26 İyul 2016 11:12

Şair-jurnalist Gülşən Behbud Ağdamda doğulub. Uşaqlıq və gənclik illəri indi işğal altında olan əzəli yurdda keçib. Onunla həmsöhbət oldum. Bugünkü fəaliyyəti və ağdamlı günlərinin xatirələrini vərəqlədik...

- Gülşən xanım, əvvəlcə oxucularla təmasınızdan bəhs edək. Yaradıcılığınızda nə yenilik var?

- Yaradıcılıq pis deyil, şaxələnib, müxtəlif sahələrə bölünüb. Əsas odur ki, fəaliyyətini itirmir. Şükürlər olsun, hər şey öz qaydasındadır. Kitablarımla, şeirlərimlə, publisist yazılarımla oxucularla görüşlərimiz davam edir.

- Siz, həm də bir dərginin baş redaktorusunuz, bu haqda oxucularımıza qısa da olsa bilgi verin.

- Bəli mətbuat aləmində özünə məxsus yeri olan “Atilla” jurnalı, məncə, hər kəsə tanışdır. Məlumat olaraq deyim ki, bu jurnal artıq Türk Dünyasının yaxşı tanıdıgı əfsanəvi qəhrəman İbad Hüseynlinin şərəfinə yaradılmışdır. Jurnal Türkiyənin paytaxtı Ankara şəhərində işiq üzü görür. Buna baxmayaraq, hər il mayın 10-da Ulu Öndərimiz Heydər Əliyevin doğum gününün şərəfinə Bakıda xüsusi buraxılış olaraq yayımlayırıq.

- Sizin çox gözəl bir missiyanız var, bu jurnal və keçirdikləriniz müxtəlif tədbirlərlə ölkəmizi, onun haqq savaşını, həqiqətlərini təbliğ edirsiz.

- Bu missiya mənim vətəndaşlıq borcumdur. Bilirsiniz ki, qarabağlıyam, köçkünəm, şəhid bacısıyam, ürəyim həsrət acısıyla doludur, əzizlərimi itirmişəm, uşaqlığım, gözəl xatirələrim əsirlikdədir. Yəni bu acıyla yaşayan insanın missiyası təbii ki, belə də olmalıdır. Bir neçə gündən öncə Qarabağımızın dilbər guşəsi olan, Ağdamımızın işgal günü oldu. Hər il o tarixi təkrar olaraq anmaq çox çətindir, səbrimiz tükənir artıq. İnanıram ki, yaxın gələcəkdə biz Ağdamımızı anmaq deyil, gedib orda qələbə gününü qeyd edəcəyik. Ümidlə yaşayırıq və buna çox inanırıq. Çünki bizi inandıran güclü ordumuz, o ordunun Ali baş komandanı var.

- İllərdir Qarabağ qazisi İbad Hüseynovla çiyin-çiyinəsiz. Onun etdiyi qəhrəmanlıqların müxtəlif dərgi və kitablarda, müxtəlif ölkələrdə yayınlanması da sizin əməyinizin bəhrəsidir. Yorulmursuz ki?

- Sevdiyi işlə məşğul olan insanlar yorulmur. 1990-94 cü illər bizim tələbəlk illərimizə təsadüf edirdi. 20 Yanvar hadisələri, Qarabağ torpaqlarının işğalı… Biz hər gün mitinqlərdə olurduq. Və mən 1991-ci ildə tələbə yoldaşlarıma, doğmalarıma, məni tanıyanlara əgər Heydər Əliyev hakimiyyətə gəlməsə, bu dövlət uçuruma gedəcək deyirdim, yazılar yazırdım. O zaman mənim yazılarımı qəzetlər vermirdi, hətta mənə təəccüblə, nifrətlə baxırdılar.

Mənim atam müəllim olub. O, şəxsiyyətlərə hər zaman önəm verərdi. 1941-45 ci illər müharibəsinin qanından-qadasından keçmişdi. Stalinin şəxsi təltiflərini, medallarını almışdı. Evimizdə hər zaman tanınmış yazıçıların, şairlərin və siyasət adamlarının adı hallanırdı. Atamın yaxın dostları – yüksək vəzifədə olan ziyalılar, həkimlər vardı. Yay vaxtı onlar atamı görməyə və dincəlməyə bizim kəndə gəlirdilər. Uşaqlıqdan Stalinin, Brejnevin adını eşitmişəm.

Atam televiziyada rus kanalında “Vremya” nı izləyirdi. Heydər Əliyev dilinin əzbəri idi. 1993-cü ildə Heydər Əliyevlə gorüşmək istəyirdi. Qardaşım Qarabağ uğrunda gedən döyüşdə şəhid oldu. Atam bu acıya dözmədi, dünyasını dəyişdi. Yəni atamın dilindən səslənən bu ada uşaqlıqdan simpatiya bəsləmişəm, ağlım kəsəndən də Ulu Öndərimizi sevmişəm və sevirəm. Onun dəyər verdiyi insanlar da məni maraqlandırıb.

O maraqlı insanlardan da biri çiyin-çiyinə çalışdığım İbad Hüseynlidir. Elə bir insanla çalışmaq, addımlamaq çoxlarının arzusu olub və mən özümə şərəf bilirəm ki, bu gözəl missiyanı həm xalqımızın, həm qəhrəmanımızın adına layiq yerinə yetirirəm. Təbii ki, Türk dünyasının elə şəhərləri vardı ki, orda nəinki Qarabağı, heç Azərbaycanın adını da bilmirdilər. İbad Hüseynli ilə görüşlərdə, konfranslarda biz bunun şahidi olurduq, təəssüf edirdik. İbad Hüseynli elə Azərbaycan, Qarabağ, vətən deməkdir. Çünki o özünü deyil, Azərbaycanı təmsil edir.

- Bütün fəaliyyətiniz dolayısı ilə də olsa müharibə mövzusu ilə üst-üstə düşür. Bir yaradıcı, zərif xanım olaraq müharibə mövzusu necə təsir edir sizə?

- Müharibə adından göründüyü kimi, ölmək-öldürmək deməkdir. Qorxunc və dəhşətdir, arzuolunmayandır. Amma biz məcburuq müharibəyə, çünki torpaqlarımız işğal altındadır, nə qədər günahsız şəhidlərimiz oldu. Erməni müharibə etməsək, torpağı verəcəkmi bizə? Əsla! Ona görə hər şeyə hazır olmalıyıq.

- Qəribə görünüşünüz var, zərifliyinizə yaraşmayan kədər yığını gözlərinizdən boylanır, nədi içinizdəkilər?

- İnsanın yaşantıları onun simasında əks olunur, rahat və ürəkaçan həyat heç yaşamadım. Uşaq vaxtı anam dünyasını dəyişdi və gözlərimə uşaqkən kədər kölgəsi düşdü, gəncliyimə qədəm qoyanda qardaşım şəhid oldu, o acıya dözməyən atam dünyasını dəyişdi, sonra digər əzizlərim dünyasını dəyişdi. Elimizi-obamızı, yurdumuzu itirdim. Bütün bu acılardan sonra hansı sevinc gorünsün gözümdə…

- Bu biri tərəfdən də boş vaxtınız az olur. Səfərlər, tədbirlər ard-ardadır. Bütün bunlar yaradıcılığına necə təsir edir?

- Əslində, işlərin çoxluğu mənim başımı qatır, bekar qalmağı, boşuna danışmağı, gəzməyi sevmirəm…

- İbad bəy haqda müxtəlif fikirlər səsıənir, necə qarşılayırsız?

- Bar verən ağaca daş atan çox olur. İbad Hüseynlini Azərbaycanda 1990-1993-cü illərdən başlayaraq tanımayan yox idi. Əgər hər hansı döyüşçü desə ki, mən onu tanımıram bilin ki, paxıllıqdan deyir. Müharibə vaxtı döyüşdən qaçanlar, dövlətin əleyhinə aksiya keçirənlər, Bakıda gəlib döyüşmüşəm deyə “firounluq” edənlər İbad Hüseynlinin tənənəsindən və hədəsindən uzaq olmayıblar. Və onlar indi kompyuter arxasında “kişilik” edirlər. İbad Hüseynlini tanıyanlar tanıyır, bilənlər bilir ki, onda olan əxlaq heç indiki bəzi qızlarda yoxdur. Vallah, düz deyirəm. Bir dəfə bir xanım müsahibə almağa gəlmişdi, elə geyimdə idi ki, mən utanırdım onun yerinə. O xanım müsahibənin ortasında artıq kiminlə müsahibə aldığını başa düşdü, və qızara-qızara başladı sinəsini örtməyə, yubkasını çəkməyə. Yəni İbad müəllim həm döyüşüylə, həm igidliyi ilə, həm cəsurluğu ilə, həm də təvəzökarlığı və əxlaqı ilə dərs verir, nümunədir. Onun haqqında artıq-əskik yazanlara mən əvvəllər çox aqressiv yanaşırdım, əsəbiləşirdim. Çünki tanımayan insanlar da bəzi şərəfsiz insanların dilindən nəyisə eşidib təsir altına düşürdülər. Neyləyək , müharibənin öz qanunları var, müharibə qəhrəmanlar yetişdirdiyi kimi, şərəfsizlər də yetişdirir...

- Gülşən xanım, bir qarabağlı kimi, Qarabağın taleyini necə görürsünüz?

- Bilirsiniz ki, Qarabağ siyasi oyundur. Bu hər kəsə bəllidir. Ermənistan demirəm, çünki elə bir dövlət tanımıram. “Erməni” adlı təşkilatı böyüdüb, Ermənistan dövləti yaradan qüvvələr istədikləri zaman hər yerdə o ”silahdan” istifadə edir və edəcək də. Biz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, dəyərli prezidentimizin uğurlu siyasətinə inanırıq və ümid edirik ki, Qarabağımızı və eyni zamanda Qərbi Azərbaycan torpaqlarımızı geri alacağıq.

- Biz də sizin inamınızı alqışlayırıq, çünki bu bizim hamımızın inandığı və gözlədiyi bir tarix olacaq. Çox sağ olun!

- Siz də çox sağ olun, təşəkkür edirəm ki, müsahibə üçün məni seçmisiz.

Faiq Balabəyli


Müəllif:
Загрузка...