“Ermənistan şəhidin meyiti ilə Azərbaycanı şantaj edir” – EKSPERT

Ötən ilin dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də geri qaytarılmayıb. Ermənistan tərəfi əsgərin meyitinin geri qaytarılmaması məsələsindən şantaj vasitəsi kimi istifadə edir. Halbuki, Azərbaycan tərəfi bu cür hallarda tamamilə başqa cür davranış nümayiş etdirir.

 

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə bildirib ki, bu daha çox mənəvi və humanitar bir məsələdir. Onun sözlərinə görə, bununla bağlı həm Ermənistan, həm Azərbaycan Cenevrə Konvensiyasını imzalayıb: “Həmin konvensiyaya görə əsir düşənlər və yaralılar, dünyasını dəyişənlər öz ölkələrinə qaytarılmalıdırlar. Bununla bağlı Azərbaycanda da, Ermənistanda da mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəliyi fəaliyyət göstərir. Adətən, bu təşkilat, onların nümayəndələri çalışır ki, bu məsələləri həll etsinlər. Hansısa səbəbdən Ermənistan hakimiyyəti bu məsələni uzatmağa çalışır. Səbəbini demək çətindir. Amma məndə olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu işlə məşğul olur və bu məsələni həll etməyə çalışır”.

 

A.İsazadə qeyd edib ki, meyidin saxlanılması loru dillə deyilsə, cığallıqdır: “Sadəcə, bununla Azərbaycan tərəfini qıcıqlandırmağa çalışırlar. Yəni, qaytarmırıq. Əgər əsgər əsir düşsəydi, deyərdim ki, ondan hansısa məlumat almaq istəyirlər. Amma əsgərimiz şəhid olub. Qaytarın, dəfn edilsin, heç olmasa valideynləri təsəlli tapsın. Meyidi saxlamağın heç bir məntiqi yoxdur”.


Qeyd edək ki, Ermənistan şəhid əsgər Çingiz Qurbanovun cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür. Rəsmi İrəvan Beynəlxalq Qırmızı Xaç Komitəsinə Azərbaycanın sərhəddə baş vermiş toqquşmanı törətdiyini boynuna alarsa, cəsədi qaytara biləcəyini deyib. Bu barədə “Aykakan Jamanak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.


Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin nümayəndəsi Asmik Qalstyan isə panorama.am saytına açıqlamasına deyib ki, Azərbaycan hərbçisinin cəsədinin qaytarılması istiqamətində danışıqlar aparılır. “Danışıqlar məxfi olduğu üçün açıqlaya bilmərəm. Lakin biz razılığa gəlinəcəyini gözləyirik”, – o bildirib.


Bu məsələyə münasibət bildirən A.İsazadə qeyd edib ki, bu da həmin şantajın bir hissəsidir: “Meyidin nə günahı var? Boynuna aldı, yaxud almadı. Nə fərqi var? Digər sübutlar olmalıdır axı... Azərbaycan tərəfi bildirir ki, bu meyid Azərbaycan ərazisindən oğurlanıb. Azərbaycanın mövqeyi bundan ibarətdir. Tək bir əsgər gedib orda ölə bilməz. Deməli, hansısa dəstə olmalı idi. Hansısa tapşırıq yerinə yetirməli idi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində heç bir hərbi əməliyyat həyata keçirməyib. Nə kəşfiyyat, nə də diversiya əməliyyatı. Əvvəl də keçirməyib, indi də keçirmir. Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarda olsaydı, deyərdim ki, hansısa əməliyyat keçirilib. Meyidin bura heç bir aidiyyatı yoxdur. Əllərində nəsə sübut varsa, araşdırma keçirsinlər, istintaq aparsınlar, ortalığa hansısa sübutlar çıxarsınlar və sair. Humanitar məsələ ilə istintaq arasında heç bir əlaqə yoxdur”.


Səxavət HƏMİD

Tarix: 11 Yanvar - 19:52
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər