5 İyul 2016 14:29
1 056

Teleqraf.com-un “Məşhur məktublar” layihəsinin növbəti qonağı Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovadır.

- Ən çox məktubu “Sarıköynəklə Valehin nağılı”nın motivləri əsasında ekranlaşdırılan “Bircəciyim” filminə çəkildiyim vaxtlar almışam. Onda mən İncəsənət İnstitutunda oxuyurdum. O dövrdə ən yadda qalan məktubum Naxçıvandan bir qadının mənə göndərdiyi məktub idi.

Amma ümumən məktublarım çox olub, institutdan, əsgərlikdən o qədər məktublar almışam ki...İndi hanı? Saxlamışam ki...

- Bəs onları saymısınızmı?

- Çox olub, amma heç vaxt saymamışam.

- Naxçıvandan gələn o məktubda nə yazılmışdı?

- Ən böyük sevinc hissləri yaşadan məktub idi. Rolumu bəyəndiyini, məni sevdiyini yazırdı. Mən heç vaxt demirdim ki, nə vaxtsa aktrisa olacam. Allahın işidir... Birdən- birə bu sənətə gəldim, instituta qəbul olunanda məşhur idim artıq. Hamı məni tanıyırdı, hamı mənə qol-qanad gərirdi, məktublar da yazırdılar. Ona görə o məktubda yazılanlar mənə çox təsir etmişdi.

- Məktubların içərisində sizə sevgisini etiraf edənlər, ailə qurmaq istəyənlər çox idi?

- Onlar çox idi, elə indi də var.

- Səs tonunuzdan hiss elədim ki, sevgi məktublarına heç vaxt ciddi yanaşmamısınız.

- İstəyərdim ciddi yanaşam, amma yox, heç vaxt o məktublara ciddi yanaşa bilmirdim.

- Elə məşhurlar var ki, öz pərəstişkarları ilə ailə qurub.

- Elə? Nə bilim. Mən o məktubların dərinliyinə varmamışam. İnsanlara səmimi münasibət göstərirsən, qarşılığında səndən istifadə etməyə başlayırlar. “İnstaqram”da suallara cavab yazıram, amma baxıram ki, ondan istifadə edib başqa nələrsə yazırlar.

Elə insanlar olub ki, beş işini düzəldib yoluna qoymuşam, altıncı işinə gələndə artıq gücüm çatmayıb. Axı mən də insanam. Bədbəxtçiliyim də ondadır ki, insanların qəlbini qıra bilmirəm.

Bəzən inanmırlar, yazırlar ki, Mehriban Xanlarova deyil, prodüseridir. Heç vaxt nə prodüserim, nə də köməkçim olub. İşlərimin hamısını özüm görmüşəm.

- Elə sevgi məktubları olubmu ki, qarşılıq vermisiniz?

- İnstitut illərində olub. Qrup yoldaşım mənə məktub yazmışdı, əsgərlikdə olduğuna görə mən də ona cavab yazmışdım.

- Sevgi məktubu idi.

- Bəli, sevgi məktubu idi.

- Amma deyəsən axırı yaxşı qurtarmayıb.

- (Gülür) Söz almağa çalışırsan. (Yenə gülür) Gələndən sonra alınmadı, getmədim.

- Alqış daha vacibdir, yoxsa məktublar?

- Mənim üçün hər ikisi vacibdir. Amma bəzən elə məktublar olur ki... İndi mənə daha çox məktub yazıb, kömək istəyirlər. Mən də bacardığım qədər kömək edirəm. Bu da daha çox maddi yox, mənəvi olur.

- Daha çox hansı işlərdə sizdən kömək istəyirlər?

- Bu məktubların sayı televiziya verilişlərinə çıxandan sonra başladı. Sənəd, məhkəmə işləri ilə bağlı tez-tez müraciət edirlər. Məsələn, bir dəfə ailənin gəlini ilə danışıb, məsələləri həll etməyə çalışmışam. Gəlin ailəni yaman incidirdi.

Bu yaxınlarda bir iş düzəltdim. 28 yaşında olan bir oğlanın indiyə qədər sənədi yoxmuş, sənədi düzəltdik, ordan da əsgərliyə getdi.

Bəzən insanları ələlxüsus da kasıb təbəqəni çox incidirlər. Cahil, oxumayan insanlar öz hüquqlarını bilmirlər. Demirəm ki, mən bütün hüquqlarımı bilib, tələb edirəm. Amma az da olsa öz hüquqlarımı bilirəm. Hüquqlarını bilməyən insanlardan da vəzifədə oturan insanlar istifadə edirlər. Mən haqqı tapdalanan insanların yanında olmağa çalışmışam.

- Mehriban xanım, məşhurlardan kimə məktub yazmısınız?

- Zamanında Yaşar Nuriyə çox məktublar yazmışam. Onu çox sevirdim, indi sevməyim... Allah rəhmət eləsin. Siyavuş Aslana, Kamal Xudaverdiyevə də məktublar yazmışam.

- Onda neçə yaşınız vardı?

- Onda teatra tamaşalara baxmağa gəlirdim. Tamam başqa hisslərlə yaşayırdıq. Bu aləmin içinə düşəndən sonra isə... O möcuzə, o sehir, indiyə qədər fikirləşdiyin, yaşatdığın o hisslər qəlbində ölməyə başlayır.

Ağlımdan keçməzdi ki, nə vaxtsa məktub yazdığım sənətkarlarla vaxt gələcək eyni səhnəni bölüşəcəm. Qismət... Məktəbdə zəif oxuduğuma görə beş alanlar məni saymırdılar. Amma məşhurlaşandan sonra o insanlar məni axtarıb tapdı. Həyatın işinə bax...

- Bu məşhur olmağın avantajıdır?

- Avantaj deməzdim... Bir fəhlə günlərin bir günü milyonçu olur. Allahın işidir, ola bilər. Əsas odur ki, insan dəyişməsin. Var-dövləti verən Allahdır, Allah da onu istədiyi vaxt ala bilər. İnsan bu dünyadan gedəndə özü ilə heç nə aparmır. Ona görə bu dünyada daha çox rəhmət yığmağa çalışaq.

- Sonralar Yaşar Nuri, Siyavuş Aslana məktubları sizin yazdığınızı etiraf etdinizmi?

- Bilirdilər. Mənim xətrimi çox istəyirdilər. Dəlisovluğumu da bilirdilər. Onlar böyük sənətkarlar idilər. Onları itirəndən sonra sənət cılızlaşdı. İndi Fuad Poladovumuz, Rasim Balayevimiz, Hacı İsmayılovumuz və barmaqla sayılacaq qədər sənətkarlarımız qalıb.

- Rasim Balayevə məktub yazmaq istəməmisiniz?

- İnstituta qəbul zamanı məni onun yanına aparmışdılar. Onda mənə adi gəlirdi, başa düşmürdüm.

- Qadın aktrisalarımızın əksəriyyəti Rasim Balayevi kinomuzun ən xarizmatik kişisi hesab edirlər. Siz necə?

- Mənim üçün Azərbaycanda xarizmatik kişi aktyor yoxdur. O, oğlanlar getdi... Kamal Xudaverdiyevi, Həsən Turabovu, Həsən Məmmədovu desəydin, deyərdim ki, hardasa ola bilər.

Nərmin Muradova


Müəllif: