19 İyul 2016 12:05
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Mədəniyyət Mərkəzində “Ay işığı” ədəbi məclisi üzvləri ilə “Sönməyən ulduzlar” mənəvi və sosial yardım layihəsi çərçivəsində “Sönməyən ulduzlar” assosiasiyasının rəhbəri əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı və assosiasiyanın üzvü, xalq artisti Arif Quliyev arasında görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan “Ay işığı” ədəbi məclisinin rəhbəri Ramiz Qusarçaylı qonaqları salamlayaraq rəhbəri olduğu məclis haqqında məlumat verib. Sonra isə sözü “Sönməyən ulduzlar” assosiasiyasının rəhbəri əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlıya verib.

Rafiq Kaşanlı bildirib ki, ötən əsrin 80-ci illərində Azərbaycan Mədəniyyət Fondu fəaliyyətə başlayıb, bir neçə il sonra isə Fondun nəzdində «Sönməyən ulduzlar» adlı teatr da açıldı: “Bu teatrın fəaliyyətə başladığı dövrdə məşhur yaradıcı adamlarımız, xalq artistləri, əməkdar artistlər işsiz qalmışdılar. Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofa Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdılar. Bu səbəbdən də 1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədilə assosiasiya yaratmağa qərar verildi. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu. Onlar Azər Rzayev, Məmmədkamal Kazımov, Hafiz Fətullayev, Mustafa Süleymanov, Muxtar Avşarov, Firuz Xudaverdiyev, Sara Qədimova, Gülxar Həsənova, Firəngiz Əhmədova, Əlibaba Məmmədov, Töhfə Əliyeva, Oqtay Ağayev, Əlikram Hüseynov, Zaur Əliyev, Əminə Dilbazi, Şəfiqə Hənifəyeva, Roza Cəlilova, Rövzət Dəmirçizadə kimizamanın sınağından çıxmış sənətkarları öz ətraflarına yığdılar, olduqca maraqlı tədbirlər keçirdilər.

Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla assosiasiyanın adını «Sönməyən ulduzlar» qoymağı təklif etdi”.

Rafiq Kaşanlı deyib ki, 1998-ci ildə «Sönməyən ulduzlar» teatrı yaranıb: “Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov idi. Vaxtilə o, Adil İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında Səməd Vurğunun «Vaqif» əsərini tamaşaya qoymuşdu. «Sönməyən ulduzlar»da ilk olaraq elə bu əsər səhnələşdirildi. Tamaşada Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı. Uğurla keçən bu tamaşadan sonra M. Kazımov Cəfər Cabbarlının 100 illiyi münasibətilə «Solğun çiçəklər» əsərini səhnələşdirdi. Bu tamaşa da çox yüksək coşquyla keçdi.M.Kazımov dünyasını dəyişəndən sonra teatrın baş rejissoru istedadlı sənətkar Hafiz Fətullayev oldu. Qısa müddət ərzində H.Fətullayev Şıxəli Qurbanovun məşhur «Sənsiz» əsərini hazırladı. Bu tamaşa da Akademik Milli Dram Teatrında göstərildi. Daha sonra H.Fətullayev Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşasına quruluş verdi”.

Rafiq Kaşanlı deyib ki, hazırda teatrda Hafiz Fətullayev, xalq artisti Elmira Şabanova, əməkdar artistlərimiz Firuz Xudaverdiyev, Cəmilə Məmmədzadə, Esmiralda Şahbazova, Suğra Bağırzadə kimi isimlər çalışırlar: “Bu insanları gənc nəslə daha yaxından tanıtmaq isə bizim üzərimizə düşür”. məhz bu məqsədə xidmət edir”.

Daha sonra Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov deyib ki, ““SÖNMƏYƏN ULDUZLAR” mənəvi və sosial yardım layihəsi” Azərbaycan Respubublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən gerçəkləşdirilir. Fuad Cəfərov göstərdiyi dəstəyə görə ” Azərbaycan Respubublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri namizədi Şahin Fazil “Sönməyən ulduzlar” teatrı və onun rəhbəri Rafiq Kaşanlı haqqında xatirələrini bölüşüb.

Xalq artisti Arif Quliyev öz çıxışında “Sönməyən ulduzlar” teatrının əhəmiyyətindən, yaşlı sənətkarlarımıza verdiyi dəstəkdən danışıb. Daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb. Eyni zamanda müxtəlif səhnəciklər göstərib.


Müəllif: