6 Mart 2017 16:22
3 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir şərtim var. Toyumuz olandan sonra Bakının ən yüksək qalasında rəqs edəcəm”.

Bu sözləri gözəllər gözəli rəqqasə onun şərəfinə bura gələn, onunla evlənmək istəyən düşmən sərkərdəsinə deyir və şərtini də həmin anda kəsir. Sərkərdə razılaşır, toydan sonra o rəqqasəni Bakının ən hündür qalasına çıxarıb, qızın rəqs etməsi üçün bütün şəraiti yaradır. Qız qol qaldırıb oynayır, sonra isə qaladan özünü aşağı ataraq, canına qəsd edir. Rəqqasənin bu cəsarətindən heyrətə gələn sərkərdə daha buranı işğal edə bilməyəcəyini anlayaraq ordusunu geri çəkir.

Bu, paytaxtın rəmzi sayılan, gözoxşayan Qız Qalası haqda yayılan əfsanələrdən biridir. Hələ başqaları da var, amma bizi qalaboyunca müşayiət edən bələdçi xanım nədənsə məhz bu əfsanəni danışdı. Əfsanələri birləşdirən ən mühüm detal onların gözəl qızlarla bağlı olması və hamısının qaladan özünü atmasıdır. Xalq arasında da təmizlik simvoluna çevrilən bu Qala zaman keçdikcə Qız Qalası adlanmağa başlayır. Bəzi mənbələrə görə isə XIX yüzillikdə bu tikili “Xünsar” adlanıb.

Bu dəfə adı, yaranması, təyinatı ilə bağlı çoxsaylı fərziyyələr mövcud olan bir məkana – İçərişəhərin cənub-şərqində yerləşən Qız Qalasına doğru yol aldıq. “Muzeydə bir gün” rubrikamız çərçivəsində Qalada keçirdiyimiz bir neçə saatda görüb, eşitdiyimizi bu yazıda sizə təqdim edəcəyik...

28 metr hündürlüyü olan möhtəşəm abidə e.ə 8-7-ci əsrlərdə nəhəng bir qayanın üzərində, silindirik fоrmada tikilib. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) isə оna əlavə еdilib. Qala 8 mərtəbədən ibarətdir. Hər mərtəbə yоnma daşlarla tikilərək, günbəz fоrmalı tavanla örtülüb. Həmin tavanların оrtasında dairəvi dеşiklər var. Məhz bu deşiklərin mahiyyətini səkkizinci mərtəbəyə çıxanda hiss etmək mümkündür. Çünki oradakı tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür.

İnnovativ texnologiyalarla zənginləşdirilmiş Qalanın sonuncu restavrasiyası 2013-cü ildə olub. Bələdçi xanım deyir ki, restavrasiyadan öncə Qalanın üzərinə quşlar qonur, özlərinə yuva salır və bu da divarların zədələnməsinə səbəb olurdu. Təmir-bərpa işlərindən sonra quşların yuvaları Qız Qalasının qarşısındakı binaya yerləşdirilib.

Qalanın divarlarını zədələyən quşlar

Bələdçi xanım, mən və fotoqraf Elçin Muradla qalaya, dolayısıyla tarixə yolçuluğumuza balaca, taxta qapıdan içəri girməklə başlayırıq.

Tikinti qalıqları sübut edir ki, qalanın qapısı kеçmişdə bir nеçə qatdan və yanında yerləşən bir neçə quyudan ibarət оlub.

Qalanın birinci mərtəbəsində mədəniyyət nümunələri ilə qarşılaşırıq. Həm İçərişəhər, həm də Qalada yerləşən su quyusundan tapılan bu nümunələr ayrıca vitrində izləyicilərə təqdim olunur.

Dəmirdən hazırlanan pilləkənlərlə ikinci mərtəbəyə qalxırıq, amma qədim zamanlarda birinci mərtəbə ilə ikinci mərtəbəni əlaqələndirən pilləkənlər olmayıb. Belə ki, insanlar buna görə kəndir, yaxud da asma nərdivanlardan istifadə edibmişlər.

Məbəd, rəsədxana yoxsa istila olunmayan qala?

İkinci mərtəbədə divarboyu üç monitor yerləşir. Bu monitorlarda qalanın hansı təyinatlarla fəaliyyət göstərməsinə aid materiallar yer alır. Çünki Qalanın təyinatı barədə mübahisələr indiyə qədər də davam edir. Bəzi alimlərin fikrincə, qala dini məqsədlər üçün tikilərək, atəşpərəstlərin məbədi olub. Digərlərinə görə, Qız qalası müdafiə məqsədilə tikilib və orta əsrlərdə həm də mayak funksiyasını həyata keçirib. Azərbaycan müəyyən dövrlərdə istilalara məruz qalsa da, bu qala heç vaxt istila olunmayıb. Qala Şirvanşahların ümumi müdafiə sisteminə daxil idi və istila zamanı buraya 100-200 insan sığına bilirdi. Başqa bir versiyaya görə, qala rəsədxana olub, ulduzların, göy cisimlərini öyrənən, araşdıran mərkəz funksiyası daşıyıb. Çünki pəncərələri, yerləşdiyi məkan günəşin gün dönümlərinə uyğun gəlir. Hazırda isə qala Azərbaycan dövləti tərəfindən dünya əhəmiyyətli abidə kimi qorunur və YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxildir.

Sehirli quyu

Qalanın üçüncü mərtəbəsinə gedən yol cənub-şərq divarının içərisində yerləşdirilən pilləkənlər vasitəsilədir. Bu mərtəbədə qalanın dizaynı barədə məlumat almaq mümkündür. Burdakı su quyusunun maraqlı bir özəlliyi var.

Belə ki, diamеtri 0,7 m. оlan bu quyu cənub-şərq divarının içindədir. Aparılan araşdırmalardan sonra məlum olub ki, şirin su ilə təchiz olunan quyunun yanında yerləşən Xəzər dənizinin suyu ilə heç bir əlaqəsi yoxdur. Quyunun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunu incələmək üçün hətta onun ağzına yerləşdirilən şüşənin üzərinə çıxmaq da mümkündür. Hər mərtəbədə olan, amma məhz burada aydın görünən kürəbənd (kanalizasiya) barədə də bir neçə kəlmə yazmadan olmaz. Kürəbənd sistemi çirkli suları qaladan xaric etmək üçün yarıdılan sistemdir. Və məhz bu sistem üçün istifadə olunan kirəmit borular orada qoyulmuş vitrində də sərgilənir. Diqqətdən qaçmayan bir məqam isə divarda olan oyuqdur. Fərziyyələrə görə, məkanı işıqlandırmaq üçün vaxtilə o oyuqlara şamlar qoyulubmuş.

Turistlərin sevdiyi məkan

Dördüncü mərtəbəyə çıxan zaman bələdçi xanım xüsusilə qeyd edir ki, artıq biz qalanı yarılamışıq və yerdən 14 metr hündürlükdəyik. Bu mərtəbədə İçərişəhəri əks etdirən maketi görmək mümkündür.

Beşinci mərtəbədə isə izləyiciləri üç elektron kitab gözləyir. Bu kitablardan birində Qız qalası barədə mövcud olan beş əfsanə toplanıb. Artıq neçə illərdir keçirilən Qız qalası festivalı barədə məlumat digər kitabda cəm olub. Sonuncu kitabda isə əsərlər, filmlər, musiqilər barədə məlumatlar əksini tapır. Bələdçi xanım deyir ki, bu məkan turistlərin və uşaqların ən çox sevdiyi məkanlardan biridir.

Turistlərdən söz düşmüşkən, buraya ən çox əcnəbi qonaqlar Rusiyadan və ərəb ölkələrindən gəlir. İranlılar qalanı daha çox Novruz bayramı öncəsi ziyarət edirlər. Avropa ölkələrindən də, qonşu Türkiyədən də ziyarətçilər var, amma sonuncuların faiz göstəriciləri digərlərinə nisbətən aşağıdır.

Altıncı-yeddinci mərtəbələr də innovativ təchizatlarla təmin olunub. Səkkizgüşəli maketdə müdafiə silahları, qədim məbəd haqqında qısa informasiya yer alır.

Qalanın ən üst hissəsinə gəlib çatırıq. Deməli, tarixi vərəqləyə-vərəqləyə müasir Bakıya doğru addımladığımız yolçuluğumuz burada başa çatır...

Nərmin Muradova

Fotolar Elçin Murad


Müəllif: