13 İyul 2016 18:02
987

Teleqraf.com İradə Musayevanın “Remark və remarkizm” məqaləsini təqdim edir:

(Qəhrəmanlarının taleyini yaşayan və ya taleyini onlara yaşadan yazıçı…)

“…Haradasa qırğındır, insanlar təqib edilir, tutulur, döyülür, öldürülür... haradasa bir parça həyat pozulur və adam da bunların hamısını görür, ancaq əlindən heç nə gəlmir…”

Bu cümlələrin məntiqindəki sadə həqiqətin daşınılmaz ağrısı vaxt vardı ki, ədəbiyyatın aktuallığı idi. Elə yenə həmin vaxtdır, deyəsən…Həm ədəbiyyat, həm də siyasət zamanı ilə götürəndə… Dünyada heç nə dəyişmirmiş, sən demə, baxış bucaqlarından başqa…

Çox az yazıçı tapılar ki, ədəbiyyatda, adı ilə “izm” yaratsın. Məsələn, Almaniyanın əyalət şəhərlərinin birində (Osnabryuk) doğulan, fransız familiyalı (Remark), alman vətəndaşı (vaxt olur ki, bu vətəndaşlıqdan məhrum olur) və dünya yazıçısı Remark – remarkizm... Sonralar sovet yazıçılarını ideoloji məsələlərdə günahlandıranda bu ifadədən ittiham maddəsi kimi çox istifadə edirdilər. “Sizin əsərlərinizdə remarkizmin əlamətləri görünür!”, “Filankəs bu tendensiyası ilə oxucuları remarkizmə yuvarlandırır!” və s. Hətta senzorlar nobelçi, belarus yazıçısı S.Aleksieviçin əsərini çapdan saxlayanda da bu suçlamadan istifadə ediblər: “Remarkı oxuyub zəhərlənmisiniz. Bizdə remarkizm keçməz!”

XX əsrin 30-cu illərində Sosialist Alman Fəhlə Partiyasının hakimiyyəti dövründə təqiblərə məruz qalan E.M.Remarkın alman vətəndaşlığı ləğv edilir (1938), əsərləri Jozef Göbbelsin göstərişi ilə yandırılır, ədəbiyyat tənqidçiləri belə Remarkın üzünə dayanıb, onun romanlarını zərərli ideologiyalar toplusu, özünü isə bu ideologiyanın daşıyıcısı kimi səciyyələndirirdilər. Yaradıcılıq məsələlərində Kafka kimi tərəddüdlü yanaşması olsa da (məsələn, ilk povesti çap olunanda o qədər narahat olub, tərəddüd içərisində qalıb ki, bütün kitablarını pul verib özü alıb) amma Remark da Remark idi... Həmin “zərərli remarkizm”ini heç kəsə təslim etdirmədən düşüncələrində sağ-salamat özü ilə İsveçrəyə aparır...

Yaradıcılığının çiçəklənən dövründə A.Hitlerin “fransız yəhudisi Kramer” adlandırdığı, bizim Hüseyn Cavid kimi hətta öz yazıçı dostları tərəfindən şər və böhtan kampaniyasında düşmənə çevirilmiş dostları ilə mübarizədə tək qalmış Erix Mariya Remark hələ XX əsrin 20-ci illərində, ilk romanlarında (“Xülyaların sığınacağı”, “Qərb cəbhəsində yenilik yoxdur”, “Üfüqdə görünən stansiya”) dünya, həyat və insanlar, onların qarşılıqlı münasibəti, bir-birinə təsiri haqqında özünün siyasi, estetik və modern baxışını artıq bitkin və konseptual, nəzəriyyələşmiş ideyaları ilə bəyan etmişdi. Sonralar isə “Zəfər tağı”, “Üç yoldaş” kimi milyonlarla oxucusu olan romanlarında ədəbiyyatın, bədii sözün bütün siyasi –ideoloji güclərdən daha üstün və daha təsirli olduğunu sübut etdi...
1929-cu ildə Nobel mükafatı alanda isə bir çox nobelçilərin aldığı damğalı ad (“Vətən xaini”) onun da soyadı ilə yanaşı çəkilməyə başladı... Ümumiyyətlə, Remarkın həyatında və taleyində paradoksallıqların sayı-hesabı yoxdur. Məsələn, vaxtilə Alman vətəndaşlığından məhrum edilən, (sonralar-1947-ci ildə Amerika vətəndaşlığı almışdı) vətənə xəyanətdə suçlanan yazıçı XX əsrin 60-cı illərində elə həmin “xəyanət etdiyi” Vətənin fəxri insanı titulunu qazanır: “Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə” Ordeni ilə təltif edilir və bir il sonra isə Alman Dilçiliyi və Poeziyası Akademiyasının müxbir üzvü seçilir...

Yazıçının “Zəfər tağı” romanı onun taleyinin bədii inikası kimi əks-səda verir düşüncəmizdə. Birinci dünya müharibəsində olmuş Remarkın qəhrəmanı Ravik də həmin müharibə iştirakçısı kimi təsvir edilir. Remarkın həyatı ilə bağlı faktlar demək olar ki, onun “Zəfər tağı” qəhrəmanının obrazına köçürülüb. Lakin burada müəllif kənardan öz keçmiş, indiki və gələcək həyatını “idarə edir”, onu süjetləşdirir, ona quruluş verir, səhnələşdirir. Bir sözlə, taleyini qəhrəmanlarına yaşada-yaşada özü də bilmədən, bəlkə də onların taleyini də özünə yaşadır… Sanki özü yaratdığı qəhrəmanlara yazdığı taleni, qədəri özü də təcrübədən keçirərək yazıçı sənətində bir insanyaratma, taleyaratma missiyasının mövcudluğunu da sübut edir… 1945-ci ildə yazılan bu əsərdə hadisələr ikinci dünya müharibəsi ərəfəsinin ictimai-siyasi və psixoloji mənzərəsini əks etdirir. Alman cərrahı Ravik Birinci Dünya Müharibəsi iştirakçısıdır. Vaxtilə gestapo zabiti Haake onu təhqir etmiş, işgəncələrə məruz qoymuşdur. Təzyiqlərə və işgəncələrə tab gətirməyən qadını Sibilla isə intihar etmişdi. Bundan sonra Ravik Fransaya qaçmış və burada cərrah kimi işləməyə məcbur olmuşdu. Ravikin sənədləri olmadığı üçün Fransada gizli yaşayırdı. Və bu sənədsizlik əngəli, əslində bir yazıçı priyomu kimi mətndə də Ravikin azadlığını və sərbəst düşüncə imkanlarını məhdudlaşdırırdı. İstənilən mübahisəli bir məsələdə ədaləti yerinə qoymaq, haqqı müdafiə etmək istəyəndə məhz qarşısındakı adamın sənədlərlə bağlı istehzalı, tənəli atmacası onu dayanmağa məcbur edirdi...

Bu əsəri məhəbbət romanı kimi oxuyanlar hind filminə baxırmış kimi bir mənasızlığa düçar ola bilər. Romanda müharibə və qarışıq zamanlar, qalmaqallı situasiyalar insanının xarakteri, davranışları, sevgisi və sevgisizliyi, itirilmiş taleyi və sonu yaşadıqlarını yazan yazar təxəyyülündə, sənətkar qələmində bədiiləşir…

Səssiz-küysüz, pafos və emosiyasız, mübaligəsiz bir bədii mətn mühitinə düşürük. Amma əslində, burda çoxlu qışqırıq, hıçqırıq da var, qan da, ölüm də, müharibə də, intihar və intiqamlar da – hər şey... Bu mühitdə zaman, məkan və insanlar da elə həmin soyuq münasibətlər fonunda təsvir edilir...

“Remarkizm” nədir? - sualı ilə “Zəfər tağı” romanının məğzinə üz tutaq. Remark bəlkə də dünyada ilk yazıçı idi ki, 100 adamın “hə” dediyi məsələyə “yox” dedi və bu inkarı sübut etdi. 100-ün 1-ə nisbətində mübarizə aparmaq və qalib gəlmək “remarkizm”in mahiyyəti demək idi. Təbii ki burda 100 rəqəmi şərti mənada işlədilir, söhbət milyonlardan gedir... O milyonlardan ki, müharibə, sülh, qəhrəmanlıq, vətənpərvərlik, əqidə, məslək haqqında danışdıqları və yazdıqları yaşadıqları, hiss etdikləri və qaranlıq gecələrdə öz-özünə düşündükləri ilə düz gəlmirdi. Remark hər şeyin üstündən pərdəni qaldırırdı, hər şeyin-hiss və duyğuların belə üzündən maskanı çıxarırdı... İnsan bütün çılpaq, maskasız və örtüksüz düşüncə, hiss və instiktləri ilə üz-üzə qalır. Bu məqamlarda vətənpərvərlik, əqidəpərəstlik, qəhrəmanlıq və s. bu kimi pafoslu ifadə tərzində səsləndirilən hər şey məhz çıxarılıb atılmış həmin maskanın üstündə gedir. Yenə insan öz çılpaq “mən”i, özü ilə üz-üzə qalır. Remarkizm müxtəlif zamanlar üçün ictimai-siyasi ideologiyaların həyata keçirilməsi prosesinə maneçilik törədirdi. Kütləvi təbliğat və maarifləndirmələrdə “remarkizmin zəhəri”nin o mühitə damması hər şeyi dəyişə bilərdi. Ona görə də “qorxulu” nəzəriyyə kimi yasaqlanırdı. Hitler dünyasında da, sovet zamanında da...

“Zəfər tağı” romanında bizim anladığımız mənada meyarlar meyarsızlığa, dəyərlər dəyərsizliyə, ya da əksinə, günah günahsızlığa, əxlaqsızlıq əxlaqa və ya yenə əksinə, əksinə çevrilir hər şey.

Məsələn, Ravikin tibb bacısı ilə mübahisəsində olduğu kimi: “Siz mənə işarə vura bilməzsiniz, çünki əqidəniz yoxdur. – Ejeni əsəbi halda ağ xalatının yaxasını düzəltdi.

– Allaha çox şükür ki, mənim əqidəm var.

Ravik paltosunu götürdü.

– Əqidə adamın gözünü tez tutur. Ona görə də bütün dinlər çox qana bais olub. – O, kinayə ilə güldü: – Dözüm də şübhənin qızıdır, Ejeni. Gəlin görək hansımız hansımıza daha çox nifrət edirik? Əqidəli sizmi, yoxsa əqidəsiz, miskin mənmi? Əlbəttə, əqidəli siz!”

Remarkizmin mahiyyətini açan ilk misal. Biz öyrəşmişik, insani dəyərlərdən danışanda əqidə, məslək və s. bu kimi pafoslu anlayışların arxasında əsil mahiyyətimizi gizlətməyə. Tibb bacısı Ejeni əqidəsi ilə öyünür, roman boyu müşahidələrimizdə isə Ravikin sadəcə saysız-hesabsız yaxşılıqlarını, insanlara mənəvi-psixoloji, real-praktiki yardımını görürük. Yaxşılıq Ejeninin əqidəsində, düşüncəsində qeyri-aktiv bir proses kimi qalmaqdadır. Ravikin təcrübəsində isə yaxşılıq və insanlıq artıq böyük bir yolun yolçuluğundadır. Ejeni insanları müzakirə və mühakimə edir, yaxşı-pis meyarları ilə, Ravik isə sorğu-sualsız, ittiham və təhlilsiz bu adamlara verə biləcəklərini verir. Hətta ictimai düşüncənin meyarları ilə əxlaqsız hesab etdiyimiz qadınlara da...

Insanda bir fikir formalaşır, deməli, dünyada hər şey dağılsa da, şəhərlər, ölkələr od tutub yansa da, zülm ərşə dayansa da, yenə dünya bircə kiçik yaxşılığın və mərhəmətin çiynində yaşaya, var ola bilərmiş. Elə insanlıq da. “Yadında saxla, Ravik, əgər imkanımız varsa, bacarana qədər mehriban olmalıyıq. Çünki hələ çox belə cinayətlər edəcəyik. Heç kim eləməsə də, mən edəcəyəm. Yəqin, sən də eləyəcəksən.

– Elədir.

Morozov əlini qurumuş palmanın üstünə qoydu. Ağac asta-asta yırğalandı.

– Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir”.

Ravik sadə, qəhrəmanlıq iddiasında olmayan, yaxşılıq etmək, xeyirxahlıq nümunəsi göstərmək üçün qapı döyməyən, meydana atılmayan insandır. Öz gündəlik işi ilə məşğuldur. Onun “gündəlik iş”ində isə saysız-hesabsız yaxşılıqlar var. Joan Madunu xilas, Lüsyen Martineni müalicə edir və s.

Amma şəxsi həyatını alt-üst etmiş insanlara qarşı intiqam hissi də yaşayır bu geniş, təmiz ürəkdə. Maraqlıdır, (“– Yenə qara basır, – Ravik sözünə davam etdi. – Elə bilirdim, ondan canım qurtarıb.

– Belə şeydən heç vaxt yaxa qurtarmaq olmaz. Mənim də başıma gəlib. Xüsusilə ilk günlərdə! İlk beş-altı ildə! Üçünü Rusiyada tutacağam. Yeddi idilər. Dördü ölüb. İkisini elə öz partiyasında olan adamlar güllələyib. Düz iyirmi ildən çoxdur gözləyirəm. 1917-ci ildən. Sağ qalanlardan birinin yetmiş, ikisinin isə qırx-əlli yaşları var. Çox güman ki, onları tutacağam, atamın heyfini alacağam. Ravik Borisə baxdı. Yaşı altmışı keçsə də, çox gümrah görünürdü.

– Tapacaqsan...

– Hə... – Morozov yumruqlarını düyünlədi. – Elə onu gözləyirəm. Ona görə də ehtiyatla gəzib-dolanıram. Daha içməyi də azaltmışam. Bəlkə, çox çəkəsi oldu. Gərək, qolumda qüvvə qalsın. Güllə ilə, bıçaqla eləmək istəmirəm.

– Mən də...

Qisas almaq üçün bədənlərini salamat, sağlam və güclü saxlamaq vacibliyi də bu adamların düşüncəsini məşğul etməkdədir.

Əsərin ideyası insan xislətinin gizlinlərinə işıq tutmaq mahiyyəti üzərində qurulub.Müharibədən çıxmış və yeni müharibə ərəfəsində olan insanlar yorulub. Siyasətdən, nifrətdən, qisas hissindən, hətta qəhrəmanlıqdan, dini baxışlardan, mərhəmətdən, sanki hər şeydən... Amma yazıçı yorulmadan bu süqut və mənəvi tənəzzüllərin baş verdiyi məkana-insan ruhuna enir. Hər şey insanda başlayır və insanda bitir bu dünyada. İnsan uğrundadır hər şey – müharibə də, inqilab da, iqtisadi inkişaf da, mədəniyyət də, gözəl paltarlar, dadlı xörəklər, ölüm sobaları, gilyotin baltaları ... Amma kimdir bu insan? Onu öldürməyin və yaşatmağın saysız-hesabsız yolları var. Hətta onun hər ikisinə imza atan qəhrəmanlar, sıravi insanlar da var. Remarkın əsərində müharibədə düşmən öldürüb qəhrəman olan “igid əsgər” (anti-remarkizmin “tərs yozum” hesab etdiyi, əslində isə realdan real təhlil! ) qatil, yaradana ağ olan cani kimi səciyyələnir. Ravik həkimdir, saysız-hesabsız insanlara həyat verir, onların yatağı yanında keşik çəkib onları ayağa qaldırır. Amma həm də qatildir: “Uşaq! Bu doğram-doğram olmuş bədəndə heç nədən xəbəri olmayan balaca bir varlıq yavaş-yavaş böyüyürdü. Demək, o da ölümə məhkum olmuşdu. O, hələ anasının qanından yeyir, şirəsindən sorurdu ki, böyüyüb bu dünyaya gəlsin, ya əsgər, ya da kiminsə qatili olsun. Bir sözlə, insan olsun, yaşasın, sevinsin, kədərlənsin, uçurub dağıtsın...

– Əlindəki alət ehtiyatla görünməyən yerlərlə irəlilədi, onu tapdı, astaca oradan qopardı, çölə çıxardı. Və hər şey də qurtardı. Dünya işığı görməmiş, nəfəs almamış, sevinc-kədər dadmamış, böyüyüb başa çatmamış, heç yaranmamış öldü... İndi bir parça rəngi solmuş, ölmüş, qana bələnmiş ət parçası idi...”

Hələ dünyaya gəlməmiş insancığaz, qana bələnmiş ət parçası, “abort” olunmuş, “mərhəmətli” həkim əlindəki alətin ucunda çırpınan İnsan, daha doğrusu, insana çevrilə bilməyən insan çeşidi və həmin həkimin yaddaşını ağrıdan, ona əzab verən başqa bir ölüm: “Özünə gələndə gördü ki, ona heç nə olmayıb, hətta yaralanmayıb da, ancaq iki yoldaşı ölüb. Onlardan bir az o tərəfdə isə Paul Mesman yıxılıb qalmışdı. Onun qarnı yırtılmış, içalatı çıxmışdı... Paulu lap ayaq açıb yeridikləri vaxtdan tanıyırdı. Həmişə bir oynamış, bir yerdə məktəbə getmiş və heç vaxt ayrılmamışdılar... Onu brezent çadıra büküb səhra xəstəxanasına gətirdilər. Yol taxıl zəmisindən və böyük bir yamacdan keçirdi. Dörd nəfər idilər, hərəsi də çadırın bir küncündən tutmuşdu. Qəhvəyi rəngli çadırın arasında qıvrılan Mesman, dümağ, piyli, qana bələnmiş içalatını qucaqlamışdı. Ağzı açıq idi, gözləri çevrilmişdi... O, iki saatdan sonra canını tapşırdı. Bu iki saatın birini ara vermədən qışqırdı... Ravik necə geri qayıtdıqlarını xatırladı”.

Bu ölümlərin birində müharibə günahkardır, birində mərhəmətli həkim Ravikin qadını əlavə (uşaq yükündən) problemdən xilas etmək yaxşılığının məntiqi! Mərhəmətli qatil! İnsanın həyatını əlindən almaq şəri içərisində yenə xeyir parıltılarının işığına gedirik. Və sonda günahkar günahsız, ya da günahsız günahkar paradoksallığı arasında qalırıq. Doğrudan da insan bir kainatdır, onun içərisinə dünyada nə varsa (xeyir, şər, işıq, qaranlıq, ağrı, sevinc, qorxu, qəhrəmanlıq və s.) yerləşdirmək olarmış... Remarkın dahiliyi isə ondadır ki, insanın içində bütün bunların hamısının bir-biri ilə mübarizəsinin dramatizmini yarada bilib. Burda, bu dramatizmdə əvəzlənmə yoxdur, yəni yaxşı pisi, pis yaxşını əvəz etmir, əksinə, yaxşının mayasından pis, pisin mayasından yaxşılıq sivirib çıxa bilir. Daha doğrusu cücərir...

Hər təsvirdə paradoksallıq – “Remark paradoksallığı”, “Remarkizm” qoysaq bunun adını daha dəqiq olar, daha asan anlaşılar. Gözəlliyin içərisində eybəcərlik, eybəcərliyin “hüsnü”ndə gözəllik. Bizim klassik obrazlı təfəkkürümüzdə “ay işığı fonu” həmişə gözəl qızlar, sevgililər təsvirində poetik məkan rolu oynayıb. Amma bu dəfə həmin fon-məkan Remarkizm poetikasının paradoksallığında başqa söz deyir. “Ay işığına qərq olmuş talvar” gözəlliyinin sinəsinə aldığı eybəcərliklərə, faciələrə diqqət edin: “Yaralıları ay işığına qərq olmuş talvara uzatmışdılar. Onları bu kökə alman və italyan bombardmançı təyyarələri salmışdı. Bomba qəlpələrinin parça-parça elədiyi uşaqlar, qadınlar, kişilər idi. Uşaqlardan birinin sifətini tamam aparmışdı. Bir hamilə qadının da qarnı döşlərinə qədər yırtılmışdı. Qoca bir kişi də qopub düşmüş barmaqlarını qorxa-qorxa o biri əlində bərk-bərk saxlayırdı, elə bilirdi ki, təzədən yerinə yapışdırmaq olar... Onların iniltisi gecənin bu ağır havasına, yavaş-yavaş ətrafa yayılmağa başlayan büllur şeh qoxusuna qarışmışdı...

– Ayağınız indi yaxşıdır? – Ravik soruşdu.

Biz bir oxucu kimi Renarkın qəhrəmanının üzünə durmaq istəyirik bu anda: Ax, mərhəmətli Ravik! Axı sən bayaq əlindəki alətlə bir qadının bətnindəki körpəni qanına bələmiş, onu dünya işığına insan kimi çıxmağa qoymamışdın, onu “rəngi solmuş ət parçası” kimi zibillik malı eləmişdin.... Amma indi şəfqət hissi ilə bir yaralının ayağını soruşursan... Biz nə qədər riyakarıq- düşüncəsi ilə suallar verməli oluruq özümüzə də ... cavab yenə Remarkdan gəlir: “Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız belə dözmək mümkündür...”

Yaşamaq və yaddaş əzaba çevriləndə ölmək də işə yaramır. Əsərdə qəhrəmanlar tez-tez bu sualı verməli olur: “Bu yaddaşla necə yaşamaq olar?” Yaddaş da daş ağırlığında talenin ayağına bağlanmış yükə çevrilib. Yaddaş bu əsərdə insanları yorur, usandırır. Çünki bu yaddaş ağrıların, müharibə, ölüm, qan, xəyanətlər və namərdliklər tarixinin yaddaşına çevrilib. Onu yaşamağa güc yoxdur, daha…

- Siz bu yaddaşla, gərək, general olaydınız.

– Mənim yadımdan heç nə çıxmır.

– Bəs necə olub ki, hələ də yaşayırsınız?

….

– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö. – Onun fikrincə söhbət hələ axıra çatmamışdı.

– Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına döndərir”.

Əsərdə günahkar yoxdur. Ittihamlar, suçlamalar məntiqsizliyə dayanır hər hadisədə. Ravik gənc qadın Lüsyenin başına gələn hadisənin səbəbkarı kimi “əxlaqsızlıq yuvalarından” pul qazanan madam Buşenin üstünə sanki hücuma gedir. Amma ordan təslim olmuş vəziyyətdə qayıdır. Sən demə, bu dünyada günahkar bildiyimiz hər kəsin belə öz günahsızlığı varmış. “– Müsyö, çox adam buna cəhd eləyib. Ancaq onların içində ən ağıllısı sizsiniz. Elə bilirsiniz, belə işdən xoşum gəlir, ya da qazancı çoxdur? O üç yüz frankın yüzü polisə gedir. Yoxsa, qoyarlar işləməyə? Odur, bax, biri gəlib qapını kəsdirib, haqqını istəyir. Gərək, hamısının ağzına bir şey atasan. Başqa cür ola bilməz... Bunu öz aramızda deyirəm: işi qurdalasanız, batıracağam. Polis özü ört-basdır eləyəcək. Buna tam əmin ola bilərsiniz”.

Lakin ortada pislik, eybəcərlik, rəzalət və qəddarlıq var. Müharibə, zorakılıq, qan, xəyanət və əxlaqsızlıqla pul qazanan insanlar var. Bəs bu üfunəti kim yaradır?- sualı qalıb hələ yaddaşımızda… Əsərin qəhrəmanlarından biri – Morozov zəmanədən şikayətlənir. Maraqlıdır, onun şikayət etdiyi zəmanə elə bizim zəmanə deyilm?

– Yox, biz saxta pulkəsənlər zəmanəsində yaşayırıq. – Morozov qəzetləri əlinə götürdü.

– Bir bunlara bax! Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər!

Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib.

Azadlıq isə ağalıq iddiasında olanların gürultulu şüarıdır. Saxta pullardır! Mənəvi saxtalıqdır! Hamısı da təbliğatın uydurmasıdır, riyakarlıqdır! Pozğun ünsürlərin əlində idealizm silahıdır! Kaş bir az da vicdanları olaydı... – O, qəzetləri bürmələyib tulladı.

– Dörd divar arasında qəzeti də çox oxuyuruq, – Ravik dilləndi.

Morozov güldü:

– Bəs necə! Təbiətin qoynunda qəzet təkcə tonqal üçündür…”

Ardı var…


Müəllif: