“Xarı bülbul” mahnısına çəkilən klip təqdim olundu - FOTO - VİDEO

“AZİRU Music Prodaktion” yeni "Xarı bülbül" layihəsini təqdim edib. 

 

Teleqraf.com xəbər verir ki, dahi Üzeyir Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi "AZRİU Music"in rəhbəri Rübail Əzimovdur. Klipdə xəyali obrazlar kimi Üzeyir Hacıbəyli və Xurşudbanu Natəvanın düşmənə əsir düşməsi əks olunub. Azərbaycan Milli Konsevatoriyasında çəkilən klipdə rejissor Elxan Cəfərovun "Qarabağdır Azərbaycan" filmindən fraqmentlərdən də istifadə edilib. 

 

Xalq artisti Alim Qasımovun da yer aldığı klip Azərbaycan klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb. 

 

Layihənin rəhbəri Rübail Əzimov bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza başqa bir profildən baxışın əks olunmasına çalışıblar: "Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Mahnı sırf xalq üslubunda olsa da, aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Çalışmışıq ki, həm də Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, memarlıq incilərimiz diqqətdən kənarda qalmasın".

 

Nəğməkar şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu gənc Rübail Əzimovun yüksək səviyyədə ekran əsəri ərsəyə gətirəcəyinə əvvəl inanmadığını deyib: "Dostum Alim Qasımov gənclərə dəstək olur, yəni heç kəsin ürəyini sındırmır. O baxımdan düzü, belə gözəl iş gözləmirdim. Nə xoş ki, möhtəşəm əsər alınıb. Ekran əsəri və səs baxımından klip mənə gözəl təsir bağışladı. Səs və ifanın ekran həlli tapılıb.

 
Dinlədikcə Alim Qasımovla Rübail Əzimovun səsində qəribə bir rəng uyğunluğu və tembr bənzərliyi hiss etdim. Nəticəsi olan, bitkin əsərdir. Bundan öncə Kamal müəllimin ərsəyə gətirdiyi "Xatirədir" əsərində birgə iş birliyinin gözəl nümunəsinin əyani şahidi olmuşduq ".

 

Bəstəkar, əməkdar artist Nailə Mirməmmədli Rübail Əzimovun gələcəyinə böyük ümid bəslədiyini söyləyib. O, Rübail Əzimovun aranjeman ideyalarını bəyəndiyini bildirib: "Əvvəl ideyalarını təqdim etməyə utanırdı. Biləndə ki, eqoistcəsinə yalandan onu pisləməyəcəyəm, həvəslə hazırladığı işlərini mənə göstərdi. Rübailin öz yolu olduğuna sevindim, dəst-xəttini tapıb. Onu danlayıram ki, niyə üzə çıxmırsan? Xalqımız onu tanımalı, öz yaşıdlarına nümunə olmalıdır. Radioda bir neçə ifaçının mahnısına qulaq asıram, elə bilirəm eyni musiqidir, sadəcə sözlər dəyişir. Amma Rübailin özünəməxsus ifa tərzi və üslubu var". 

 

Telejurnalist Rafiq Haşımlı Rübail Əzimovu təbrik edib və yaradıcılıq uğurları arzulayıb.

 

Nərgiz

 

Tarix: 12 Yanvar - 13:21
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər