1 May 2017 12:45
17 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Repressiya qurbanı şair Mikayıl Müşfiqin Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında şeiri tapılıb.

Şeiri Türkiyədə bir jurnaldan tapan əməkdaşımız Dilqəm Əhməd Teleqraf.com-a bildirib ki, bu şeir əvvəlcə diqqətini çəkməyib:

"Mən hazırda 1928-ci ildən etibarən Türkiyədə çap olunan qəzet və jurnalları araşdırıram. Azərbaycanlı mühacirlərin qardaş ölkədə hansı mətbuat orqanları ilə əməkdaşlıq etdiyini, hansı yazılar yazdığını öyrənirəm. Bu yaxınlarda 1942-1948-ci illərdə çap olunmuş "Çınaraltı" dərgisini tamamilə araşdırdım və orada yazan azərbaycanlı mühacirlərin adlarını, məqalə və şeirlərini təsbit etdim. Almas İldırımın indiyədək kitablara düşməyən iki şeirini də tapdım. Bu yaxınlarda isə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində çap olunan "Tanıtım" dərgisinə baxarkən Mikayıl Müşfiqin bu şeirini gördüm. "Tanıtım" jurnalı o zaman Azərbaycanla sıx əlaqədə olub. Bu jurnalda dönəmin azərbaycanlı şairlərinin, yazarlarının, siyasilərinin müsahibələri var. Yəni jurnal redaksiyası Azərbaycanı bilən şəxslərdən ibarət olub. Ona görə də iki ölkə arasındakı münasibətlər baxımından Müşfiqin şeiri yayımlanıb".

Dilqəm Əhməd onu da bildirib ki, tədqiqatı hələ ki bitməyib:

"Hazırda Bakıda olmadığıma görə, Müşfiqin 1930-cu illərdə çıxan kitablarına, o dövrün mətbuatına baxmaq imkanım yoxdur. Müşfiqin indi çap olunan kitablarında "Atatürk" şeirinə rast gəlməmişəm. Ola bilsin ki, 30-cu illər mətbuatında yayımlanmış olsun. Sovet İttifaqının ilk illərində Atatürkə münasibət çox müsbət idi. Çünki iki dövlət dostluq münasibəti içində idi, Müşfiq də belə bir şeir yaza bilərdi. Amma ola bilsin ki, sonrakı dövrlədə bu şeiri kitablarından çıxarıblar".

Teleqraf.com


Müəllif: