14 İyul 2014 14:51

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb.

Teleqraf.com-a bu barədə məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, dəvət məktubu Türkiyə Cümhuriyyəti Antalya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür tərəfindən göndərilib.

İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesinə 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cümhuriyyətinə yola düşəcək.

Xatırladaq ki, Teatr Xadimləri İttifaqının “Rejissor laboratoriyası”nın məzunu olan tanınmış aktyor Nofəl Vəliyev ilk dəfə rejissor kimi “Bir səbət tənhalıq” tamaşasına quruluş verib.

Məlumat üçün bildirək ki, 30 illik tarixə malik Antalya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak edib.

Nərmin


Müəllif: