9 İyul 2014 14:59
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azdrama”da neçə tamaşa hazırlanıb?

Akademik Milli Dram Teatrı 141-ci teatr mövsümünü “Xanuma” tamaşası ilə bağlayacaq. Bu barədə məlumatı Teleqraf.com-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov verib. Tamaşa 9 iyul tarixində nümayiş olunacaq. Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato) və başqaları oynayırlar.

Xanuma kimdir?

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsəri əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz müflislikdın yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir, buna görə də Tiflisin ən yaxşı yengəsi Xanumanı yengə tutur. O, knyaz üçün Quliko adlı qız tapır. Digər tərəfdən Kabato adlı digər yengə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə müəllimi, Knyazın qardaşı oğlu Koteni sevir. Nəticədə Xanuma qalib gəlir. Knyaz Quliko illə, Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənirlər.

Ancaq biri dövlət sifarişidir

E.Cəfərovun sözlərinə görə, mövsüm ərzində teatrda 10 yeni tamaşa hazırlanıb: “Bütövlükdə götürüldükdə 2013-2014-cü illər teatr mövsümü Akademik Milli Dram Teatrı üçün son dərəcə səmərəli yaradıcılıq prosesi ilə yadda qalıb. Cari mövsüm ərzində biri dövlət sifarişi üsulu ilə, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşa hazırlanıb. Dövlət sifarişi üsulu ilə Mehriban Ələkbərzadənin quruluşunda “Əmir Teymur” tamaşası hazırlanıb”.

Daxili imkanlar hesabına teatrda M.Vişnekin “Qoca kloun tələb olunur” , C.Patrikin “Qocanı öldürməliyik”, “Biri var, biri yox…” (quruluşçu rejissor Loğman Kərimov), S.Bekketin “Krepin son lent yazısı” (quruluşçu rejissor Oruz İzzətoğlu), B.Nuşiçin “Nazirin xanımı” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), Y.Şvartsın “Kölgə” (quruluşçu rejissor Nicat Kazımov), “Kitabi –Dədə Qorqud” dastanı əsasında “İlahi oyun” (quruluşçu rejissor – Mikayıl Mikayılov), G.Dumbadzenin “Məqam” (quruluşçu rejissor Gümrah Ömər), A.Zuyevin “Mən… biz…” (quruluşçu rejissor Günay Səttar) tamaşaları hazırlanıb.

Kollektiv bitməkdə olan mövsüm ərzində üç beynəlxalq teatr festivalında (Sabançı Beynəlxalq Teatr Festivalı - Türkiyə, Adana, Min nəfəs, bir səs – Türkiyə, Konya, Milli Teatrların Festivalı – Makedoniya, Skopye) iştirak edib: “Teatr həmçinin ölkə daxili turnelərə də böyük önəm verib və “Anamın kitabı”, “Zorən şorgöz”, “Oliqarx” və “Danışan gəlincik” tamaşaları ilə Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Lənkəran, Astara, Cəilabad, Şəki, Zaqatala və Balakəndə qastrol səfərlərində olub”.

Nərmin


Müəllif: