1 May 2017 12:16
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məlikməmməd və Ziba” adlı komediya filmi may ayının 11-dən kinoteatrlarda nümayiş olunacaq.

Bunu Teleqraf.com-a filmin ssenari müəllifi və rejissoru Ruslan Hüseynov deyib. Onun sözlərinə görə, filmin qala gecəsi may ayının 9-da Alov Qüllələri Kompleksində yerləşən Park Sinema Aymaksda (Park Cinema İMAX) baş tutacaq.

İlin ən bomba komediyası kimi təqdim olunan film borcu olan Məlikməmmədin başına gələn əhvalatlardan bəhs edir.

“Bu film baş prodüser Ruslan Zeynalov, Nofəl Şahlaroğlu və mənim ideyam əsasında ərsəyə gəldi.

Məlikməmməd klassik ad və qəhrəman olsa da, filmdəki hadisələr müasir zamanda baş verir”.
Komediya janrına müraciət etmələrinin səbəbini rejissor belə izah edib:

“Reallıq budur ki, Azərbaycan tamaşaçısı gülməyi sevir. Və yerli komediya filmlərimizə inamı var. Bizim komediya janrında çəkilən filmlərimizə türk komediya filmlərindən daha çox baxırlar. Ona görə biz də məhz komediya janrına üstünlük verdik.

Filmin çəkilişlərinə ötən ilin iyun ayında start verilib. Çəkilişləri Mingəçevir və Bakıda aparılan filmin aktyor heyətində daha çox peşəkarlar yer alır:

“Filmdə əsasən peşəkar aktyor heyəti ilə çalışmağa qərar verdik. Bu, bizim üçün çox vacib idi”.

Ekran əsərində Məlikməmməd obrazını Nofəl Şahlaroğlu canlandırır. Bununla yanaşı, filmdə Qorxmaz Əlili, Əzizağa Əliyev, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Rəşid Səməndər, Fatma Mahmudova, İntiqam Soltan, Aynur Abbasova, Nərgiz Zamir çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.

Nərmin


Müəllif: