18 İyul 2016 13:18
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulub.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yekunla bağlı təşkil olunan tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: “Ənənəvi olaraq teatr mövsümünün həm bağlanış, həm də açılış mərasimini “Qarabağnamə” tamaşası ilə edirik. Akademik Milli Dram Teatrında bu tamaşa artıq neçə illərdir ki, oynanılır. “Qarabağnamə”ni, inşallah, Şuşada oynayacağıq. Yola saldığımız mövsümdə uğurlarımızla yanaşı itkilərimiz də oldu. Xalq artisti İlham Əsgərovu itirdik. Allah eləsin ki, itkilərimiz gec-gec olsun, yeni-yeni tamaşalar təhvil verək, tamaşaçılarımızı sevindirək”.

Xalq artisti Nurəddin Mehdixanlı yola salınan mövsümdə Akademik Milli Dram Teatrında bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: “Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə “Ölülər”, “Müfəttiş” və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk. İnşallah itkilərimiz az olsun, yeni səhnə əsərləri ilə tamaşaçılarımızı hər zaman sevindirək”.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz və başqaları ifa edirlər.

Nərmin


Müəllif: