7 İyul 2014 14:32
5 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əməkdar artist, hamının “Ələkbər əmi” kimi tanıdığı Ələkbər Hüseynovun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, avqustun ikisi 2007-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən aktyoru dostları “Facebook” sosial şəbəkəsində anıblar.

Kukla Teatrının aktyoru Rəhim Rəhimov: “O məhz bu gün dünyaya gəlmişdi. Amma çox təəssüf ki, ömrünün çiçəkləyən çağında arzularını yarımçıq qoyan əcəl onu bizdən aldı. 7 iyul hər kəsin sevimlisi gözəl aktyor, səmimi dost Ələkbər Hüseynovun doğum günüdür. Allah sənə rəhmət eləsin Ələkbər əmi...Kral...Sən hər zaman bizimləsən”.

Musiqi Teatrın aktrisası Telli Hüseynova: “Gözəl insan, aktyor, dost idi. Hələ yaxın adamım Şərqiyyə xanımın qohumu. Çox mənə çörək verib, Allah rəhmət eləsin”.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova: “Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Gözəl və səmimi sənətkar idi”.

Aktyor Pərviz Məmmədrayev: “Allah ona rəhmət eləsin!!! Amin!!!”

Məlumat üçün bildirək ki, 1961-ci ildə Bakıda anadan olan Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində Qurban, H.X. Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R. Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin “Qar qız”da Lel, R. Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynayıb.

Ə. Hüseynovun səhnələşdirdiyi “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor “Keçəlin toyu” tamaşasındakı Keçəl rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı. Uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

Pərvin


Müəllif: