Şahbaz Xuduoğlu: “Palçıq vulkanına olan münasibət Cəfər Cabbarlıya da olmalıdır” – MÜSAHİBƏ

Teleqraf.com “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluyla müsahibəni təqdim edir:

 

- Şahbaz bəy, keçən il “Qanun”da oğurluq olmuşdu. Hazırda işlə bağlı vəziyyət nə yerdədir?

 

- “Qanun” nəşriyyatında iki il dalbadal eyni gündə oğurluq hadisəsi baş verdi. İkinci oğurluq baş verəndən sonra əməliyyat-istintaq tədbirləri görüldü və oğrular həbs olundu. Biz videoya baxanda oğurluq edən şəxsin yerişi tanış gəldi, bu işdə içəridən kiminsə əlinin olduğunu bildik. Bəlli oldu ki, əvvəl bizim nəşriyyatda işləyən adamlardan biri olub. Sonradan istintaq qrupu cinayətkarların tutulması ilə bağlı rəsmi məlumat açıqladı. Ancaq hələ oğurlanan vəsait geri qaytarılmayıb. İşin yekununun necə olduğu barədə hələ məlumatımız yoxdur.

 

- Nəşriyyatın hazırkı iqtisadi durumu necədir? Kitabların satış səviyyəsindən razısınızmı?

 

- Ümumilikdə kitab bazarında mənzərə yaxşıya doğru dəyişib. Kitabların çeşidi artır, nəşriyyatların sayı çoxalır, yazmaq stimullaşdırılır, yazıçıların cəmiyyətdəki rolu tədricən artır. Bu sahədə müəyyən inkişaf var və göz qabağındadır. “Qanun”un vəziyyətinə gəlincə, 2015-ci il bizim üçün ən məhsuldar il olub, satış pik həddə idi, 300-dən çox kitab nəşr etmişdik. 2016-cı il isə nəşriyyatımızın ən böhranlı idi oldu, il boyu cəmi 150 kitab nəşr edə bildik. Bu bizim nəşriyyat üçün ən aşağı göstərici idi. İşçilərimizin çoxu yeni yaranan nəşriyyatlara  gedib. Hər halda, bütün gücümüzlə işləməyə çalışırıq.

 

- Bəs bu il nə qədər kitab nəşr etməyi planlaşdırırsınız?

 

- Bu zamana qədər tərcümə olunmuş və hələ çapa getməmiş xeyli kitablarımız var. Boris Pasternakın “Doktor Jivaqo” romanı çapa gedib, yəqin gələn həftə çıxacaq. Nobelçilərdən Alice Munronın “Gözəl həyat” əsəri tərcümə edilib və artıq çapa gedəcək. Tək bədii ədəbiyyat yox, başqa sahələrdə də xeyli kitablarımız var. Bəziləri çapa hazırlanır, bəziləri redaktə prosesindədir. Əlimizdə xeyli sayda yarımfabrikat kitablar var. İmkan olsa, hesablarımız açılsa, ən nəhayət, “Qanun”un üstündən qırmızı işıq götürülsə, bu kitabları bu il çap edəcəyik. 2013-cü ildən ta bu günə qədər hesablarımız bağlıdır, üzərimizdə cinayət işi, 150 min manatdan çox cərimə var. Başqa ölkələrlə əməkdaşlıq imkanlarımız sıfıra bərabərdir, çünki əməliyyatlar hesabdan-hesaba aparılmalıdır deyə heç nə edə bilmirik. Belə bir durumda işləyirik.

 

- “Ən yeni ədəbiyyat”, “Gənc yazarın ilk kitabı” kimi layihələriniz vardı. Bu silsiləni davam etdirməyi nəzərdə tutursunuzmu?

 

- Mətbuatdan imzasına bələd olduğum, amma kitabı olmayan yazarlar var. Məmnuniyyətlə istəyirəm ki, onların kitabları çap olunsun. Bu layihələr çərçivəsində 25 kitab çıxdı, amma son illərdə sürətimiz səngidi. Hər halda, yaxşılığa doğru vəziyyətimizdə az da olsa dəyişiklik baş versə, bu layihələri mütləq bərpa edəcəyik.

 

- “Qanun” nəşriyyatının tərcümə işi tez-tez tənqid də olunur. Bəzən tərcümələrin keyfiyyətindən narazılıq olur, bəzən də kitabların çapından... 

 

- Nə qədər ki “Qanun” tək idi, hamı onda qüsur axtarırdı. Amma indi digər nəşriyyatların buraxdığı kitablar da var, tərcümələr də, kitabların keyfiyyəti də göz qabağındadır. Müqayisə edib hansı nəşriyyatın daha keyfiyyətli tərcümə etdiyini görsünlər. Bu gün digər nəşriyyatların da tərcümə üçün müraciət etdiyi şəxslər “Qanun”un çalışdığı tərcüməçilərdir. Bir yerdə tərcüməçinin əlindən çıxan material digər nəşriyyatda keyfiyyətsiz ola bilməz axı. Əlbəttə, bizim qəbul etdiyimiz müəyyən qüsurlar var. İstehsalat prosesidir, bəzən maşının proble ola bilər. Fabrikat zamanı hansı səhvlərin baş verəcəyini bilmək olmur. Maksimum çalışırıq ki, keyfiyyətli məhsul təqdim edək, oxucuların gözləntilərinə xələl gəlməsin. Əvvəlki illərlə müqayisədə həmişə inkişaf olur. Həm tərcümə və kitab seçimində, həm də tərtibatda bu keyfiyyət dəyişikliyini görmək mümkündür.

 

- Keyfiyyətdəki qüsurların satışa təsiri varmı?

 

- Əsas problem odur ki, Azərbaycan dilində kitab oxumaq vərdişi aşağı səviyyədədir. Kitab oxuyanların əksəriyyəti rusca, türkcə, bəzən ingiliscə oxuyur. Azərbaycan dilində kitab oxumaq vərdişi yüksək səviyyədə olarsa, onda kitabların keyfiyyəti də artar. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” ay ərzində 5-6 ədəd satılır. Axı rəqəmlər belə olmamalıdır. Deyirlər yox, Azərbaycan ədəbiyyatını oxuyurlar. Mən hər gün bu fakt və rəqəmlərlə üz-üzəyəm.

 

Bilirəm ki, Azərbaycan ədəbiyyatı və azərbaycanca kitab pis oxunur. Bunun da obyektiv səbəbləri var. Məhz təhsillə bağlı məsələdir. Məktəblərdə şagirdlər tətil zamanı bədii ədəbiyyat oxunmağa həvəsləndirilsə, bu problemin həllinə töhfə verilmiş olar. Klassik ədəbiyyatı mən buraxıram və bilirəm ki, bu kitab ayda neçə ədəd satılır. Əlimdə statistika var. Xəyallarla özümüzü aldatmaq lazım deyil. Reallıqla üz-üzə qalıb buradan çıxış yolu tapılmalıdır ki, məsələni optimal yolla necə həll etmək olar. Onda, məncə, hər şey yaxşı olacaq. 

 

- Nizami Gəncəvinin kitablarının ayda 5-6 ədəd satılması faktı ağrılıdır. Bəs müasir yazıçılarımızın satışından necə, razısınızmı?

 

- Detektiv yazarların kitabları nisbətən yaxşı satılır. Elxan Elatlı, Varis, Çingiz Abdullayevin kitablarının satışı yaxşıdır. Ümumilikdə detektiv janrda kitabın 20 min nüsxəsi satılmalıdır, ancaq mini satılır. Dantsova 50 min tirajla çıxır, Çingiz Abdullayevin kitabı min ədəd satılır. Bu, artıq bizim üçün faciəli bir şeydir. Mahiyyət etibarilə Abdullayevin kitabı Dantsovanın kitabları qədər satılmalıdır.

 

- Detektiv ədəbiyyatın oxunmaq şansı daha çoxdur, bəs digər janrlarda yazan yazıçılar?

 

- Burda bir incə məqam var. Kanada yazıçısı Alice Munro qısa hekayələr yazır, ağır oxunur, kitabları böyük tirajla satılmır. Ancaq Kanadada müxtəlif fondlar onun kitablarının təbliğatında maraqlıdır. Klassik üsulla fikrə, ədəbiyyata, sözə xidmət edən kitabların yayılmasında mədəniyyət irsini daşıyan fondların birbaşa iştirakı var. Bizdə bu hal yoxdur axı. Cəlil Məmmədquluzadənin əsərlərini ingilis dilinə necə çevirə bilərsən? Heç cür tərcümə edə bilməzsən. Çünki maraq olmayacaq. Tərcümə Mərkəzi yaranıb, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində nəşriyyat işi idarəsi və onun içərisində tərcümə şöbəsi var. Bu təşkilatlar kitab nəşr edirlər. Bəs niyə Mirzə Cəlilin, Axundovun, Haqverdiyevin, Nizaminin kitabları niyə dünya bazarına çıxmır? Lap dünya bazarında olmasın, Azərbaycana xeyli sayda turist gəlir, onlar Azərbaycan mühitini öyrənmək üçün onun ədəbiyyatına müraciət etmək istəyirlər. Ancaq ədəbiyyatımız başqa dillərdə yoxdur. Bəs niyə? Olmalıdır axı. Söhbət, ümumiyyətlə, kitaba biganə münasibətdən gedir. Bizə elə gəlir ki, kitab mədəniyyətin bir sahəsi deyil. Əgər palçıq vulkanının ətrafında turizm şousu yaradırıqsa, ədəbiyyatın da ətrafında şou yaradılmalıdır.

 

Axı ədəbiyyat da mədəniyyətin göstəricisidir, bu da turizm elementidir. Niyə “Yüz ilin tənhalığı” əsərindəki coğrafiya üzərinə tur təşkil olunur. Niyə “Məsumiyyət muzeyi” ilə bağlı İstanbulda muzey açılır və hər gün oraya turistlər gedir. Niyə Danabaş kəndi ilə bağlı Mirzə Cəlilin turizm xəritəsi olmasın? Ola bilərdi axı. Mikayıl Müşfiqin quru ev muzeyi var, ancaq həyatı ilə bağlı maraqlı hekayətlər var, onunla bağlı nə isə edilmir, bu elementlər təbliğ edilmir? Söhbət, əslində, təbliğatdan da getmir, onlara layiq formada təqdimatdan gedir. Təqdimat üçün də onlar haqda tərcümələr aparılmalıdır, maraqlı elementlər göstərilməlidir. Palçıq vulkanına olan münasibət gərək Cəfər Cabbarlıya da olsun da.

 

Nərgiz Cavadzadə, Mövlud Mövlud

Tarix: 10 Yanvar - 14:11
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər