13 Aprel 2017 18:07
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında istedadlı aktyor, mərhum Ramiz Sərkərovun anım günü keçirilib.

Teleqraf.com xəbər verir ki, vəfatının 10-cu ildönümü münasibətilə teatrın kiçik səhnəsində baş tutan tədbirdə aktyorun ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib. Teatrın direktoru Mübariz Həmidov, Vaqif Əsədov, Ağaxan Salmanlı, Yasin Qarayev, Bəhram Osmanov və başqaları çıxış edərək mərhum haqqında xatirələrini bölüşüblər.

Ramiz Sərkərovun sevə-sevə ifa etdiyi tamaşalardakı geyimləri, qrim masasının, sevdiyi əşyalarının yerləşdirildiyi səhnədə aktyorun canlandırdığı rollar, onun müsbət insani keyfiyyətləri haqqında sənət dostları yaddaqalan əhvalatlar danışıblar.

Aktyorun ifa etdiyi tamaşalardan və televiziya filmlərindən videogörüntülərin nümayiş etdirildiyi mərasimində teatrın aktyoru İlham Əsədov Sərkərovun sevdiyi mahnıları səsləndirib.

Sonda sənətkarın qardaşı Şahin Sərkərov çıxış edərək tədbirin keçirilməsində əməyi keçən hər kəsə, xüsusən teatrın direktoruna öz minnətdarlığını bildirib.

Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda anadan olub. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Əvvəlcə texniki vəzifələrdə çalışan R.Sərkərov sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif maraqlı obrazlar yaradıb.

R.Sərkərov Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, eləcə də filmlərdə yaddaqalan obrazlar canlandırıb.

O, 7 aprel 2007-ci ildə vəfat edib.

Nərmin


Müəllif: