14 Aprel 2017 20:45
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məzar yeri” layihəsi 9

Öncəki yazı

İstanbulda Feriköy məzarlığında dəfn edilən mühacirlərdən biri də Türkiyədə Senan Azer, Sadık Aran kimi tanınan Mirzə Məhəmmədsadıq Axundzadədir.

Sadıq Aran 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisyan bölgəsində yerləşən Urud kəndində doğulub. İlk təhsilini ailəsindən alıb, Quranı, fars dilini öyrənib.

Naxçıvan rüşdiyyəsini bitirdikdən sonra Bakı Ali Pedaqoji İnstitutuna daxil olub, Bakıda "Füyuzat", "Açıq söz" kimi mətbuat orqanlarında şeirləri yayımlanıb.

Bir müddət Güney Azərbaycanda yaşayan Axundzadə Marağada ibtidai məktəb açıb.

1917-ci ildə Çar Rusiyasının çökməsi ərəfəsində Zəngəzurun mərkəzi Gorusa dönüb, burada da məktəb açıb.

7 Dekabr 1918-də Azərbaycan Cümhuriyyətinin parlamenti qurulduğu zaman Zəngəzur nümayəndəsi olaraq parlamentə qatılıb.

Aran parlamentdə çoxluq təşkil edən Müsavat Partiyasına qoşulub, amma parlamentdə digər müsavatçılar kimi aktiv fəaliyyət göstərməyib.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Aran Mirzəbala Məhəmmədzadənin rəhbəri olduğu gizli Azərbaycan İstiqlal Komitəsinə qatılıb.

Bu fəaliyyətinə görə bir neçə dəfə həbs edilib, lakin dəlilik təqlidi edərək xilas ola bilib.

Digər mühacir Əbdülvahab Yurdsevər Aran haqqında yazdığı məqaləsində maraqlı bir faktdan bəhs edib:

"Bağırovun qarşısına çıxarıldığı zaman o mərhəmətsiz cəllad Sadıq bəyin gözlərinin içinə baxaraq "bu adam xəstədir, niyə buraya qədər gətiribsiniz” deyərək azad edir".

1923-cü ilin sonunda o, yenidən Güney Azərbaycana gedir, növbəti il Türkiyəyə keçir, Trabzonda bir il müəllimlik edir. Ardından isə İstanbula gedir. Burada o, Müsavat Partiyası Xarici Bürosu Mədəniyyət komitəsinin nəzdində Azəri Türk Gənclər Birliyini təsis edir və bu qurumun rəhbəri olur.

1927-ci ildə Sadiq Aran İstanbul Ədəbiyyat fakultəsində təhsilə başlayır. Nihal Atsızın yazdığına görə, təhsilinə sona qədər davam etdirmir.

1930-cu illərin əvvəlində Sadıq Aran Finlandiyaya gedir, orada da məktəb açır. Bu məktəbdə İdil-Ural bölgəsindən köçən türklərə dərs keçir, 1931-ci ildə türk və fin dillərində yayımlanan "Yeni Turan" adlı aylıq qəzet təsis edir, eyni zamanda Turan Ocağı dərnəyini təşkil edir.

1936-ci ildə yenidən İstanbula dönür. 1939-1941-ci illər arasında "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İrandakı müxbiri olaraq çalışır. II Dünya müharibəsindən sonra Türkiyədə Türk Mədəniyyət İşləri Dərnəyini yaradır, 1961-ci ildə Ankarada qurulan Türk Mədəniyyətini Araşdırma İnstitutunun qurulmasında iştirak edir.

Aran Cümhuriyyətinin ildönümündə, 28 May 1971-ci ildə İstanbulda vəfat edir. Şişli Məscidində cənazə namazı qılındıqdan sonra Ferköy məzarlığında dəfn edilir.

Yazıları, kitabları

Sadıq Aran Türkiyədə nəşr olunan bir çox jurnal və qəzetlərlə əməkdaşlıq edib: "Yeni Qafqaz", "Azəri-Türk", "Azərbaycan Yurd Bilgisi", "Çınaraltı", "Gökbörü", "Qızıl alma", "Ötüken", "Torpaq", "Şərq Yolu" və s.

Türkiyədə Sanan Azer imzasıyla "İran Türkleri" (İstanbul, 1942), Mehmet Sadık Aran imzasıyla "Türkün altun kitabı. Kutadgu Bilig" (İstanbul, 1944) və M.S.Sanan imzasıyla "Ergenekon yolları. Şiirler risalesi" (ilk nəşr 1935, ikinci nəşr 1952) kitabları nəşr olunub.

Sadıq Aran haqqında Nihal Atsızın xatirə xarakterli çox maraqlı yazısı var. Səbahəddin Şimşir onun haqqında kitab yazıb, Ömər Özcan biblioqrafiyasını hazırlayıb.

Bizim şəxsi kolleksiyamızda isə Sadıq Arana aid 4 ədəd imzalı kitab var. Bu barədə daha geniş “Mühacirlərin dönüşü 2” kitabımda məlumat verəcəyəm.

Sadıq Aranın məzarının fotolarını təqdim edirik:

Dilqəm ƏHMƏD
Foto/Video: Günel İsgəndərli


Müəllif: