22 Aprel 2014 13:07
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhnədən çıxıb getməyin də çox səviyyəli şəkildə olmalıdır”

“Yazılanları oxuduqca fikir verirdim ki, bu insanlar hətta tamaşanın musiqisini belə qeyd etmirlər. Əgər siz sənətə qiymət verən adamlarsınızsa, o əsərdə heç olmasa nəyisə tərifləyin”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bəstəkar Aygün Səmədzadə “Qatil” tamaşasının ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

Qeyd edək ki, Aygün Səmədzadə “Qatil” tamaşasının bəstəkarıdır. “Mən ”Qatil" tamaşasına musiqini 2003-cü ildə əsərin ilk quruluşunda yazmışdım. Musiqim sosial şəbəkələr vasitəsilə daha da populyarlaşdı. Mehriban Ələkbərzadə Azərbaycanın ən savadlı, istedadlı sənət adamlarının ön sıralarında dayananlardandır. Düşünmürəm ki, onun gördüyü bu qədər işlərin müqabilində yaratdığı səhnə əsərinə belə münasibət göstərmək olar. Yazılanları oxuduqca fikir verirdim ki, bu insanlar hətta tamaşanın musiqisini belə qeyd etmirlər. Əgər siz sənətə qiymət verən adamlarsınızsa, o əsərdə heç olmasa nəyisə tərifləyin. Mən hesab edirəm ki, insanların sənət naminə atdığı addımları hər zaman alqışlamaq lazımdır.

Təbii ki, tənqid də olmalıdır. Amma o tənqidin də həddi var. Sən hər hansı bir əsəri tənqid etmək istəyirsənsə, bunu sivil şəkildə etməlisən. Sən əgər tamaşaya gəlirsənsə, özünü ziyalı, intellektual hesab edirsənsə, sənin tənqidin, yaxud səhnədən çıxıb getməyin də çox səviyyəli şəkildə olmalıdır. Bu sənət ocağıdır və ona münasibət də sənət səviyyəsində olmalıdır. Mehriban xanımın sənətini yüksək qiymətləndirdiyimə, onunla əməkdaşlıq etdiyimə, onun necə bir zəhmətlə həyatını bu sənətə həsr etdiyini bildiyimə görə hesab edirəm ki, o bu səhnədə nə yaratsa və bu hətta kiminsə xoşuna gəlməsə belə, ona həmişə yaşıl işıq yanmalıdır".

Nərmin


Müəllif: