliyyət göstərən klublardan biridir. 


Dünyada ölkələrin, insanların başqalarının xidmətinə, dəstəyinə böyük ehtiyacı var. Bəşəriyyətin gələcəyi üçün insanların bir arada, qarşılıqlı yardım içində olduğu bu kimi beynəlxalq təşkilatların varlığı mütləqdir. 


Dilqəm ƏHMƏD

Tarix: 09 Yanvar - 19:25
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər