Almurad Əliyev: “Artıq əlaqəmiz kəsilib”

“Türkiyədə baş verən hadisələri ürək ağrısı ilə seyr edirəm. Demək olar ki, hər gün terror hadisəsi baş verir. Heç bilmirəm nə deyim. Bunu edənləri lənətləyirəm. Əslində diqqətlə baxanda görürük ki, terror dünyanın hər yerində var. Yaxşı hal odur ki, bizdə sakitlikdir”.


Bunu mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Teleqraf.com-a açıqlamasında deyib.


Onun sözlərinə görə, terroru edənlər, buna sifariş verənlər cəzalandırılmalıdır: “Hesab edirəm ki, həm də ciddi tədbirlər görülməlidir. Görünür, ola bilsin ki, daxili strukturlarda da onların adamları var, belə hallarda onlar məsələyə məsuliyyətsiz yanaşır. Əks halda bunu etməyə çalışanları birdəfəlik götürərlər və məsələ də həll olunar. İndiki halda Türkiyədə hamı bir nöqtəyə vurmalıdır. Əks halda bu prosesin sonunun necə olacağını deyə bilmərəm. Sanki bunlar yerdən çıxır və ya göydən tökülür. Hər daşın altından bir terrorçu çıxır. Ancaq mənə elə gəlir ki, Türkiyə dövləti bu halların qarşısını alacaq”.


Almurad Əliyev daha sonra deyib ki, Türkiyədə mərhum prezident Əbülfəz Elçibəyin çoxlu sayda dostları yaşayır: “Onların bir çoxu dövlət adamıdır. Açığı Əbülfəz bəydən sonra əlaqəmiz nisbətən kəsilib. İndi bəzi dostlar var ki, bayramdan-bayrama əlaqə saxlayır və bir-birimizi təbrik edirik. Mən bir dəfə Türkiyəyə getdim, həmin vaxt Əbülfəzə bəyə mükafat veriləcəkdi. Çoxlu dostları var idi, hamısı da yaxşı, xalqını və dövlətini sevən insanlardır. Bəzən salam göndərirlər bizə”.


Cavad

Tarix: 11 Yanvar - 16:51
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər