2 İyul 2014 11:22

Roza Cəlilova: "Xoşbəxtliyimi tapdığım rəqs sənəti mənə ancaq alqışlar qazandırdı..."

O rəqs edəndə uçurdu, elə uçurdu ki, o ənginliyə quş quşluğu ilə qanad çala bilməzdi. Ürəyi uçurdu fəzaya, göyün yeddinci qatına, ruhu orda gəzirdi. Bu insan haqda düşünəndə gözlərim önünə ilk olaraq onun barmaqları gəlir, barmaqları ilə dünyanı görür o, barmaqlarının incə, zərif tərpənişinə görə tanıyırlar onu. Onun rəqsləri Azərbaycan boyda bir aləmdir, rənglidir, əlvandır, özünə yaraşandır. Milli rəqslərimizi qu quşu məhəbbəti ilə sevir, dünən olduğu kimi, bu gün də könlü rəqslərimizlə pərvazlanır.

Ürəyimdə bu insanın ayrıca yeri var, elə bir yer ki, ora ancaq ona məxsusdur. Düşünürəm ki, o yer hər zaman onun yeri olaraq qalacaq... O oynayanda ürəyim riqqətə gəlib həmişə, lent yaddaşına hopan ifaları, zərif, duyğulu, danışan, ürəkləri dilləndirən rəqsləri məni valeh edib hər zaman. Maestro Niyazi onun haqqında deyirdi ki, bu qız nə qədər kökəlsə də, dəyişsə də, səhnədə uçur, yenə də uçur. Hər rəqsi səhnədə bir uçuş, bir yüksəliş olub onun üçün. Onu səhnədə qanadlandıran milli rəqslərimizə könül vurğunluğu olub. Rəqs adlı sevdaya mübtəla olandan özünü bu incə sənətə həsr edib. Rəqs sənətlərin ən incəsidir, bu isə incə ruhlu, saf ürəkli insanların təqdimatında özünü daha ifadəli göstərə bilir... Azərbaycan Respublikasının xalq artisti, görkəmli rəqs ustadı, xoreoqraf-baletmeyster, "Şərəf" ordenli, Prezident təqaüdçüsü Roza Cəlilovadır haqqında danışdığım xanım...O Roza Cəlilova ki, Azərbaycan və dünya səhnəsində milli rəqslərimizi ləyaqətlə təmsil edə bilib.

Ata arzusu...

Roza Cəlilovanın atası tanınmış partiya xadimi olub. İsmayıl kişi qızını balerina görmək istəyirdi. Onun ürəyindən keçirdi ki, balaca Rozanı balet məktəbinə qoysun. Elə də edir, 9 yaşlı Rozanı balet məktəbinə yazdırır, ata balasını böyük, işıqlı səhnələrdə görürdü, alqış, gül-çiçək yağışında görürdü fidanının gələcəyini... İsmayıl kişinin qızı əlçatmaz səhnələri fəth etdi, hər yerdə birinci oldu, amma milli rəqs sənətini təbliğ etməklə.

Roza xanım haqda indiyə qədər bir neçə yazı yazmışam, səhnəyə gəlişi, burada qarşılaşdığı yaxşı və pis hadisələr haqda bilgiləri onun özündən eşitmişəm. Həmişə deyib ki, milli rəqsi uşaqlıqdan sevib. Amma milli rəqsə yolu baletdən düşüb. Deyim ki, o, milli rəqsdən əvvəl 9 il balet rəqsinin sirlərini öyrənib. Roza xanım deyir ki, baletlə məşğul olduğu dövrdə dövlət tərəfindən ona təqaüd verilib. Burada məqsəd o olub ki, o, balet sənətinə barlansın, milli balet rəqqasəsi kimi özünü göstərə bilsin. Uzun illər səhnə təcrübəsinə malik olan Roza Cəlilova sənətinin başlanğıcından böyük maraqla danışır: "Məni balet məktəbinə atam yazdırmışdı. O vaxtlar valideynlərin çoxu övladlarının baletə getməsini istəmirdi. Elə bir vaxt idi ki, heç milli rəqsə getməyə qoymurdular, qaldı ki baletə. Amma mənim atam ziyalı idi. 36 yaşında professor olmuşdu. Atam görürdü ki, mən oynayıb-eləyirəm, rəqs etməyə həvəsim var. Deyirdi ki, mən qızımı baletə qoyacam. Mənim baletə getməyimin təşəbbüskarı atam olub. 12 yaşım olanda məktəbdə istedadlı uşaq və gənclərə aid olimpiada keçirilirdi. Müharibə dövrləri idi. Gecələr müharibə idi, gündüzlər müsabiqə keçirilirdi. Orada gəlib rəqs qurdular və o rəqsdə məni seçdilər. Dedilər ki, sən birtəhər oynayırsan, rəqsə getmisən? Dedim yox. Dedilər bəs necə yaxşı oynayırsan? Dedim balet məktəbinə gedirəm. Həmin festivalda "Azərbaycan" rəqsini ifa etdikdən sonra aşiq oldum milli rəqs sənətinə. Elə bu yaşımdan da milli rəqslərimizi ürəyimdə saxladım. Baleti qurtarana qədər ürəyimdə qaldı. Qorxumdan da anama deyə bilmirdim ki, baletdən ayrılmaq istəyirəm. Ancaq bu istəyimi anamın yanında dilə gətirməkdən çəkinirdim. Çünki məni ora atam qoymuşdu, baleti atmağım anama pis təsir edə bilərdi. 9 il balet məktəbinə getmişdim və məktəbi uğurla bitirmişdim. Amma könlümcə deyildi, ürəyimdəki milli rəqs idi. Bəlkə də mənim yerimə başqa biri olsaydı, baleti atmazdı, ancaq mən qərarımda qəti idim. Arzumu anama dedim, o mənim baletdən ayrılmağımı istəmirdi təbii. Birincisi, ona görə ki, atam 1942-ci ildə Böyük Vətən Müharibəsində Kerç cəbhəsində həlak olmuşdu... Mənim yeni seçimim onun arzusuna zidd idi... Xoşbəxtliyimi tapdığım rəqs sənəti mənə həyatda alqışlar qazandırdı, yalnız alqışlar..."

Hökumə Sultanovanın tövsiyəsi...

Roza xanım bildirdi ki, incəsənət aləminin əbədi sakini olduğu üçün ruhuna minnətdar olduğu insanlar var, onların önündə isə atası İsmayıl Cəlilov durur":Atama minnətdaram ki, baletə qoydu və mən də orda öz yolumu tapdım. Milli rəqsə gələnə qədər Akademik Opera və Balet Teatrında balerina kimi işlədim, o vaxt baletdə azərbaycanlı qızlar çox az idi. Qəmər Almaszadə başda olmaqla dörd nəfər azərbaycanlı qız vardı. İki il burada işlədikdən sonra Mədəniyyət İşləri İdarəsinin rəhbəri Hökumə Sultanovanın yanına getdim. O, həmid Sultanovun bacısı idi. Hökumə xanım atamın tələbəsi olmuşdu, bizi yaxşı tanıyırdı. Hökumə xanıma dedim ki, mən milli rəqsə getmək istəyirəm. O mənə tərs-tərs baxıb dedi ki, sən nə danışırsan, biz səni balet üçün oxutmuşuq, qayğına qalmışıq. Mən də ona dedim ki, ya baletdən çıxacağam, ya da milli rəqsə gedəcəyəm. Beləliklə 1949-cu ildə Üzeyir Hacıbəyovun yaratdığı və indi də onun yadigarı kimi yaşayan Mahnı və Rəqs Ansamblına qəbul olundum. Bilirsiz, indi çoxları bilmir ki, Mahnı və Rəqs Ansamblını Üzeyir bəy yaradıb. Elə həmin ildən başlayaraq burada çalışmağa başladım. Rəqsə gəlməyimdən bir xeyli sonra xaricə qastrol səfərinə getdim. 1953-cü ildə Berlin Festivalında qızıl medal aldım..."

Moskvadan teleqram... qorxu, göz yaşı və sevinc...

Roza xanım deyir ki, Berlində festivalda iştirak edərkən qəfil Moskvaya çağırıldığı haqda xəbər alır. Festival qalibi kimi qala konsertə hazırlaşan rəqqasə Moskvadan gələn çağırışı qorxu və sarsıntı ilə qarşılayır":Mənə dedilər ki, təcili Moskvaya qayıtmalısan, səni ora çağırırlar. Elə qorxurdum ki, deyirdim nə etmişəm görəsən, məni geri çağırırlar. Mənə nə üçün çağırılmağımın səbəbini heç kəs demirdi. Qatarla gəldim Moskvaya, gecə səhərədək qatarda ağladım... Moskvaya gəlib çatandan sonra mənə dedilər ki, hazırlaş, bir aylığa səni Albaniyaya göndəririk. Yenə gözümün yaşı qurumurdu ki, niyə məni festivaldan yarımçıq qaytarmısınız... O vaxt Zəki Səfərov vardı, Hökumə xanımın müavini idi. Dedi ki, ay qız, gör səni hara göndəririk. O səfərdə "Bolşoy Teatr"ın solistləri və SSRİ-nin digər şöhrətli sənətkarları iştirak edirdi. Beləliklə, biz Odessaya gəldik, oradan isə paraxodla yola düşdük. Düz doqquz gün yol getdik və sahildə hansı sürrprizlə qarşılaşsam yaxşıdır... Bizi Üzeyir Hacıbəyovun "Koroğlu" opersından üvertura ilə qarşıladılar... Bununla da göz yaşlarım qurudu, sevincimin həddi-hüdudu olmadı. Demə onlar bizim Azərbaycandan gəldiyimizi bilirmişlər. Bakıya qayıtdıqdan sonra mənə dedilər hardaydın, itmişdin? Dedim itməmişəm o boyda Berlin Festivalından təkcə məni çağırıb Albaniyaya göndərdilər. Bundan böyük sevinc olar? Sənətdə, səhnədə belə uğurlu, xoşbəxt hadisələrlə çox qarşılaşmışam. Bilirsən ki, mənə fəxri adı çox gec verdilər... Mən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən 85 illik yubileyimdə də dedim ki, əziz tamaşaçılar, mənim üçün ən gözəl qiymət sizin yadınızdan çıxmamaqdır. Doğrudan da belədir. Əsas tamaşaçı sevgisi qazanmaqdır. Mən bu sevgini və alqışı zamanında qazanmışam və bu gün də onu qoruyub saxlayıram. Yubileyimin qeyd edilməsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda olmaqla bütün əməyi keçən insanlara təşəkkür edirəm. Xalq artisti Təranə Muradovaya da minnətdarlığımı bildirirəm ki, o tədbirin araya-ərsəyə gəlməsində böyük iş gördü. O, qardaşımın həyat yoldaşıdır və gözəl də rəqqasədir. Mənim nəvələrim-Lenay Seyidəlizadə, Aslana Seyidəlizadə və Lalə Cəlilova da yolumu davam etdirir. Onlara rəqs sənətində böyük uğurlar arzulayıram".

Rəqsləri onun həyatdakı izləridir

Deyirlər ki, hər bir insanın barmaq izləri fərqli olur. Roza xanımın sənətdə qoyduğu izlər də başqa izlərdən fərqlənir. O kiminsə açdığı cığırla getməyib heç vaxt, sənətdə, səhnədə özünün açdığı cığırla irəliləyib. Ona görə də uğurlara tuş gəlib. Daxili aləmi ilə xarici aləmi arasında ciddi oxşarlıq olan Roza Cəlilova nə paxıllıq bilir, nə də pislik. Bu xanım dünyaya yaxşılıq üçün gəlib. Azərbaycanın müxtəlif yerlərində Roza Cəlilovanın əməyinin bəhrəsi var. Müqtədir bir rəqs ustadı kimi Naxçıvan Muxtar Respublikasında folklor rəqs kollektivlərinin yaradıcısı olub. Onun müəllimlik fəaliyyəti Naxçıvanla məhdudlaşmır, başqa rayonların da rəqs kollektivlərinin yaradılmasında, ayağa durmasıda əməyi olub. Sənətşünaslar deyir ki, Roza Cəlilovanın rəqqasə kimi ən üstün cəhəti professional rəqslə folkloru məharətlə birləşdirməsində olub. Lirik süjeti, bədən plastikası və kəpənək uçuşunu xatırladan zərif əl hərəkəti ilə rəqqasə hər bir rəqsində mükəmməl, bitkin bir sənət əsəri yaradıb. Rəqqasə parlaq ifaları ilə yanaşı, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə həyata vəsiqə alan "Gülüstan" Mahnı və Rəqs Ansamblı isə tam mənada Roza Cəlilovanın sənət övladıdır. Yüksək professional səviyyə və tərkibinə görə "Gülüstan" ansamblı qısa zamanda populyarlaşaraq xarici ölkələrdən dalbadal dəvətlər almağa başlayır. "Gülüstan" ansamblı ilə bərabər Roza Cəlilova Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.

Yollar yormadı onu...

Roza xanım haqda çox yazmaq olar, çünki bu xanım ömrünü sənətə həsr edib və böyük xidmətlər göstərib. Roza Cəlilovanın mənzilində onun müxtəlif illərdə səhnədə çəkdirdiyi şəkillərə tamaşa etməyin ayrı sevinci var. Divarda bir şəkil var-rəqqasə burada "Hind rəqsi"ni oynayır. Qaragöz, qaraqaş Azərbaycan gözəli səhnəmizə öz dövründə yeni rəqs gətirmişdi. Roza xanım deyir ki, 1957-ci ildə Həbəşistanda olan zaman, məşhur bir hind rəqqasəsi səhnədə oynayarkən onu gizli olaraq səhnənin arxasından böyük maraqla izləyib.

Rozanın bu həvəsini görən xarici rəqqasə hind rəqsini ona öyrədəcəyini deyib və öz paltarlarını, ayaqlarındakı zəncirlərini də ona verib. Hind rəqsini ondan öyrənən Roza Cəlilova Azərbaycanda bu rəqsin bir növ təmsilçisi olub: "Azərbaycan səhnəsinə hind rəqsini ilk mən gətirdim. İndiki hind rəqslərini oynayan rəqqasələr hind kasetlərinə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki hind rəqqasələrinin heç biri peşəkar deyil".

Roza xanım səhnəyə, səhnə də Roza xanıma yaraşıb həmişə. Hətta 85 yaşında səhnəyə çıxanda belə öz şuxluğunu, kübarlığını, zəngin insanlıq xüsusiyyətlərini bir daha göstərdi böyük sənətkar. O, səhnəyə vüqarla gəlib, səhnəni də ləyaqətlə tərk edib.

/Baki-Xəbər/
İradə SARIYEVA


Müəllif: