Rəfsəncani öldürüldümü? – AÇIQLAMA

“Ayətullah Haşimi Rəfsəncani İran İslam Respublikasının qurucularından, ayətullah Ruhulla Müsəvi Xomeyninin yaxın silahdaşlarından biri olub. Rejimin böyük ideoloqlarından sayılır. Bu baxımdan Rəfsəncani bunların öz adamı idi. Sadəcə, islahat dövrü başlayanda Rəfsəncani islahatın tərəfində də olmayıb, ona əks də getməyib, ortada dayanıb”. 


Bunu Teleqraf.com-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirib. O qeyd edib ki, mühafizəkarlar islahatçılara hücum edəndə Rəfsəncani onların hücumunu dəf edirdi: “İmkan vermirdi ki, islahatçıları həddən artıq əzsinlər. Rəfsəncani islahatçılara bu həddə yardım edirdi. Amma Rəfsəncani heç vaxt bundan o tərəfə keçməyib”.

 

Qeyd edək ki, gələn il İranda prezident seçkisi keçiriləcək. H.Rəfsəncaninin də seçkidə iştirak hüququ var idi. Bu baxımdan onun həkim səhlənkarlığı nəticəsində öldürülməsinə dair fikirlər aktuallıq kəsb edir. Hətta, İranda bununla bağlı etiraz aksiyaları da keçirilib. Minlərlə insan Rəfsəncaninin dünyasını dəyişdiyi xəstəxananın önünə yığışıb. Etirazçılar Rəfsəncaninin xəstəxanada öldürüldüyünü iddia ediblər.
İranın səhiyyə naziri Əmir Möhsen Dayayın verdiyi açıqlama bu iddaları bir qədər də gücləndirib. O da sabiq prezidentin ölümündə həkimləri günahkar bilib: “Onun yanında şəxsi həkimləri olmayıb. Aldığım məlumatlara görə, həkimlər üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməyiblər”.


Ancaq N.Soytürk bununla bağlı deyilənlərə inanmadığını vurğulayıb: “Onun sonuncu dəfə millət vəkili olması da rəva görülmədi. Amma bunların heç biri açıqca olmayıb. Rəfcəncani dövlət idarəetməsindən uzaqlaşdırılıb, ancaq bu, üstüörtülü şəkildə olub. Bu baxımdan onun yaşasaydı belə prezidentliyə namizəd olacağı inandırıcı deyildi. Amma, o, Həsən Ruhaninin işinə çox yardım edirdi. İmkan vermirdi ki, o, meydanda tək qalsın. Bu mənada onun ölümü ilə islahatçılara zərbə dəydiyini düşünmək olar. Ancaq mən onun qəsdən öldürülməsinə dair səslənən versiyalara inanmıram”.

 

Qeyd edək ki, H.Rəfsəncaninin prezidentliyi illərində İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilk edib. Azərbaycanla Ermənistan arasında 1992-ci ilin mayın ilk günlərində atəşkəs haqqında saziş imzalanıb. Lakin bundan cəmi bir neçə gün sonra Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu. Ancaq H.Rəfsəncani atəşkəs sazişinə niyə əməl etmədiyini bir dəfə də olsun Ter-Petrosyandan soruşmadı. N.Soytürk bununla bağlı olaraq deyib ki, az qala Tehranda görüşlərin keçirildiyi günlərdə Şuşanın işğal edilməsi İranın oynadığı vasitəçilik missiyası ilə bağlı şübhələrin yaranmasına yol açıb. Onun sözlərinə görə, Azərbaycan bir növ cəbhə xəttində arxayın düşüb və bu, bir növ günah kimi İran rəsmilərinə dəfələrlə deyilib: “Bizim hərəkatımız bunu hər zaman deyib və Rəfsəncaninin dünyasını dəyişdiyi bu günlərdə də həmin söhbətlər aktualdır. Biz bunu həmişə demişik və bu gün də deyirik. İranın üzərinə öhdəlik götürməsi və bu öhdəliyə əməl etməməsi səbəb oldu ki, Ermənistan gəlib müəyyən şəhər və qəsəbələri, o cümlədən Şuşanı işğal etdi”.


Qeyd edək ki, İranın dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə Nuq şəhərində dünyaya gəlib. O, 1980-1989-cu illərdə İslami Şura Məclisinin (parlament) sədri, 1989-1997-ci illərdə İranın prezidenti olub. Daha sonra İranın Məqsədəuyğunluq Şurasının sədri vəzifəsini daşıyıb.


Yanvarın 8-də vəfat edən 83 yaşlı H.Rəfsəncani İranın ən zəngin şəxsi hesab olunurdu. O bir dəfə hətta, “Forbes”in dünya üzrə müəyyənləşdirdiyi ən zəngin 100 adamın siyahısında yer almışdı. Var-dövlətinin həcminə görə o, ölkəsində “Əkbər Şah” (Böyük Moğollar imperiyasının zəngin şahı Əkbər şaha görə - S.Həmid) ləqəbini alıb.


Səxavət HƏMİD

Tarix: 10 Yanvar - 18:25
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər