20 İyul 2016 16:14
3 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum Anar Məmmədxanovun 46 yaşı tamam olur. Teleqraf.com Anar Məmmədxanovu həyat yoldaşı İradə Məmmədxanova ilə birgə yad eləyib.

- İradə xanım, bu gün Anar Məmmədxanovun ad günüdür, onsuz keçən ad günü haqqında təssüratlarınızı eşitmək istərdik…

- Bu gün tamamilə başqa hisslər yaşayıram. Bilmirəm, bu təcrübə yoxsa yaşla əlaqədardır. Anar dünyada yerini tutmuş adam idi. Ondan böyük bir irs qalıb. Mən onun haqqında danışarkən ancaq həyat yoldaşı kimi deyil, yaxın dostu kimi də danışıram. Hər zaman bir-birimizə çox dəstək olurduq. Anarla yaşadığım illər ərzində böyük həyat təcrübəsi keçdim. Anarın mənim bu yerə gəlməyimdə rolu çox böyükdür. Ona görə özümü şanslı hesab edirəm. Ailə ənənəmiz çox qiymətlidir. Bu gün Anarın ad gününü qeyd edirik. O, ad gününü ailəmiz və yaxın dostlarla qeyd etməyi çox sevirdi. Çalışırdı ki, həmin gün evdə olaq. Bu gün də bağımızda açıq qapıdır. Anarın ruhunu yaşatmaq istəyənlər evimizə gələcəklər.

- Bağda ad gününü qeyd edəcəksiniz. Anar müəllimin dostlarından kimləri dəvət etmisiniz?

- Anarın Azərbaycanda və xarici ölkələrdə çoxlu dostları var. İldə iki dəfə, anım və ad günlərində çoxlu zənglər gəlir. Ürək sözlərini deyirlər, Anarı yada salırlar. Bu gün səhər Vahid Naxış zəng etdi və öz ürək sözlərini dedi.

- Üç övladınız var. Atalarını necə xatırlayırlar?

- Bəli, üç övladımız var. Övladlarım atalarından çox şey öyrəniblər. Yaşlarının az olmasına baxmayaraq çox ciddi insan kimi yetişiblər. Onların formalaşmasında Anar böyük rol oynayıb. Bizim böyük foto-video arxivimiz var. Yaxşı günlərimizi yada salırlar. Bilirlər ki, uşaqlıqlarını çox xoşbəxt keçiriblər.

- Övladlarınızdan Anar müəllimin sənətini davam etdirənlər var?

- Anar çox sərbəst insan idi. Ona görə heç kimə özünü nümunə kimi göstərmirdi. Sözsüz ki, onun öz qanunları var idi. Hər insan öz həyatını yaşayır. Bircə onu deyə bilərəm ki, bizim uşaqlar Anar kimi ataları olduğuna görə xoşbəxtdirlər.

- O, bir həyat yoldaşı kimi necə idi?

- Anar həyat yoldaşı kimi də çox yaxşı insan idi. İkici elə bir insan yox idi.

- Həyat yoldaşınız dünyasını dəyişdikdən sonra yəqin ki, hər hansı çətinlik yaşadınız. Üzərinizdə üç övladın məsuliyyəti var idi. Çətinliklərin öhdəsindən necə gəldiniz?

- Sözsüz ki, mənə Anarı itirdiyim ilk saniyələrdən çox çətin idi. Üç övlad anasıyam. Üç qat məsuliyyət daşıyıram. Əgər üç övladım yanımda olmasaydı, necə olacağını bilmirəm. Bu dəhşətli günləri keçməkdə övladlarım mənə kömək etdi.

- Anar müəllim qəflətən ürək tutmasından dünyasını dəyişib. Ürəklə bağlı hər hansı şikayəti var idimi? Müalicə olunurdumu?

- Xeyr, heç vaxt ürək müalicəsi almayıb. O səhhətinə çox ciddi yanaşırdı. İldə iki dəfə 20 günlük kurorta gedirdi, müayinə olunurdu. Amma heç vaxt ürək müalicəsi qəbul etməmişdi. Çünki ürəklə bağlı heç bir şikayəti olmamışdı. Ancaq mədə problemi var idi.

- Həmin günü necə xatırlayırsınız?..

- Həmin gün uşaqlarla evdən kənarda idik. Anarın dünyasını dəyişməsini sürücümüz zəng edib dedi. Üstündən beş il keçib...

- Bəs “Planet Parni iz Baku” komandasının üzvləri ilə münasibətiniz necədir. Zəng edib övladlarınızla maraqlanırlarmı?

- Biz onlarla çox yaxın və doğmayıq. İndiyə qədər böyük bir ailə kimiyik. Onların münasibəti bizə qarşı çox yaxşıdır, diqqətlidirlər. Tez-tez görüşürük. Bu gün Anarın məzarını ziyarət etdik, “Planet Parni iz Baku” komandasının üzvləri də oradaydılar.

Rəqsanə


Müəllif: