31 İyul 2016 15:45
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilib.

Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, tədbirin proqramında müxtəlif yaş həddləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekotativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayıblar.

Məlumat üçün bildirək ki, “Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasientləridə tam olaraq ödənişsiz iştirak ediblər.

İştirakçıları tədbirdə muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar təqdim olunub.

Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı da əldə ediblər.

Tədbir zamanı muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə səsləndirilib və muzeyə mini ekskursiya təşkil olunub. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində keçirilməsi nəzərdə tutulur.


Müəllif: