25 İyul 2016 17:44
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümü artıq yekunlaşsa da xarici ölkə teatrları ilə yaradıcılıq mübadilələri hələ də davam etməkdədir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə Permdə fəaliyyət göstərən “U mosta” teatrının bədii rəhbəri və direktoru Sergey Fedotov teatra qonaq dəvət olunub. Rusiyalı rejissor Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbəri, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla bir sıra qarşılıqlı maraq doğuran yaradıcılıq məsələləri müzakirə edib. Teatrın cari repertuarındakı tamaşalar, teatrın iştirak etdiyi beynəlxalq festivallar haqqında müzakirələr aparan teatr rəhbərləri daha sonra sentyabr- oktyabr aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından söz açıblar. Söhbət zamanı məşhur rejissor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir əsərə məmnuniyyətlə quruluş verməyə hazır olduğunu bildirib.

S.Fedotov 2014-cü ildə iştirak etdiyi III Beynəlxalq Bakı Teatr Konfransından maraqlı təəssüratlarla ayrıldığını və böyük məmnuniyyətlə cari ilin noyabrın 5-6-da keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, S.Fedotov Rusiyanın Əməkdar İncəsənət Xadimi, “Qızıl maska”, Çexiyanın Milli və Rusiyanın Dövlət mükafatları laureatı və Martin MakDonax Beynəlxalq Teatr Festivalının prezidentidir.


Müəllif: