16 May 2017 16:36
5 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışan fotolar” layihəsi

Böyük şöhrətə aparan, kinoda qapıları üzünə açan rolu Arif Babayevin həzin, səmimi “Uşaqlığın son gecəsi” filmindəki Murad obrazı oldu. Dəlisov Murad az keçməmiş yerini “Yeddi oğul istərəm” filmində komsomol Cəlala verdi...

Azərbaycan kinosunun Muradı, Cəlalı, Şahbazı, Siracı olmuş əməkdar artist Ənvər Həsənovla gözəl anların yadigarı olan fotoları da alıb yola çıxdıq...

“Azərbaycanfilm” kinostudiyasına vədələşmişdik. Bizi elə qapıda qarşıladı. Kiçik otağının küncünə qoyulmuş stolun üstündəki albomlarını göstərib soruşdu:

- Hansından başlayaq?

- Ürəyiniz hansından istəyir, ondan, - dedik.

- Burda alboma yerləşdirmədiyim şəkillər də var. Əvvəl bunlara baxın.

Razılaşdım, fotoları əlimə aldım, Elçin fotoaparatını köklədi. O isə bir siqaret yandırdı...

- Yeganə uşaqlıq şəklimdir. Əli sarıqlı oğlan mənəm, o biri əmim oğlumdu. Mərdəkandakı bağımızda çəkilib.

- Kimə oxşamısınız: atanıza, yoxsa ananıza?

- Dəqiq deyə bilməyəcəm, çətin sualdı.

Divardakı məşhur şəkli görüb, tarixçəsini soruşuram.

- Bu şəkli kino-operator Rza çəkib. "Yeddi oğul istərəm" filminin çəkilişləri vaxtı idi, hamılıqla çəkilişə getmişdik, amma hansısa problem səbəbindən təxirə saldılar. Biz də qərara gəldik ki, bulvara gedib, çay içək. Rza da ordan keçirdi, dedi, uşaqlar, nə yaxşı burdasınız, dayanın, şəklinizi çəkim.

Yaxşı ki çəkdi, bu çəkiliş meydançasından kənarda çəkilən yeganə şəklimizdir.

Rasim Balayevə oxşayan bir foto çıxdı qarşıma, amma Ənvər müəllim onun nə vaxt, harada, niyə çəkildiyini xatırlamadı.

- "Bizim küçənin oğlanları" filmindən sonra Eldar Quliyev məni "Səmt küləyi”nə dəvət etdi. Çəkilişlə əlaqədar bir ay Çexoslavakiyada qalmalı oldum. Qayıdandan sonra könüllü əsgərliyə getdim. Yoxsa məni aparmırdılar. Getdim, dedilər qal, Zabitlər Evində çalış. Dedim, uzaqlara getmək istəyirəm. Beləcə əsgərliyimi əvvəl Monqolustanının paytaxtı Ulan –Batorda, sonra Buyatiyanın paytaxtı Ulan-Udedə çəkdim.

- Adətən, əsgərlikdən sonra yaradıcılığa başlamaq çətin olur. Sizdə necə oldu?

- Mən kinoda böyümüşəm. Əvvəlcə kinostudiyada Adil İsgəndərovun kursunu bitirdim, sonra İncəsənət İnstitutuna qəbul oldum. Məzun olandan sonra qrupumuzun bütün uşaqlarını Lənkəran Teatrına göndərdilər. Adil İsgəndərov məni Bakıda saxladı, kinostudiyaya dəvət etdi. Mənim bir iş yerim olub - “Azərbaycanfilm” kinostudiyası. 1965-ci ildən burdayam, zarafat deyil, 52 ildir. Bir igidin ömrüdür.

- 90-cı illərdə çoxları kinostudiyanı tərk etdi. Siz necə qərar tutdunuz? O dönəmdə heç bir biznes fəaliyyətiniz olmadı?

- Gəlirdik, dostlarla görüşürdük, buranın ab-havası ilə nəfəs alırdıq. Sözün açığı, iş yox idi. Kinostudiyada işimiz 2001-ci ildə çəkilməyə başlayan “Ovsunçu” filmi ilə yenidən start götürdü.

Bizneslə məşğul olmadım, elə ona görə də dostlarım həmişə məni qınayır. O vaxtlar yaxşı imkanım vardı, bunu edə bilərdim. Amma özünü kinoya həsr edən adamın mağaza, restoran açması mənə qəribə gəlirdi. İndi fikirləşirəm, böyük səhv etmişəm. Gərək gələcəyini də sığortalayasan.

Sovet vaxtı filmlər çəkilirdi, mütəmadi işimiz vardı. Heç vaxt fikirləşmirdik ki, görəsən, gələcəyimiz necə olacaq. Əmin idik ki, üzü kommunizmə doğru gedirik. Bir film bitməmiş, digərinə keçirdik. Elə vaxt olurdu ki, iki filmdə paralel işləyirdik.

(Foto 7)

- Bu, “Qatır Məmməd” filmindəndir. Filmin birinci variantını rəhmətlik Hüseyn Seyidzadə çəkdi. Çəkilişlər Mingəçevirdə aparıldı. Mən filmdə qubernatorun yavərini oynayırdım. Bu foto o filmdən yadigar qalıb.

- Başıbəlalı film oldu.

- Elədir... O filmin ssenaristlərindən biri Kirill Rapoport idi. Bizim mərdimazarlar ona yazdılar ki, guya Hüseyn Seyidzadə sənin ssenarini kənara atıb, filmi öz bildiyi kimi çəkir. Moskvadan gəlib, yoxlama apardılar və qərara gəldilər ki, Hüseyn ssenaridən bir az kənara çıxıb. Ona görə onu filmdən uzaqlaşdırdılar. Və rejissor işini Rasim Ocaqova həvalə etdilər. Hüseyn müəllimin Qatır Məmmədi Əlabbas Qədirov idi, Rasimin Qatır Məmmədi Şahmar Ələkbərov oldu.

Bu arada fotoqrafımız Elçinin divardan asılmış qılınca diqqətlə baxdığını görən Ənvər müəllim:

- “Babək” filmindən qalıb. Özüm düzəltmişdim.

- Bunu isə Əlisəttar Atakişiyev çəkib. Əlisəttar “Qərib cinlər diyarında” Qəribi mənimçün yazmışdı. Amma mən “Dərviş Parisi partladır” filmində Şahbaz bəyi oynayırdım. Ona görə o filmə çəkilməyə icazə vermədilər. Axırda Bəxtiyar Xanızadə çəkildi.

(Foto 9)

- Möminat xanımla çəkiliş meydançasında şəkilləriniz varmı?

- Var, amma azdı...

...Onu “Dərviş Parisi partladır” filmində Şahbaz roluna təsdiq etmişdilər. Nə biləydi bu rol və film şəxsi həyatını tamamilə dəyişəcək. Filmin rejissorları Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov 26 yaşlı oğlana tərəf-müqabili olacaq xanımın axtarışını özünə tapşırırlar. Dostları ilə İncəsənət İnstitutuna gələn Ənvər gənc, gözəl tələbə Möminatı bəyənir. Onu kinostudiyada keçirilən sınaq çəkilişlərinə dəvət edir.

O hardan gəlmişdi, necə gəlmişdi? Bu nə təsadüf idi? Niyə gəlib elə onu bəyənmişdi? Soruşmağa haqqı vardı gözəl Möminatın...

(Foto 10)

...Çünki “Yeddi oğul istərəm”in Cəlalına hələ uşaqlıqdan vurğun idi. Məktəbdə oxuyurdu. Cəlalın şəklini divardan asıb, hər dəfə ona baxanda nə vaxtsa qarşılaşacaqlarını xəyal edib, aktrisa olmağı yəqin etmişdi.

Və budur, o aktrisa olmaq üçün instituta girmiş, vurulduğu aktyorla ilk filminə çəkilməyə bir addım qalmışdı...

Bu möcüzə deyildisə, nə idi? Həyatdan başqa nə istəyə bilərdi?

Möminat sınaq çəkilişlərini uğurla keçir, Şahbazın Şərəfnisəsi roluna təsdiqlənir. Film bitir, amma sevgi bitmir... Şahbazla Şərəfnisənin sevgisi Ənvərlə Möminatın sevgisinə çevrilir. Möminat bir gün dünyadan köçür, amma bu sevgi yenə bitmir...

(Foto 11)

- Biz 1978-ci ildə ailə qurduq. Möminat İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdi, amma teatrda, kinoda işləmədi. Çəkildiyi üç filmdən başqa... İnstitutu bitirəndən sonra İncəsənət Muzeyində işə başladı, işdən çıxanda da baş elmi işçi kimi çıxdı. Aktrisa kimi fəaliyyət göstərməsinə icazə vermədim.

- Qısqanırdınız?

Başı ilə təsdiqləyir və əlavə edir:

- Kino işinə hər adam dözə bilmir. Çətin işdir. Başım o qədər bəlalar çəkib ki... Amma “Dərviş Parisi partladır”dan sonra iki filmə də çəkildi Möminat. “Qaçaq Nəbi” filmi çəkiləndə mən orda Siracı oynayacaqdım. Evdə idim, Əbdül Mahmudbəyov zəng etdi ki, Ənvər, gəl, səninlə işimiz var. Əbdüllə Həsən Turabov məni də qarşılarına alıb, başladılar ki, Həcər roluna heç kimi tapa bilmirik, icazə ver, Möminatı çəkək. Dedim, Möminatın balaca uşağı var, neçə vaxtdı filmə çəkilmir... Xeyri olmadı, axırda saqqızımı oğurladılar.

Amma adamın üstündə Allah var. Həcər ki, Həcər... Möminatda anadangəlmə Həcər duruşu vardı. O rolun haqqını verərək oynadı. Qızımız Aytən balaca idi, çəkilişlərə onu da aparırdıq. Şəkillərdə də var. Çəkiliş zamanı qızıma kaskadyor dostlarım nəzarət edirdi.

Möminatla bir də “Sonuncu döyüş” adlı filmə çəkildik. Təəssüf ki, film üzə çıxmadı. Amma sevinirəm ki, üç filmdə rolları qaldı. Balalarımız, nəvələrimiz baxanda bizi görə bilirlər.

(Foto 12)

- Baxın, bu istirahət vaxtı çəkilib. “Dədə Qorqud” filminin çəkilişləri idi. Rəhmətliklər - Tofiq Tağızadə, Həsən Məmmədov və mən. Tağızadənin duruşuna baxın, şəkil çəkdirməkdən çox xoşu gəlirdi.

(Foto 13)

- Bu şəkillərin əksəriyyəti Çuxuryurddakı bağımda çəkilib. Kimlər olmayıb ki, orda... Pyer Rişar, Jerar Depardye, Dedya Mişa... Möminatla bu şəklimiz də bağda çəkilib. Orda qışda qar əlindən tərpənmək olmur. Gedib-gəlmək də çətinidi, elə hey deyirdi, sat bağı... İndi satmaq istəyirəm. Jerar Depardye də gedənə qədər dedi ki, bağını mənə sat.

(Foto 14 və 15)

- Mən kinoya bu şəkillə gəlmişəm. 65-ci ildə çəkilib.

(Foto 16)

- Ən çox sevdiyim şəkil budur. “Yeddi oğul istərəm”də çox dəhşətli səhnə idi.

(Foto 17 və 18)

- Bunlar Kadir İnanır və Türkan Şorayın avtobioqrafiyasıdır. Müxtəlif beynəlxalq festivallarda qarşılaşmışıq. Kadirlə şəkillərim qalır, amma Türkan Şorayla şəkillərimi jurnalistlərdən biri apardı, gətirmədi.

Maraqlı bir hadisə danışım sizə. Kino-festivalın sonuncu günü idi, böyük bir ziyafət verilirdi. Başım Kadirlə söhbətə qarışıb, nə vaxt zala girməyimizdən xəbərimiz olmayıb. Birdən ayıldıq ki, zalın ortasına çatmışıq. Hamı da sakit dayanıb, bizə baxır. Solda Türkan Şoray, sağda Fatma Girik əyləşmişdi. Kadir mənə baxdı: “Mən getdim, özün bilərsən harda oturarsan”, - deyib aradan çıxdı. Qaldım tək, nə edəcəyimi bilmədim. Sağa getsəm, soldakı dava salacaq, sola getsəm, sağdakı... O ziyafəti təşkil edən Rəşid Rəşidov ayağa qalxdı, dedi, dünən sənin filminə baxmışam, o qədər xoşuma gəlib ki, bu gün səni heç bir qadının yanında oturmağa qoymayacam. Onu Allah yetirdi, elə sevindim. O məni xilas etdi (gülür).

Moldovada keçirilən Azərbaycan Kino Günlərindən qalan yadigar fotodur: Leyla Bədirbəyli, Həmidə Ömərova, Möminat, Muxtar Dadaşov, Əbdül Mahmudov, Aydın Kazımzadə... Bu, Rac Kapurun oğlu Rişi Kapurla çəkilən şəkildir.

(Foto 19 və 20)

Möminatla Göygöldəyik. Ölümündən qabaq getmişdik. Yaxşı ki, getmişdik. Ömrünün axırına kimi at belində idi, tüfəng atırdı. Həcər idi də. Qoyurdu ki, oturam.

(Foto 21)

- Siz onu, yoxsa o sizi incidirdi?

- Yazıq, məndən o qədər çəkib ki...

Albomları bağlayıb, götürdüyümüz yerə qoyduq. Ənvər müəllim getməlidir, elə biz də... Ona yazılan məktubları xəbər aldım, çox danışmaq istəmədi, amma dilindən bir-iki kəlmə qopara bildim... Dediyinə görə, heç bir məktubu saxlamayıb.

- Yəqin Möminat xanımdan çəkinmisiniz.

- Çox qısqanc idi.

Üçümüz də qapıya sarı irəlilədik...

- Elə siz də qısqanc idiniz. Qısqanc və səbirsiz.

- Biz 31 il bir yerdə necə qərar tutmuşuq, onu bir Allah bilir. Möminat çox hissiyyatlı qadın idi. Sanki baş verən hadisələri öncədən duyurdu. Bir dəfə mənimlə çox ciddi söhbət etdi, dedi, Ənvər, sən içirsən, sonra maşın sürürsən, Allah eləməmiş başına bir iş gələr, mən neyləyərəm. Uşaqları böyüdə bilmərəm, axı. Görəcəksən, mən səndən qabaq öləcəm, sən məni dəfn edib, yasımı da verib, uşaqları böyüdəcəksən, hər şey yaxşı olacaq. Tək qala bilməzsən. İlimi verən kimi evlən, ailə qur. Dedim, nə danışırsan?.. Evlənmədim, evlənməyəcəm də.

Hər il yanvarın 13-ü köhnə ili yola salmaq üçün Nabrana gedirdik. 12-si yola düşəcəkdik. Bu dəfə getmək istəmirdi. Bir gün əvvəl özünə dublyonka almışdı, amma nəsə xoşuna gəlmirdi, gedib dəyişdirmək istəyirdi. Dedi, çox geciksəm, dəyişməzlər, sən get Nabrana. Razılaşdım, əlimi atıb tüfəngi götürdüm, Möminat bunu görcək sakit dura bilmədi, həm tüfəng atmaq həvəskarı idi, həm də mənə görə narahat oldu. Dedi, mən də gedirəm. Getdik, amma kaş getməsəydik, kaş bizimlə gəlməyəydi...

Maşında dörd nəfər idik: mən, Möminat, dostum və yoldaşı. Maşını mən sürürdüm, ağaca çırpıldıq. Çırpılan tərəfdə Möminat oturmuşdu. Hamı sağ qaldı, bircə Möminatdan başqa... Yerindəcə keçindi. Məni tək, yetim qoyub getdi.

Gözləri dolur...

- İnsan sağ olanda qədrini bilmirsən. O gedəndən sonra bunu yaxşı anlayırsan. Xanımınla danışmaq, bölüşmək lazımdı. Mən az danışırdım, xasiyyətim belə idi. Amma gərək çox danışardım... O indi cismən yoxdu, amma mən hər gün onunla danışıram...


Müəllif: