5 İyul 2014 20:59
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda bir cümlə dəyişəndə o dəqiqə sensasiya olur"

"Gündəlik Teleqraf" qəzeti vaxtaşırı istehsalatda olan və istehsalı başa çatan, amma təqdim olunmayan filmlərlə bağlı yazılar hazırlayır. Budəfəki yazının mövzusu Ayaz Salayevin "Ağ qara gecələr" filmidir. Film hazırda hansı mərhələdədir? Nə zaman təqdim olunacaq? Suallarımızı həm rejissora, həm istehsalçı şirkətə, həm də sifarişçi Mədəniyyət və Turizm Nazirliyinə ünvanladıq.

Öncə tarixə qısa ekskursiya edək: "Yarasa"dan uzun illər sonra 2008-ci ildə kinorejissor Ayaz Salayev ikinci bədii filminin çəkilişlərinə başladı. "Azərbaycanfilm"in istehsalı olaraq ortaya çıxması planlaşdırılan "Üçbucaq TV" elə həmin ilin sonlarında da təqdim olunmalı idi. 2009-cu ildə "Ehram TV" adı ilə ekrana çıxması gözlənilən filmin ətrafında böyük qalmaqal yarandı, dedi-qodular günü-gündən böyüdü.

Qeyd edək ki, filmin o vaxtkı variantında üç baş rol ifaçı var idi: ikisi Azərbaycan aktyorları - Rasim Balayev və Fuad Poladov, üçüncüsü isə İran aktyoru - Şəhab Hüseyni idi.

O vaxt Mədəniyyət və Turizm Nazirliyinin kino istehsalatı sektorunun rəsmisi Cəmil Fərəcov mətbuata açıqlamasında filmdə bəzi məqamların nazirliyin xoşuna gəlmədiyini və film üzərində redaktə işlərinin aparıldığı bildirdi. Amma sonrakı proseslər göstərdi ki, filmin ssenarisində dəyişikliklər edilib və böyük hissəsi yenidən çəkilib. Kinorejissor Ayaz Salayev qəzetimizə açıqlamasında filmi tamamilə yenidən çəkdiyini bildirib: "Həmin filmi yeni və başqa cür çəkdim. İndi çəkdiyimiz filmin ssenarisində heç bir dəyişiklik olmayıb. "Ağ-qara gecələr" filmində Fəxrəddin Manafov, Solmaz Süleymanlı, Rasim Balayev çəkilib". Onun sözlərinə görə, film artıq tam hazır olaraq Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib: "Nazirlikdə də baxılıb, qəbul olunub. Nazirlik filmin premyerasını payız aylarında keçirəcək".

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, filmin tamamlanma prosesi gedir: "Yəqin, yaxın gələcəkdə təqdimatı olacaq".

Filmin ssenari və aktyor oyunu ilə bağlı sualımıza cavab olaraq direktor bunları deyib: "Filmə dəqiqliklə baxmamışam. Bunlar məndən əvvəl olan proseslərdir. Filmin təqdimatı dövründə bu barədə sizə məlumat verərik. Əgər Amerikada 200 film istehsala buraxılırsa, onun ən aşağı 20-30 faizinin ya çəkilişi dayanır, ya da ssenarisində dəyişiklik olur. Azərbaycanda bir cümlə dəyişəndə o dəqiqə sensasiya olur. İranda 210 film çəkilibsə onun 11-i prokata yararlı olub, özünü doğruldub".

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, film payız aylarında geniş ekrana çıxacaq: "Film hazırdır. Və payız aylarında təqdim olunacaq".

Nərmin


Müəllif: