16 Aprel 2017 17:17
3 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məzar yeri” 10

Öncəki yazı

İstanbulda Feriköy məzarlığına ilk dəfə gedəndə gözətçilərdən biri bizi ən çox ziyarət edilən məzara aparacağını dedi. Ardınca əlavə etdi: “Deyəsən, sizin ən böyük naziriniz bu olub. İstanbuldan da, Bakıdan da gələnlər ən çox bu məzarı ziyarət edirlər”.

Bizi apardığı məzar Xosrov bəy Sultanovun idi.

1879-cu ildə Zəngəzurda doğulan Xosrov bəy Gəncə gimnaziyasında, ardınca Novorossiysk Universitetinin tibb fakültəsində (1903) təhsil alıb.

“AXC Ensiklopediyası”nda verilən məlumata görə, Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat Partiyasına daxil olub, Rusiya Müəssislər Məclisinə deputat seçilib. Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci ildə İttihad partiyasına keçib. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri olub. Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan 1-ci hökumət kabinəsində hərbi nazir təyin edilib.

Xosrov bəy 1918 il iyunun 17-də Gəncədə təşkil olunan 2-ci hökumət kabinəsində əkinçilik naziri təyin edilib. 1918-1920 illərdə Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə müstəsna xidmət göstərib.

Azərbaycan Hökuməti Ermənistanın daşnak hökumətinin 1918-ci ilin yayından başlayaraq Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi soyqırımılarının, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb, Müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıb və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin eedib.

Xosrov bəy Sultanov aprel işğalından (1920) sonra mühacirətdə yaşayıb, İttihad partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışıb. O, 1926 ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaradıb.

Xosrov Paşa bəy Türkiyədə olarkən sovet-alman müharibəsində əsir alınmış azərbaycanınlıların həbs düşərələrindən azad olunmasına yaxından kömək göstərib, Fransada Azərbaycan xəstəxanası açıb.

Xosrov bəyin ölüm tarixi məzarının üzərində 07.01.1943 kimi qeyd olunub, adı isə Hosrov Sultanzade – Sabık Azerbaycan Milli Hukumeti Naziri kimi yazılıb.

Məzar daşında xanımının bu sözləri qeyd olunub: “Unutamiyacağım çok sevgili kocama. Allah rahmet eylesin”.

Teleqraf.com Xosrov bəyin məzarının fotolarını təqdim edir:

Dilqəm ƏHMƏD


Müəllif: