24 Aprel 2014 10:32
2 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il çəkilən filmlərə qısa baxış

Kinostudiyanın direktoru Müşfiq Hətəmov qəzetimizə açıqlamasında bu il Kann Kino Festivalında Azərbaycan pavilyonunun təqdim olunacağını bildirib. Və əlavə edib ki, builki pavilyonda 2013-cü ildə çəkilən filmlər nümayiş olunacaq, yeni layihələrlə bağlı danışıqlar aparılacaq. Ötən gün isə "Azərbaycanfilm" kinostudiyası 2013-cü ildə istehsal olunan filmlərin siyahısını təqdim edib. Biz isə siyahıda qeyd olunan bədii filmlərin nədən bəhs etdiyi, hansı tamaşaçı kütləsinə ünvanlandığını araşdırıb, tanınmış kino xadimlərinin fikirləri ilə birgə sizlərə təqdim edirik. Görək, "Kann"da bizi təmsil edən filmlər yerli kino xadimləri tərəfindən necə qarşılanıb?

Kinosu olmayan kino

"Dərvişin qeydləri" tammetrajlı bədii filmi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. Kino tariximizdə tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərti ilə filmdə heç bir qadın rolu yoxdur. Kinoşünas Aygün Aslanlının fikrincə, filmin rejissoru E.Quliyev bu ekran əsərində xırda nüansı unudub. Belə ki, Azərbaycan kinosunda ilk tarixi detektiv nümunəsi sayılan "Dərvişin qeydləri"ndə qətl də var, qatil də, onu tapmağa çalışan da, insafən söz də çox deyil. Bircə kino yoxdur:"Müəlliflər təsvirlə göstərməli, kino dilində çatdırmalı olduqları hər şeyi sözlə həll eləyiblər. Filmin montaj həlli də dramaturji məqsədə xidmət eləmir, sanki "kəs-yapışdır" prinsipi ilə həyata keçirilib. Temporitm, nə daxili, nə xarici dinamika, nə də psixoloji gərginlik yoxdur. Bəzi epizodlar çox uzun, sönük və teatraldır". Rejissor Rövşən İsax da filmi kəskin tənqid edənlərdən biri olub. O, Eldar Quliyevdən üzr istəyərək "Dərvişin qeydləri" filmdir ki..." ifadəsini işlədib. Qarşı tərəf bu ifadəyə qarşılıq belə adda rejissor tanımadığını bəyan edib.

"Nəyimizə gərəkdir?"

"Qisas almadan ölmə" bədii filminin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Ekran əsərinin çəkilişləri Azərbaycan, Gürcüstan və Almaniya ərazilərində aparılıb. Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Oktay Mir Qasımov, operatoru Nikolay İvasivdir. Bəzi kino xadimləri film haqda öz mülahizələrini açıq-aşkar söyləsələr də, bəziləri Oktay Mir Qasımın adından-sanından çəkinərək sualımızı cavabsız qoyublar. Prodüser Fehruz Şamıyevin fikrincə, film ümumilikdə mövzu baxımından maraqlı olsa da ssenaridəki çatışmayan cəhətlər onun əsas qüsurlu tərəfi kimi qiymətləndirilməlidir:

"Film Azərbaycanda yaşamış almanların başına gətirilən hadisədən bəhs edir. Düşünürəm ki, belə bir mövzudan bəhs edən film tam olaraq Azərbaycanın ayırdığı vəsait hesabına çəkilməməlidir. Ekran əsərinin Almaniya prokatına çıxması üçün filmin özündə belə elə də ciddi addımlar atılmayıb. Məsələn, bildiyimə görə, Almaniya şirkətləri və dövləti tərəfindən filmə cüzi də olsa vəsait ayrılmayıb. Axı, bizim vəsaitlə çəkilən almanlar haqqında film nəyimizə gərəkdir? Filmin dramaturji detalları yetərincə olmadığı üçün yüksək texniki göstəriciləri olan "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi tamaşaçıda elə də maraq oyatmayacaq".

Yanan aşiqlər

"Mahmud və Məryəm" Azərbaycanla Türkiyənin birgə istehsalıdır. Film Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Ekran əsəri romantik dram janrında çəkilib. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir. Filmin rejissoru Mehmet Ada Öztekin, prodüserləri isə Sevda Kayğısız və Müşfiq Hətəmovdur. Filmin Pakistan, Yaponiya və həmçinin 8 Avropa ölkəsində nümayişi həyata keçirilir. Ümumən film vizual effektlər, görüntü baxımından bəyənilib hətta son dövrlər kinoteatrda ən çox izlənən filmlər siyahına başçılıq da edib. Amma film bəzi kinematoqrafçılarımızın gözləntilərini doğrultmayıb. Əksəriyyəti filmin musiqisini yazmağa dəvət olunan, amma sonra layihədən uzaqlaşan bəstəkar Aygün Səmədzadənin fikirlərinə yaxın cümlələr qurublar:

"Bu filmin çəkilişlərindən əvvəl mətbuat konfransı olmuşdu və mən də orda belə bir fikir söyləmişdim: "Arzum budur ki, çəkiləcək film Elçin Əfəndiyevin "Mahmud və Məryəmi"nə xələl gətirməsin". Bu işdə zərərçəkmiş bir adam olduğumdan söyləyəcəklərim bəlkə də, subyektiv qarşılana bilərdi. Ona görə də susurdum. İndi isə deyim "Mahmud və Məryəm" bir sevgi dastanı idi. Elçin o sevgi dastanını dərin bir fəlsəfi dünya ilə zənginləşdirdi, o sevgini ucaltdı, sevdirdi bizə. Amma bu film neylədi? O fəlsəfəni soyundurdu, o sevgiyə haqq qazandırılmayacaq dərəcədə primitivləşdirdi. Mən bunu gördüm və filmdən belə rahat uzaqlaşmağımın səbəblərindən biri də elə bu oldu".

"Ehtiyac yox idi"

"Qorxma, mən səninləyəm! 1919" tammetrajlı bədii film "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır. Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır. Filmin icraçı prodüseri Nadir Əliyev filmi gənclər və xüsusən də 80-cı illərdə yaşamış yerli tamaşaçılar üçün maraqlı ekran əsəri hesab edir. Onun fikrincə, o tamaşaçılar üçün filmin davamı həyəcanvericidir.

Kinoşünas Ayaz Salayevin isə film barədə təəssüratları belə olub:"Bu filmi bir cümlə ifadə etmək istəyirəm: çəkiliş meydançasındakı gülüş səsləri, tamaşaçı zalında darıxdırıcı atmosferlə əvəz olunur"". Filmin ilk versiyasının böyük pərəstişkarı olmadığını bildirən kinorejissor "Mənə elə gəlir ki, birinci film layiqli olmayıb", deyə əlavə edir. "Qorxma, mən səninləyəm" in ilk filmi mənim aləmimdə şişirdilmiş müvəffəqiyyətdən başqa bir şey deyildi. Onun davamına da ehtiyac yox idi. Əfsuslar olsun ki, hamımıza çox müqəddəs olan Azərbaycan Demokratik Respublikası dövrü ilk dəfə ekranda bax bu cür əks olundu".
Ümumiyyətlə, dünya kinosunda da filmlərə çəkilmiş rimeyklərin uğurlu olmadığını bildirən rejissor birmənalı şəkildə onların çəkilməməsinin tərəfdarıdır.

Təqdim olunmayanlar

Bu sıralamada bir xeyli filmin adı var. Komediya janrında çəkilən "Axırıncı dayanacaq" bədii filminin kulminasiya hissəsi keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlayır. Bundan sonra öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir. Filmin rejissoru Əməkdar İncəsənət Xadimi Fikrət Əliyevdir. Filmin son tamamlanma işləri gedir. Aktyor Tariyel Qasımov filmin mövzusunun maraqla qarşılanacağına ümidlidir. Hərbi-vətənpərvərlik mövzusunda olan "Nabat" bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Abdul Rəhim Beşaratdır. Filmin istehsalı başa çatıb.

Ailə faciəsi

"Axınla üzü aşağı" filmində hadisələr Mingəçevirdə, Kür çayı sahilində cərəyan edir. Ekran əsəri bir ailənin faciəsindən bəhs edir. Süjet xəttində avarçəkmə idman növü üzrə məşqçi-müəllim və oğlu arasında baş verən münaqişə əsas düyün nöqtəsidir. Bu münaqişədən sonra oğlunun qəflətən Kür çayında batması xəbəri, onun axtarışları, atanın çəkdiyi iztirablar və sair hadisələr süjet xəttini daha maraqlı edir. Dramatik faciə janrında olan filmin quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salardır. Filmin son tamamlanma işləri gedir.

Yaşlı rejissorun təklifi: "Biz kənara çəkilməliyik"

Bu il böyük maraqla gözlənən layihələrdən biri də M.Hətəmovun rəhbəri olduğu Prodüserlər Gildiyasının "Motivlər.." kinoalmanaxıdır. Bu almanax Gildiyanın elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsində "Adari Films" tərəfindən təqdim olunub və qalib layihə kimi təsdiqlənib. Kinoalmanax xaricdə kino təhsili almış beş azərbaycanlı gəncin çəkdiyi 5 qısametrajlı filmdən ibarətdir. Kinoalmanaxa beş qısametrajlı film daxildir: komediya janrında olan "20-ci mərtəbə", melodramatik xətti əsas götürən "Qonşu qadın", dramatik hekayədən yola çıxan "Dmitriyev küçəsi, ev 86", bəxti gətirməyən musiqiçini ekrana daşıyan "Bazar günü", ölkəmizdə yeganə "action" janrında kino təhsili olan Vüqar İslamzadənin çəkdiyi "Zabitin şərəfi" filmi. Filmlərdən ikisində aktyor və məsləhətçi kimi çalışan Şeyx Əbdül Mahmudbəyov layihə çərçivəsində çəkilən filmləri yüksək qiymətləndirib:"Öncə razılaşmamışdım, amma sonra ssenarini oxudum və çox bəyəndim. Əslində, mən üzümü yaşlı həmkarlarına tutub demək istəyirəm ki, biz indiyə kimi nə bacarmışıqsa, etmişik. Halal xoşumuz olsun. Pis filmlər də çəkməmişik, Azərbaycan xalqı hələ də bizim filmlərimizə baxır. İndi biz kənara çəkilib, gənclərimizi önə verməliyik. Əminəm ki, bu uşaqlar yeni enerji, yeni təfəkürlə hazırda ölü vəziyyətində olan kinomuzu dirçəldəcəklər".

Nərmin Muradova


Müəllif: