18 İyul 2016 22:35
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən sonuncu tamaşamızı – “O olmasın, bu olsun”u nümayiş etdirdik və mövsümü bağladıq. Yubileyimlə əlaqədar olaraq tamaşanı mənə həsr etmişdilər”.

Bu sözləri Teleqraf.com-a qısa müsahibəsində əməkdar artist Nahidə Orucova dedi. İlk təbriki Almaz Ələsgərlidən aldığını deyən aktrisa doğum günü məclisində olmasına baxmayaraq, bizi qırmadı, qısaca da olsa suallarımızı cavablandırdı.

- İlk təbriki dostum, müğənni-aktrisa Almaz Ələsgərlidən aldım. Sonra başqa dostlarım, əzizlərim təbrik etdilər. Təbriklər dünəndən başlayıb. Dünən sonuncu tamaşamızı – “O olmasın, bu olsun”u nümayiş etdirdik və mövsümü bağladıq. Yubileyimlə əlaqədar olaraq tamaşanı mənə həsr etmişdilər. Teatrın bütün kollektivi orda idi: rəhbərliyindən tutmuş yaradıcı heyətə qədər. Tamaşaçılar da tamaşadan sonra mənə gül ləçəkləri verdilər. O qədər gül, hədiyyə almışam ki...

- Bəs bu gün necə keçirirsiniz?

- Bu gün mən əzizlərimi, doğmalarımı başıma toplayıb Mərdəkana gəlmişəm, burda dəniz kənarında doğum günümü qeyd edirik.

- Ən böyük arzunuz nədir?

- Can sağlığı, can sağlığı, can sağlığı...

- Qızınız da yanınızdadır?

- Bəli. O da burdadır.

- Sizə nə hədiyyə etdi?

- Gül-çiçək. Atasından pul alıb, mənə verdi. Biz qadınlara nə lazımdır? İstəyirik ki, əlimizdə imkan olsun ki, istədiyimiz şəraiti özümüz və balalarımız üçün yarada bilək.

- Hansı hədiyyələri sevirsiniz?

- Ən çox parfüm və gül xoşlayıram.

- Almaz xanımın adını çəkdiniz. Bu ildən Almaz xanım da sizin yəni Musiqili Teatrın kollektivinə qoşuldu. Onun teatra gəlişində sizin yardımınız varmı?

- Yox. Almaz xanımı Əliqismət müəllim özü dəvət etdi. Almaz xanım indi tamaşalarda oynayır, onunla rolları paylaşırıq. Teatrda hər şey yaxşıdı. İnşallah, gələn mövsüm gəlib tamaşalarımıza baxın.

- Yola saldığınız bu teatr mövsümü nələrlə yadda qaldı?

- Mövsüm çox yaxşı keçdi. Teatrın repertuarında olan bütün tamaşalarda rol ifa edirəm. Yeni tamaşalarda da həmçinin rollarım var. Daha nə istəyim? Uğurlu mövsüm oldu, buna çox sevinirəm.

- Keçmiş həyat yoldaşınızla dost münasibətində olduğunuzu bilirik. Doğum gününüzlə bağlı hədiyyə aldımı?

- Yox. Zəng edib telefonla təbrik etdi. Vəssalam. Elə o da bəsdir.

- Nahidə xanım, pedaqoji fəaliyyətlə məşğul olmaq arzunuzun da olduğunu bilirəm. Bu arzunuzun reallaşmasına çoxmu qalıb?

- Vallah, gözləyirəm. Belə bir təklif olsa məmnuniyyətlə qəbul edərəm.

- Bəs özünüz təklif etməmisiniz?

- Yox, hələ təklif gözləyirəm. Yəqin sentyabrda müraciət edərəm. Çünki pedaqoji fəaliyyətlə məşğul olub, illərlə bu sənətdə öyrəndiklərimi gənclərə də aşılamaq istəyirəm.

- Son olaraq bir sözünüz...

Məni təbrik edib, diqqətdə saxlayan hər kəsə təşəkkür edirəm. Nə yaxşı ki, bu insanlar var. Və onların sevgisi, məhəbbəti məni yaşadır.

Nərmin Muradova


Müəllif: