3 May 2017 14:13
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qızıl Kəlmə” ədəbi mükafatının builki qaliblər siyahısını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycanda keçirilən ədəbi mükafatların şərtləri, formatı, obyektivliyi sizi qane edirmi?

Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib. Cavabları təqdim edirik:

“Ulduz” jurnalının redaktoru Qulu Ağsəs:

“Ədəbi mükafatların, müsabiqələrin keçirilməsi vacibdir. Azərbaycanda bir neçə ədəbi orqanı çıxmaq şərtilə digərləri yazıçılara qonorar ödəmir. Belə bir reallıqda ədəbi mükafatların olması, üstəlik, pul verilməsi çox məqsədəuyğun haldır.

“Qızıl Kəlmə” mükafatının builki nəticələri bir neçə aspektdən “Ulduz” jurnalı üçün sevindirici oldu. Birincisi ona görə ki, hazırda guşənişin həyat yaşayan, Türkiyədəki əməliyyatdan sonra evində stasionar müalicə alan, istedadlı şair Vaqif Bayatlının çap olunmamış şeirlərini xanımı vasitəsilə götürüb “Ulduz” jurnalında çap etdirdim. Sənədlərini də hazırlayıb, mükafata göndərdik. Sevinirəm ki, Vaqif müəllimin adı qaliblərin siyahısında yer aldı. Düşünürəm ki, onun bu mükafatı almağı “Qızıl Kəlmə”yə olan marağı daha da artıracaq.

Tərcümə üzrə “Qızıl Kəlmə” yə layiq görülən Fərid Hüseynin, “Şans” ödülünü qazanan istedadlı şair Şəhriyar del Gerani, nəsr üzrə mükafatı alan Vaqif Nəsibin uğurunu da “Ulduz”un uğuru hesab edirəm”.

Yazıçı İlqar Fəhmi:

“Qızıl Kəlmə” mükafatlarında ən xoşuma gələn cəhət onun nominasiyalar üzrə təqdim olunmasıdır. Bu, o deməkdir ki, müxtəlif janrlarda olan əsərlər bir-birinə mane olmur. O baxımdan deyə bilərəm ki, “Qızıl kəlmə” çox uğurlu layihədir. Arzu edirəm ki, bu mükafat hər il təqdim olunsun. Qalib gələn əsərlərin çoxu ilə tanışam. Yaxşı əsərlərdir, mükafat layiqdirlər”.

Yazıçı Nəriman Əbdülrəhmanlı:

“Ədəbi müsabiqə və mükafatlarda subyektivlik elementləri olur. Münsiflər heyətinin üzvləri də insandır, əllərindəki mətni özlərinin duyumlarına, savadlarına, qavrayış qabiliyyətlərinə görə qiymətləndirirlər. Bu baxımdan dünyada məşhur olan Nobel mükafatını da tam obyektiv hesab etmək olmaz.

Bir də nəzərə almaq lazımdır ki, mükafata layiq olanlar müsabiqəyə təqidm olunan əsərlər içərisindən seçilir. Bəlkə mənim o mükafat layiq gördüyüm adam heç o müsabiqəyə əsər təqdim etməyib. Münsiflər də ancaq əllərindəki materialdan çıxış edirlər. Bu da kənardan baxanlar üçün subyektivliyi şərtləndirir.

Ona görə də “Qızıl Kəlmə” mükafatının nəticələrini normal hesab edirəm. Münsiflər heyəti mükafata təqdim olunmuş əsərlərin arasından bu əsərləri seçib, qalib ediblərsə, deməli, buna cavabdehdirlər.

Ümumiyyətlə, ədəbi mükafatların, müsabiqələrin keçirilməsi çox vacib amildir. “Qızıl Kəlmə” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilir. Amma mən istərdim ki, Azərbaycanda müstəqil mükafatlar çox olsun. Bütün ölkələrdə bu təcrübə var. Belə müsabiqələr, mükafatlar yaradıcı adamların fəaliyyətini stimullaşdıran amildir”.

Tənqidçi İradə Musayeva:

“Belə bir mükafatının təsis edilməsinə və iki ildən bir də olsa müxtəlif nominasiyalar üzrə ədəbiyyat, söz adamlarına verilməsinə çox yaxşı baxıram. Bu addımı indiki zamanda ədəbiyyata, sözə daha ali səviyyələrdə diqqət göstərilməsi kimi qəbul etsək, sözsüz ki, sevinməliyik. Mükafat alan hər kəsi yenə təbrik edirəm. Əslində, sözlə işləmək, elm, ədəbiyyat yolunda zəhmət çəkib kitab yazmaq asan iş deyil.

Doğrudur, heç bir mükafat, hətta Nobel ödülü belə insana istedad vermir. Sadəcə zəhmətə, dəyərli fəaliyyətə, ədəbi-ictimai düşüncəni inkişaf etdirən yeni fundamental baxışlara qiymət verib bu xidməti göstərənlərə mükafat vasitəsilə təşəkkür etmək özü bir etik davranış nümunəsidir.

Azərbaycanda təəssüf ki, müsabiqələrin məzmunu, gedişatı və nəticələri həmişə obyektiv olmur. Mən ədəbiyyatla bağlı 4-5 müsabiqədə münsif olmuşam. Pərdəarxası bəzi nüanslar mənə tanışdır. Ona görə müəyyən müşahidələrimə əsaslanıram. Amma açıq alınla deyə bilərəm ki, heç birində mövqeyimi dəyişməmişəm və kimlərinsə təsirinə düşüb yaxşıya “yox”, pisə “hə” deməmişəm.

Bu müsabiqənin şərtlərini oxuyanda ürəyimdə dedim ki, mənim yenicə nəşrə göndərdiyim “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” adlı kitabım tam bu tələblərə cavab verir. Belə demək mümkünsə, düşündüm ki, elə Mədəniyyət və Turizm Nazirliyinin ədəbiyyatşünaslıq, ədəbi tənqid sahəsi üzrə axtardığı kitab məhz elə mənim son iki-üç ildə ədəbiyyatşünaslığın müxtəlif problemləri ilə bağlı yazdığım bu kitabdır həm də...724 səhifəlik bu kitabın bütün məqalələri ən ciddi ədəbi mətbuat orqanlarında çap olunub və demək olar ki, hər məqalə ədəbi camiənin diqqətini cəlb edib, müəyyən reaksiyalar doğurub.

Kitabda ədəbiyyatşünaslığın klassik irs problemləri, dünya ədəbiyyatı, tərcümə problemləri, ədəbi mətbuat, müasir ədəbiyyatşünaslıq, nəsr, poeziya və s. məsələlərə yeni elmi-nəzəri yanaşmalar sərgilənib. Əlbəttə, söhbət məndən yox, kitabdan gedir. Mən özümün deyil, kitabımın haqqının tapdandığını anladım...

Kitabdakı kəskin tənqid obyektlərinin qiymətləndirmə prosesində xof yaradacağını da əvvəlcədən nəzərə almışdım. Bilirdim ki, o imtiyaz sahibləri ki ədəbi görüşlərindəki qüsurlara görə kitabda tənqid olunub (hətta münsiflər arasında da bu kitaba tənqid obyekti kimi düşən üzvlər vardı), onların mövqeyini qoyub məni dəstəkləyən az olacaq, bəlkə də heç olmayacaq... Amma hər şeyə rəğmən kitabı təqdim etdim. Nəticə isə gözlənilən kimi oldu və təəssüfləndim. Təkcə ona görə yox ki, kitaba dəyər verilmədi, həm də ona görə ki, ədəbi münsif heyətinin üzvləri arasında ədalətinə güvəndiyim adamların seçim qarşısında atdığı addıma təəccübləndim. Əlbəttə, məni qətiyyən başqalarının niyə bu mükafatı alması sualı düşündürmür, narahat etmir və onların imzasına da hörmətlə yanaşıram. Yenə deyirəm, mən bu kitabımın -“XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” adlı ədəbiyyatşünaslıq elmimizə dəyərli töhfə kimi daxil olacaq, ürək qanı ilə yazdığım kitabımın haqqına girildiyini zənn edirəm...”

Şair-yazıçı Zahid Sarıtorpaq:

“Qızıl kəlmə” müsabiqənin keçirilməsi, nəticələri ilə bağlı iradım yoxdur. Münsiflər heyəti, həmin əsərləri seçib, mükafata layiq biliblər. Hər kəsin nə yazdığı hamıya bəllidir”.

Qeyd edək ki, “Nəsr əsərləri nominasiyası üzrə” Sona Vəliyevanın “İşığa gedən yol” kitabı, Vaqif Nəsibin “Sənsizlik, mənsizlik, onsuzluq” romanı, Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı, “Poeziya əsərləri nominasiyası üzrə” Firuzə Məmmədlinin “Seçilmiş əsərləri” kitabı, Vaqif Bayatlı Odərin “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri, “Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə” Bəsti Əlibəylinin “İkinci mətn” kitabı, Nərgiz Cabbarlının “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı, “Orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə” Əyyub Qiyasın Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı, Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri, “Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə” Zahid Xəlilin “Ağ leyləklər” kitabı, Qəşəm Nəcəfzadənin “Çiçəkli xalça” kitabı “Qızıl Kəlmə” Ədəbi Mükafatına, “Şans” ödülünə isə Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı, Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı layiq görülüb.

Nərmin Muradova


Müəllif: