15 May 13:16
209

Sənət, xüsusən ədəbiyyat – poeziya haqqında belə bir fikir var: təpədən dırnağa sənətkar o kəsdir ki, yaratdıqları ilə yaşantıları böyük ölçüdə üst-üstə düşsün və bu iki tərəf heç vaxt bir-birini inkar etməsin.

Şəxsiyyət və sənət olaraq bütöv, tam, əsərlərindən həyatına baxdığımız yazıçılardan biri də Zakir Sadatlıdır.

Bu gün unudulmaz yazıçı Zakir Sadatlının doğum günüdür.

O, 1961-ci il mayın 15-də Cəlilabad rayonunun Sadat kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra Bakıya gəlib, burada filologiya ixtisasına yiyələnib. Uzun müddət Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də böyük redaktor işləyən Zakir Sadatlı sonralar Azərbaycan radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifəsində çalışıb. O, 20-dən artıq sənədli filmin və radio verilişlərinin ssenari müəllifi, “Gündoğandan-günbatana” layihəsinin rəhbəri olub.

O, həm Əfqanıstan, həm də Qarabağ müharibəsində iştirak edib. Məhz müharibə Zakir Sadatlının yazıçı taleyini müəyyənləşdirib. Təsadüfi deyil ki, müəllif daha çox “Əfqanıstan uçurumu” romanı ilə tanınır. O, bu xatirə-romanda Əfqanıstan müharibəsində iki il ərzində gördüyü dəhşətləri xüsusi ustalıqla qələmə alıb. Müəllifin “Salam, baça” hekayəsi də bu qəbildəndir.

Zakir Sadatlı 2008-ci ildə M.Kaşğarinin 1000 illik yubileyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkə yazıçıları arasında keçirdiyi hekayə müsabiqəsində Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə isə 3-cü yeri tutub. Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə edilərək, dünyanın bir çox ölkəsində nəşr edilib.

Sadatlı həm də tərcüməçi kimi fəaliyyət göstərib. O, Azərbaycan Cümhuriyyəti fədailərindən olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarının Türkiyə türkcəsində olan əlyazmasını Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük səs-səda doğurub və türkcəyə çevrilərək təkrar nəşr edilib.

Azərbaycan Milli Kitab Müsabiqəsinin qalibi (2013) yazıçı Zakir Sadatlı 2013-cü il fevralın 5-də 52 yaşında xərçəng xəstəliyindən vəfat edib. Məzarı Cəlilabad rayonunun Sadat kəndindədir.

Zakir Sadatlının “Get” şeirini Xəzər Süleymanlının ifasında təqdim edirik:


Müəllif: