AŞPA qış sessiyasında bunları müzakirə edəcək – GÜNDƏLİK

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.

 

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti sədrinin müavini Vüsal Hüseynov sessiyada müzakirə ediləcək ilkin gündəlikdə yer alan əsas məsələləri açıqlayıb. Teleqraf.com-un məlumatına görə, gündəlikdə Ukraynada demokratik institutların fəaliyyəti, Livandakı vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzadakı humanitar böhrana dair müzakirələr aparılacaq.

 

Həmçinin, Avropada jurnalistlərə və mətbuat azadlığına olan təhdidlər, online media və jurnalist fəaliyyətində hesabatlılıq və çağırışlar, kiber ayrıseçkilik və onlayn resurslarda nifrət çıxışlarının dayandırılması zərurəti barədə danışılacaq.

 

V.Hüseynov qeyd edib ki, bundan başqa Türkiyədə demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri mövzusu müzakirə edilə bilər: “Sessiyada Kipr və Rumıniya prezidentləri, Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə Avropa komissarı, Kiprin xarici işlər naziri çıxışlar edəcək, Avropa Şurasının Baş katibi fəaliyyəti barədə məruzə təqdim edəcək. Assambleya həmçinin ölkələr üzrə öz montorinq mexanizmlərinin inkişafı məsələlərinə diqqət yetirəcək”.

 

Səxavət HƏMİD

 

Tarix: 10 Yanvar - 19:52
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər