23 İyun 2014 14:53
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bələdiyyə Teatrı yeni beynəlxalq teatr layihəsini təqdim edib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Amaliya Pənəhova bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, beynəlxalq layihə aktrisanın səhnə həyatının 50 illiyi münasibətilə hazırlanan tamaşadır: “10 ilə yaxındır ki, mən səhnədə oynamıram. Bu vaxta qədər öz rejissorumu, öz rolumu gözləyirdim. Bu 50 ildə bir çox sənətkarlarla çalışmışam. Universitetdə Adil İsgəndərov kimi sənətkardan dərs almışam. İlk dəfə səhnəyə məni böyük sənətkar Tofiq Kazımov çıxardıb. İndi qorxulu bir vəziyyət yaranıb, inanın bu 50 illik yaradıcılıq yolunun necə gəlib keçdiyini hiss etməmişəm. Daim səhnədə, daim iş başında olmuşam. Bu illər ərzində də çox böyük korifey sənətkarlara çalışıb, tərəf müqabili olmuşam. Amma bu tamaşa və belə bir əcnəbi rejissorla teatrda çalışmağım ilk hadisədir. Onunla çalışmaq üçün il yarım onu gözləmişəm”.

O bildirib ki, “Qadın oyunları” pyesini Zanussi özü Amaliya xanıma təklif edib: “Bu pyesi Zanussi və Jebrovski özü yazıb. Pyes mövzusu məşhur aktrisa Marlen Ditrixin həyatından götürülüb. Və əsasən aktrisanın yaşlı vaxtı səhnəyə, onunla çalışmaq istəyənlərlə münasibətlərinə və giley –güzarlarına həsr olunub. Bu obrazı yaratmaq və belə bir peşəkar rejissorla çalışmaq mənim üçün çox xoş idi”.

Kşiştof Zanussi qeyd edib ki, pyes bir çox ölkələrdə ulduz aktrisaların ifasında səhnəyə qoyulub: “Pyes çoxdan yazılıb. Və burda göstərilir ki, pul insanı nə dərəcədə, hansı səviyyədə alçalda bilər. Bu təklifi alanda ölümcül risk altına girəcəyimi düşünürdüm. Amma professionallığı hiss edəndə risk etmək qərarına gəldim. Tamaşa üzərində Amaliya xanım və digər aktyorlarla Polşadakı iqamətgahımda çalışırdım. Onlar mətnə tam hazırlaşıb məni yanıma gəlmişdilər. Və bu məni çox heyrətləndirdi. Çox maraqlı iş prosesi getdi və biz mehribanlaşdıq”.

Qeyd edək ki, pyesi rus dilindən Amaliya xanım özü tərcümə edib: “Baş rolda özüm oynadığıma görə pyesə çox məsuliyyətlə yanaşırdım. Həmçinin mətnə hazır olmaq, rejissorun yanına tam hazırlıqlı getmək bizdə vərdişdir”.

Nərmin Muradova


Müəllif: