Partiya sədri: “Biz 20 yanvar abidəsini necə ziyarət edək”?

“Azərbaycanda qeydiyyatdan keçən cəmi iki kommunist partiyası var. Bunlardan biri rəhmətlik Ramiz Əhmədovun qurduğu Azərbaycan Kommunist Partiyası idi. Ramiz Əhmədov vəfat etdikdən sonra bu partiya bir neçə yerə parçalandı. İkincisi isə bizim Vahid Azərbaycan Kommunist Partiyasıdır. Bizim sədrimiz Səyyad müəllim vəfat edib. Ancaq bizim partiyada parçalanma baş verməyib. Sədrin birinci müavini olaraq səlahiyyətlərimi icra edirəm, bütün strukturlar yerindədir”.

 

Bunu Teleqraf.com-a Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Musa Tükanov deyib.


Tükanov bildirib ki, partiyanın sədri Səyyad müəllim vəfat etdikdən sonra onlar Ədliyyə Nazirliyinə müraciət edərək nizamnamənin, şəhadətnamənin sürətini istəyiblər: “Bu günə qədər möhürümüz belə yoxdur. Biz bunları əldə etməliyik ki, işləyək, yerli təşkilatlara ofislər götürməli, üzvlük haqqını toplamalıyıq. Ancaq bunların heç birini edə bilmirik. Çünki nazirlik bizə həmin sənədləri hələ verməyib”.


Musa Tükanov daha sonra bildirib ki, hazırda bir neçə kommunist partiyası var ki, dövlət qeydiyyatından keçməyib.

 

Onun sözlərinə görə, indi kommunist partiyalarına daha çox gənclər meyl edir: “Partiyanı quran dövrlərdə daha çox yaşlı insanlar bizə müraciət edirdi. İndi partiya gəncləşir. Sovet hakimiyyətini görməyənlər, 1990-cı ildən sonra doğulanlar faktiki kapitalizm quruluşunda yaşayıblar. Onlar kapitalzmin qüsurlarını görürlər və anlayırlar ki, əslində 1990-cı illərdə milli azadlıq adı altında sosializm dağıdıblar və kapitalist qurulub. İndi gənc nəsil daha çox sol ideyalara meyl edirlər. Anlayıblar ki, kapitalizmdən heç bir xeyir görmək olmaz, gələcək sosializmindir”.

 

Vahid Kommunist Partiyasının sədri Musa Tükanov 1990-cı ilin qanlı 20 yanvar hadisələri barədə danışıb, sensasiya sayılacaq fikirlər işlədib: “20 yanvar olmasaydı Qarabağ da getməyəcəkdi. Bu hadisə olmasaydı Qarabağ bizim olacaqdı. 20 yanvar bizə xeyri olmayan hadisədir”.


“20 yanvarda olanlar kommunist partiyasının əleyhinə qalxmışdı. Yəni bizim əleyhimizə. İndi biz necə gedib 20 yanvar abidəsini ziyarət edək? Ortada məntiq olmalıdır. Təsəvvür edin ki, Əbülfəz Elçibəy gedib Marksın qəbri üzərinə gül qoyur. Siz, buna inanarsınız? Yəni onların məqsədləri, gördüyü işlər kommunist ideologiyasına və proqramına zidd idi. Odur ki, kommunistlərin onları ziyarət etməsi düzgün deyil”.

 

Cavad 

Tarix: 11 Yanvar - 22:52
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər