4 İyul 2014 14:47
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatrlar növbəti mövsümlərinə yekun vurunca, serial çəkilişləri dayanınca, aktyor və aktrisalarımız istirahət üçün yer axtarışına çıxırlar.

Onların harada və necə istirahət etməsi ilə bağlı Teleqraf.com kiçik sorğu keçirdi. Sorğuda istirahətlə yanaşı builki yaradıcı işlərini dəyərləndirmək də yer alırdı. Biz suallarımızı verdik, onlar cavablandırdılar.

Danışmaq istəmədi

Xalq artisti Laləzar Mustafayeva uğurlu teatr mövsümü keçirdiyini bildirib: “Mövsümümüz bu ayın ortalarında bitəcək. Ona görə teatra gedib- gəlirik. Bu mövsüm teatrda iki tamaşada yer aldım. Onlardan biri Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşasında Tubu xanım obrazıdır. Rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşa çox gözəl tamaşadır. Digəri isə Əli Əmirlinin “Şah Qacar” pyesində Ceyran xanım obrazıdır. İki rolumdan da çox razıyam. Son illərə nisbətdə bu il mənim uğurlu ilimdir”. Ümumilikdə teatrlardakı durumu qiymətləndirmək istəməyən aktrisa sualımıza sadəcə “Bu barədə danışmaq istəmirəm” deyib”.

“Moskvaya, Türkiyəyə gedirəm”

İstirahətə gəlincə, o hələ ki, bununla bağlı plan qurmadığını bildirib: “Əksər vaxtı rayonlarımıza, Moskvaya, Türkiyəyə gedirəm. Amma sizə deyim ki, imkan tapan kimi ən yaxşı istirahətimi evdə eləyirəm. Heç bir iş görmədən, kosmetika etmədən evdə oturmağın özü ən gözəl istirahətdir mənim üçün. Saç-baş düzəltmək lazım gəlmir o zaman. Mənim üçün dünyada ən gözəl istirahət odur. Televizorun pultu əlimdə istədiyimiz kanala baxaraq dincəlmək də öz yerində. Əvvəllər kitab oxumağı çox xoşlayırdım, amma gözlərim zəifləməyə başlayandan eynək taxdım. Onunla da oxumaqda çətinlik çəkirəm. Gözlərimi incitdiyinə görə az kitab oxuyuram”.

Xalq artisti Ramiz Novruz bu mövsümü çox qısa dəyərləndirib: “Yaradıcılıq sahəsində uğurlu ilim olub, amma nə qədər ki, Qarabağ xilas olmayıb sinə dolusu uğurlu il olduğunu deyə bilmirəm. Seriallarda çəkildim, Rövşən İsaxla işlədiyimə görə də çox sevinirəm”.

Aktyor istirahətini ailəsi ilə birgə Azərbaycanın rayonlarında keçirəcəyini bildirib.

Əməkdar artist Mehriban Xanlarova bu mövsüm uğurlu tamaşasının adını çəkib: “Bu mövsüm Nicat Kazımovun quruluş verdiyi “Şorgöz deputat” tamaşasında rol aldım. Mənim üçün çox gözəl tamaşalardan biri idi. Mövsümün sonunda Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesi əsasında hazırlanan tamaşada Nəvə rolu mənə həvalə olundu. Çox yaxşı obrazdır. Tamaşanın rejissoru Ramiz Həsənoğludur. Amma premyerası gələn mövsüm olacaq”.

“Harda istirahət etməyin fərqi yoxdur, təki pul olsun”

Aktrisa Azərbaycanda istirahət etməyi üstün tutanlardandır: “Bizim elə gözəl yerlərimiz var ki, inanın, çoxlarının bundan xəbəri yoxdur. Rayonların birində bir həftə, on gün qalaram elə bilərəm Amerikada istirahət etmişəm. Yetər ki, cibimdə pulum olsun. Pulum olsa, Amerikada istirahət etmiş, yoxsa burda etmiş, mənim üçün heç bir fərqi yoxdur”.

Əməkdar artist Çingiz Əhmədov yay aylarında da gərgin iş rejiminin olduğunu deyib: “Göstər özünü” verilişi rayonlara səfər edib, orda çəkilişlərini gerçəkləşdirəcək. 10-15 gün istirahət edə bilsəm, çox sevinəcəm. İmkanım olsa ailəmlə birgə xarici ölkəyə də gedəcəm”.

Nərmin Muradova


Müəllif: