14 Aprel 2017 13:53
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrının kollektivi, o cümlədən teatr xadimləri I Fəxri Xiyabanda Xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, mərasim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemət Fatma Qədrinin yaratdığı obrazlar qaleriyasının zənginliyinə diqqət çəkib: "Bu gün görkəmli sənətkarın məzarı başındayıq. Bu gün onun 110 yaşı tamam olur. Mən onu səhnədə görməmişəm, amma dəfnində iştirak etmişəm. O bizim ailənin yaxın dostu olub. Adətən, baş rollarda çıxış edib, müxtəlif xarakterli obrazlar qaleriyası yaradıb. Gözəl qadın olub, sevənləri çox olub.

Nə yaxşı ki, bizim teatrımızda, sənətimizdə o və onu kimi sənətkarlar fəaliyyət göstərib. Onlar nə teatra xəyanət ediblər, nə də insanlara. Doğum günün mübarək, Fatma xanım!"

Xalq artisti Rafiq Əzimov Fatma Qədrini teatr fədaisi adlandırıb: "Haqq dünyasına qovuşan sənətkarları yad etmək bizim borcumuzdur. O dövrdə Azərbaycan səhnəsində çox gözəl, istedadlı aktrisalarımız səhnəmizi bəzəyirdi, onlardan biri də Fatma Qədri idi.

Fatma xanım milli səhnəmizin ilk peşəkar aktrisalarındandı. Sevinirəm ki, mən onu səhnədə görmüşəm, onunla bir tamaşada oynamışam. Bu Mehdi Məmmədovun quruluşunda hazırlanan "Şadlıq sorağında" tamaşası idi".

Fatma Qədri 1907-ci ilin bu günü Qərbi Odessa şəhərində doğulub. Rus dilində təhsil alan və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb.

1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Teatrda əsas rolları "Dubrovski"də Maşa, "Vaqif" də Xuraman, Cülyetta, Emilliya, Gültəkin və başqaları olub.

Fatma Qədri 1968-ci ildə 60 yaşında Bakıda vəfat edib.

Nərmin


Müəllif: